Daha bayram günlərində həvəslə “Arşın mal alan” filminə əvvəlki ovqatla baxa bilməyəcəyəm-dəqiq bilirəm. Filologiya elmləri doktoru, professor, xalq yazıçısı Kamal Abdullanın 12 şəkilli “Gülçöhrə və Əsgər” pyesini oxuyanların heç biri daha əvvəlki “Arşın mal alan” ovqatına köklənə bilməzlər. Dramaturq Kamal Abdullanın bu filmin davamı kimi yazdığı “Gülçöhrə və Əsgər” pyesi “Arşın mal alan”ı ağıya, ağuya döndərdi, komediyanı tragediyaya çevirdi. Mübaliğəsiz deyirəm- pyes məni gözlənilməz sonluğu ilə filmdən çox mütəəssir etdi!
Uşaq vaxtlarımdan baxdığım çox filmlərin davamının olmasını istəmişdim, əksəriyyətinin ardını özüm uydurmuşdum da. Baş qəhrəmanları sağ qalan əsərlərin, filmlərin davamını fikirləşmək o qədər də çətin olmurdu mənə. Əlavələrimdə bütün sonluqlar xoşbəxtliyə köklənirdi, qəhrəmanlarımın hamısı sonda bəxtəvər olurdu. Ürəyim gəlmirdi kiminsə kağız üzərində belə bədbəxt olmağına. Roman, film qəhrəmanlarının taleyi məni həyatdakılardan daha çox narahat edirdi. Kəndimiz dənizə yaxın olduğundan hamının gözündən oğurlanıb dənizə qaçardım. Amfibiya adamımı axtarardım saatlarla dənizin ləpələrində. İçimdə qəribə bir ümid vardı ki, bir gün İxtiandr sahilə çıxacaq və mən onu mütləq görəcəyəm. Kamal Abdullanın yeni pyesini –“Gülçöhrə və Əsgər”i oxuyanda başa düşdüm ki, uşaqlığım bitsə də, romantikası hələki bitməyib, içimdə yaşayır və əsəri birnəfəsə oxutduran da həmin həvəsdir.
Yazıçı Kamal Abdullanın əsərlərinin əksəriyyətini mütaliə etmiş, “Kitabi-Dədə-Qorqud” eposu əsasında yazdığı “Casus” pyesinə Lənkəran Dövlət Dram Teatrının səhnəsində baxmışam. Tamaşaçıların birmənalı qarşılamadığı pyesdə məni də narahat edən çox suallar vardı. Kamal Abdulla illər uzunu beynimizdə qurduğumuz Dədə Qorqud mifini niyə alt- üst edir, tabunu dağıtmaq istəyində marağı nədir? Bunlar ədəbi irsimizə, milli yaddaşımıza xəyanət deyilmi? Axı, Dədə Qorqud fetişləşdirdiyimiz, az qala ana- vətən timsalında qəbul etdiyimiz, əsrlər boyunca bizə o yozumda qəbul etdirilən obrazdır. Tamaşaya baxandan sonra başa düşdüm ki, əsrlər boyunca beynimizə yeridilən bu ideyanın nöqsanlı tərəfi Dədə Qorqudun və onun kimi çox qəhrəmanların insan olduqlarını unutmağımızdır. Heç bir insansa günahsız deyil, xristian inancına görə hamı dünyaya günahla gəlir-əcdadımız Adəm və Havvanın bizə yüklədiyi günah yükünü ana bətnindən miras alırıq. Yeri gəlmişkən, bildirim ki, “Casus” son illərin maraqlı səhnə əsərlərindən sayıla bilər-qeyri-ənənəvi, Kamalvari süjet xəttinə görə.
“Gülçöhrə və Əsgər”i oxuyarkən özümü komediyaya, onun şux, məzəli qəhrəmanlarının sonrakı şux ovqatına kökləmişdim, işdən sonrakı yorğunluğumu, günün stresini atacağımı zənn etmişdim. Amma əksinə oldu, oxuduğum zamanın faciəsi idi. Pyesi oxuyanda Sibirin sazağı keçdi canımdan, arşınmalçı, nikbin ruhlu Əsgərin Sibirdə şaxtalı kazarmada canını tapşırarkən didərgin ruhunun ah-naləsini aldım. Lənəti ərşə yüksəlirdi, Gülçöhrəsini haylayırdı, Allahı, Mələkləri köməyə çağırırdı. Səbri böyük olan Allah o anlarda nə edirdi, bilməm xaricindədir bu sualın cavabı... Qəribəsi bilirsiniz nədir? “Arşın mal alan”ın qəhrəmanlarının həmin zaman-məkan sərhədində məhz belə bir tale yaşaya biləcəkləri həqiqət idi. Yazıçının çox ustalıqla komediyanı faciəyə döndərə bildiyi həqiqət.
Əsərin 1-ci şəklində dramaturq tamaşaçını əsər boyu baş verəcək hadisələrdən agah etməyə kökləyir, ona zamanla bağlı ipucu verir: “Miladi tarixlə 1919-cu ildir. Bundan altı il əvvəl, nəhayət, iki sevgili xeyli macəradan sonra bir-birinə qovuşdu. Böyük düyün oldu, şadyanalıq hər tərəfi bürüdü. Əsgər ağanın arşın mal satan kimi toydan əvvəl, görüb bəyənəndən sonra özünə yar tapmaq və evlənmək üsulu bütün Bakıda dillərə düşdü. Arşın mal alan oyunu hər məhlədə dildən dilə gəzdi. Bu möhtəşəm toydan düz altı il keçdi...”
Əsərdə Kamal Abdulla Rusiyada baş verən 1917-ci ilin fevral burjua- demokratik inqilabını, Böyük Oktyabr Sosialist İnqilabını, onun gətirdiyi Qırmızı terroru, həmin illərdə Rusiyada və imperiyanın təsir dairəsindən hələ qopmamış ölkələrdə yaşanan xaosu, insanların ağır, faciəli yaşamını çox ustalıqla əks etdirir:
Məşədi Cabbar. Qırmızılar, ağlar... Kim kimi vurdu, kim kimi kəsdi, heç bir kəsi rahatsız etmir. Fəhlə işləmir, bazar çalışmır, dükanlar qapalı... Ölkə dağılıb durub. Bu yandan da şaxta, qış... Hamı ancaq səhər-axşam dəstə-dəstə toplaşıb ağızlarından bolluca buğ çıxa-çıxa nitq irad eləyir, söz eşidir. Şaxtanın, deyəsən, bunlara heç bir karı, heç bir əsəri yoxdur. Yollarda talançılıq və qarışıqlıq....
Yazıçı Kamal Abdula həmin zaman kəsiyində yaşanan və yaşanacaq vəhşəti Məşədi Cabbabrın dili ilə bu günün tamaşaçısına belə ötürür:
Məşədi Cabbar. Biləsən, Ağa Əsgər. Bunu sənə mən deyirəm. Mən Məşədi Cabbar. Bu bolşeviklər ki, var, əvvəl-axır buraları geri alacaqlar, onlar heç nəyə baxan deyillər. Onlar o zaman ki, ağların işini bitirdilər, buralar batdı. Rusetdə bunu hamı danışır. Əvvəlcə, deyirlər, içimizdəki satqınları qovaq, ağları məhv eləyək, sonra da padşahın torpaqlarını geri alaq. Vallah, mən ki, bunları belə gördüm, gələcəklər buralara qədər. Tutacaqlar günahsız adamları, basacaqlar birbaşa Sibiryaya. Atanı, ananı baladan, sevgilini sevgilidən, qardaşı qardaşdan ayıracaqlar. Nakamlar nəsli yaranacaq. Qan ərşə çıxacaq. Dünənki dostlar bir-birinə düşmən kəsiləcəklər. Hökumətinizi məhv edəcəklər. Qırğınların sayı-hesabı olmayacaq. Nə bəlalar, nə dəhşətlər... Mən onları gördüm. Ağızlarından qan iyi gəlir, qan iyi. Vəba, taun gəlir biz tərəfə, Əsgər ağa...
Pyesdə dramaturq tərəfindən “Adından kiçik Gülü qah-qah xanım” nağılının xatırlanması da təsadüfi deyil. Yazıçı sanki bu nağıllla inqilabın ideyaçısı, qırmızı terrorun baiskarı V. İ. Leninə işarət edir, böyca kiçik adamın dünyanı alt-üst etdiyini, qan içində boxmaq istəyini qorxulu nağııllara bənzədir:
Süleyman: Qırmızıların quzğun kimi başbilənləri var. Adı Lenindir. Hər an qırğını biz tərəfə yönəldə bilər. Əsas qayələri isə həm ağların, həm qırmızıların birdir – padşahın torpaqlarını qaytarmaq.
Pyesdə Əsgərlə Süleymanın dialoqu hadisələrin baş verdiyi zamanın siyası xəritəsini dolğunluğu ilə canlandırır:
Əsgər. Süleyman, səni də yoruram. Bəs siz Parlaman olaraq nə edəcəksiniz qırmızılar gəlsə? Sən ki, Parlamanda advokatsan. Bilməmiş deyilsən. Onların qabağına, yəni, çıxa bilməyəcəksiniz?
Süleyman. O gün Üzeyir bəylə də bu barədə danışırdıq. O da mənimlə razılaşdı. Yaxşı bir söz dedi. Dedi ki, coşqun və dəli bir dağ selinin qarşısında çayın ortasında kiçik bir daşın üstündə qalmış quzu neyləyə bilər? (Ciddi və pərişan halda). Biz də onu edəcəyik.
Əsgər. Anladım. Yəni, Üzeyir bəy də belə deyirsə, deməli, heç ümid yoxdur?
Süleyman (ciddi). Bunu sənə deyirəm. Başqa bir adama demənəm. Bəradər, ağlarla qırmızıların arasındayıq. Hansı biri qayıtsa, heç ümid yoxdur.
Kamal Abdulla göstərir ki,1937-ci illərdə kütləvi hal alacaq depressiyanın ab-havası hələ 1920-ci illərdə duyulurdu və Əsgər də ilk qurbanlardan biridir. Amma nə 1-cidir, nə də sonuncu. Yazıçı özünü inqilab əsgəri adlandıranlarla Əsgərin dialoqunda açıq- aydın işarə edir ki, bu xəmir hələ çox su aparacaq, çox canlar alacaq, çöx Gülçöhrələrin gözləri yollardan yığılmayacaq, çox günahsızlar Sibir şaxtalarında qərib-qərib can verəcək...
Zabit. Əsgər İsmixanov sizsiniz?
Əsgər. Bəli, mənəm. Xeyirdi?
Zabit (Əsgəri zənlə süzür, sonra əli ilə onu kənara itələyib içəri girir). Xeyirdi, xeyirdi (ora-bura boylanır). Xeyir olmamış, nə olacaq ki?! İllərdi yetimin, məzlumun pulunu, varını-yoxunu yeyə-yeyə (gözü ilə ətrafı seyr edir) bu cür cah-calal qurmusan. Xeyir olmamış nə olacaqdı ki... Sən bir buna bax. Utanmaz-utanmaz xeyirdi – soruşur... Bizimlə gedəcəksən, ağa Əsgər!
Əsgər. Siz deyən günahların mən axı sahibi deyiləm. Burda bir səhv ola bilər ki, var.
Zabit. Səhv deyirsən... Bəlkə də. Ola bilər. Orada, Fövqəladə İdarədə baxarıq. (lağla) Səhv olar, yenə qayıdıb bu cah-calalın içində yaşamağına davam edərsən. Ailən hardadı, arşın malçı? (gülür, əsgərlərə). Elə bilir, biz bilmirik bu, vaxtilə nə hoqqalardan çıxıb...
Əsgər. Ailəm yoxdur, təkəm.
Zabit. Təksən? Nolar, hələlik səni aparaq, sonra onlara da növbə çatar.
Pyesdəki bu səhnə sizə tanış gəldimi? Məhkəmə səhnəsi Müşfiqlərin, Cavidlərin taleyinə işarət deyilmi?
Məhkəmə sədri. Tüfeyli həyat sürdüyünə görə, zəhmətkeşlərin qanını içdiyinə görə malına, mülkünə “arest” qoyulsun. Yaz (məhkəmə üzvünə əmr edir).
1-ci Məhkəmə üzvü. Özü də hökmən Sibirə sürgün edilsin. Sovet hökumətinin əleyhdarı kimi.
2-ci Məhkəmə üzvü. Bəlkə...
Məhkəmə sədri (Əsgəri diqqətlə süzərək). Yox. Kifayətdi. Sibirə sürgün, məncə... kifayətdi. Orda bunu islah edərlər. Yaz.
Əsgər. Möhtərəm hakimlər... Mən ki bir günahın sahibi... Allaha and olsun ki, deyiləm... Nəyə görə, niyə? Malda, mülkdə gözüm yoxdu. Hamısı – sizin. Mənim özümü,... yalvarıram sizə... buraxın gedim. Bir də heç zaman... zəhmətkeşlərin qanını içmənəm. Tüfeyli olmanam. Noolar, buraxın məni, Allah naminə buraxın, azad edin məni...
Məhkəmə sədri (rişxəndlə). Qoy elə o Allahın da səni azad etsin. Qərar qətidir. Aparın!
Əsgər (yenə öz-özünə). Üzeyir bəy, sağ olsun, sözünə vəfalı çıxdı. Xəbər göndərmişdi ki, bizim əhvalatımızı yazmaq istəyir... Yazdı da. İndi də bu kino... Amma... Əhvəlat bitmədi ki. Əhvəlat yarımçıq qaldı. Əhvəlat davam edir. Əvvəlini isə... xatırlamaq olmaz. Unutmamaq – bu, bəli. Xatırlamaq isə olmaz!
…Deyirlər yazıçılar tarixi tarixçilərdən daha yaxşı əks etdirir. Bədii əsərlərdə nə qədər bədiilik, obrazlılıq olsa da, yazıçı həyat həqiqətindən qaça bilmir, gördüklərini, yaşadıqlarıni çox zaman özündən ixtiyarsız əsərlərinə köçürür. “Gülçöhrə və Əsgər”də də belədir. Arşınmalçı, tacir Əsgər zaman keçdikcə dəyişilib, millətin öndə gedən ziyalısına çevrilib, böyük arzuları, xeyriyyəçilk ideyaları var, millətinə faydalı olmaq ən ali məqsədidir. Bu yolda həyat yoldaşı Gülçöhrə, dostu Süleyman da yanındadır. Əsgər sanki N.B.Vəzirovun Fəxrəddininin, N. Nərimanovun Bahadırının davamçısıdır. Amma nə ağır ki, xələfləri kimi onun da taleyi faciə ilə bitir.
Pyesin ən diqqətçəkən məqamlarından biri “Arşın mal alan” filminin Sibirdəki dustaq koloniyalarında nümayişinin təsvir olunduğu səhnədir. Zamanın təzadlarını əks etdirmək üçün bu yazıçı tərəfindən düşünülmüş əla priyomdur: “Ağ pərdədəki filmin son sevinc dolu kadrlarından sonra işıq yanır. Lent qırırlır və son sevincli kadrlar elə işığın içində “ekran”daca parça-parça dağılır. Hamı dustaqlar gülüşə-gülüşə, “Arşın mal alan!..” oxuya-oxuya tövləyəbənzər bu məkanı tərk edir. Gombul nəzarətçi son dəfə boş cərgələrə baxır. Görür ki, son cərgədə bir dustaq büzüşüb tərpənməz halda yerindəcə qalıb. Bu, Əsgərdir. İşıq onun üzünü göstərir. Əsgər in dodaqlarının ucuna acı təbəssüm, gözündən isə iki damla yaş axıb gəlib üzündə donub qalıb. O, ruhunu tapşırıb”. Əsgərin faciəli ölümü Cavid Əfəndinin ağrılı taleyini də xatırladır.
Pyesdə Azərbaycanın bütövlüyü məsələsinə də işarət var. Şimaldan gələn təhlükəni hiss edənlər Cənubi Azərbaycana pənah aparır, oranı özlərinə vətən seçirlər. Yarımçıq düşən ailələr yarımçıq vətəni əks etdirir. Ailənin bir hissəsi şimalda,bir hissəsi cənubda yaşamaq məcburiyyətində qalır. Bu ağrılı taleyi Azərbaycanımız hələ də yaşayır:
Əsgər. Sən bircə sözünü tut, gəl, Təbrizə də gedib gəzəcəyik, Ərdəbilə də, hələ Arazın o tayından bu tayına baxanda ürəklərimiz də güp-güp vuracaq. Ah vətən, ah gözəlim vətən... (kövrəlir).
Yazıçı-dramaturq Kamal Abdulla bu yeni pyesi ilə də oxucusunu, tamaşaçısını təəccübləndirməyi bacardı. Amma Əsgərin faciəli ölümü zülüm oldu, təkcə Gülçöhrəsinə yox, bütün sevənlərinə, tamaşaçılarına...
Niyə belə etdin, Kamal Abdulla?
Esmira İsmayılova
Filologiya üzrə fəlsəfə doktoru.