Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində “Özbəkistan–Azərbaycan” Dostluq Cəmiyyətinin icraçı direktoru, Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetinin professoru Erkin Nuriddinovla görüş keçirilib.
Qonaq mərkəzin fəaliyyəti ilə tanış olub və yeni rəhbərliyə uğurlar arzulayıb. Görüşdə Erkin Nuriddinov və mərkəzin direktoru Akif Marifli Azərbaycanla Özbəkistan arasında mədəniyyət, elm və təhsil sahəsində əlaqələrin daha da genişləndirilməsi, birgə əməkdaşlığa dair məsələlərdən danışıblar. Həmçinin Azərbaycan dilinin və ədəbiyyatının Özbəkistan universitetlərində geniş təbliği istiqamətində səylərin daha artırılmasının vacibliyi, universitetlərimiz arasında əlaqələrin genişlədirilməsi perspektivləri müzakirə edilib. Sonda “Özbəkistan–Azərbaycan” Dostluq Cəmiyyəti və Azərbaycan Mədəniyyət Mərkəzi arasında bu il üçün birgə əməkdaşlığa dair razılıq əldə olunub.
Qulu Kəngərli,
XQ-nin Türküstan üzrə xüsusi müxbiri
Daşkənd