Azərbaycan Yazıçılar Birliyinin ədəbi-bədii orqanı – “Ulduz” jurnalının yanvar–fevral nömrəsi çap olunub.
Jurnalın baş redaktoru, şair Qulu Ağsəs bu barədə XQ-yə verdiyi məlumatda bildirib ki, dərginin 2025-ci ildə çap olunan ilk nömrəsi Pərvanə Bayramqızının “Özüylə söhbəti...” və essesiylə açılır. “Şeir vaxtı”nda Gülsada İbrahimli, Qəndab Əliyeva, Əkbər Qoşalı, Günel Ağazadə, Pərvin Əliyeva, Zöhrab Mehdi, Gəray Göyyurd duyğulu misralar çələngi ilə oxucuların görüşünə gəlib.
Qulu Ağsəsin dövlət xadimi, diplomat və şair-dramaturq Hidayət Orucovla “Ayrı söhbət”i “Ulduz” jurnalı ilə “Xalq qəzeti” TV-nin birgə layihəsində təqdim olunub. “Nəsr” bölümündə Anar Adilin “Kloun Muğuş”, Sevinc Elsevərin “Gizlənpaç”, Günel Mehrinin “Sarmaşıq” hekayəsi verilib. “Tribuna”da Həyat Şəminin “Tam anlamı ilə Anar”, Aslanlı Huntürkün “M.T.Sid-
qinin “Ədəbi-pedaqoji görüşlərində sağlam həyat tərzi problemləri”, Zəhra Namazlının “Tarixin kölgəsində bu gün” yazıları yer alıb.
Şəfa Vəli “Ulduz”da “Gənc ürəklər”dən yazıb. “Tərcümə saatı”nda Nazir Rüstəmin çevirməsində Robert Byornsun “İşdə məhəbbət macərası” filmində səslənmiş şeiri təqdim edilib.
“Esseistika” bölümündə “Vətənim sənsən”, “Füzuli və Hüqo”, “Ana” esseləri ilə Ayna Asimqızı çıxış edib. “Tənqid”də
İlahə Səfərzadə “Qəlblərə yol tapan poeziya: Dayandur Sevginin şeirləri əsasında” yazısı qoyulub.“Dərgidə kitab”da “XX əsr Danimarka şeiri” Səlim Babullaoğlu və türk şair-tərcüməçi Hüseyin Duyğunun təqdimatında Şimal ölkəsinin yazarları ilk dəfə geniş şəkildə oxuculara təqdim olunur.
Jurnalın “Dərgidə sərgi”sini Tünzalə Ağabalayevanın rəsmləri bəzəyir. Göründüyü kimi, “Ulduz”un növbəti sayı da oxuculara müxtəlif rubrikalarda verilən maraqlı yazılarla həm estetik zövq aşılayır, həm də ətraflı ədəbi-bədii bilgilər verir.
XQ