Azərbaycan APA-nın  komitə iclasında

post-img

Milli Məclisin Asiya Parlament Assambleyasındakı (APA) nümayəndə heyətinin rəhbəri Rizvan Nəbiyev yanvarın 11–13-ü Bağdadda təşkilatın Siyasi məsələlər üzrə daimi komitəsinin iclasında iştirak edib. 

Azərbaycanın İraqdakı səfirliyindən bildiriblər ki, komitə iclasında İraqın Nümayəndələr Şurasının Xarici əlaqələr komitəsinin sədr müavini, Asiya Parlament Assambleyasının Siyasi məsələlər üzrə daimi komitəsinin sədri Cabbar Əl-Kənani, Milli Məclisin Asiya Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Rizvan Nəbiyev və APA-nın baş katibi Mohammad Reza Majidi çıxış ediblər.  

Rizvan Nəbiyev çıxışında hazırda Asiya regionunun üzləşdiyi çağırışlardan və APA-nın bu çağırışların həllindəki rolundan bəhs edib. O, Azərbaycanın D-8 təşkilatına üzv qəbul edilməsini dövlətimizin Asiya dövlətləri və İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərlə əməkdaşlığa verdiyi dəyər kimi səciyyələndirib.

1980-ci illərin sonlarında Ermənistan tərəfindən zorla qovulmuş Qərbi azərbaycanlıların öz doğma torpaqlarına geri dönüş hüququ barədə danışan deputat bu qayıdışın yalnız humanitar hüquqların bərpası deyil, həm də regionda sülhün və qarşılıqlı etimadın möhkəmlənməsi üçün vacib bir addım olacağını diqqətə çatdırıb.

R.Nəbiyev, həmçinin Azərbaycan torpaqlarının  Ermənistan tərəfindən işğalına son qoyulduqdan sonra regionda yeni siyasi vəziyyətin yarandığını, de-fakto sülh və sabitliyin bərqərar olunduğunu vurğulayıb, Prezident İlham Əliyevin təşəbbüsü ilə Ermənistana təklif edilmiş sülh müqaviləsinin iki maddəsi istisna olmaqla ümumən razılaşdırıldığını, şərti dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə yaradılmış dövlət komissiyasının fəaliyyət göstərdiyini qeyd edib.

İclasda yaxşı idarəçilik və qanunun aliliyində, dostluq və əməkdaşlıq vasitəsilə Asiyada tərəqqinin təmin edilməsində, demokratiya yolu ilə harmonik inkişafda və digər məsələlərdə parlamentin roluna həsr olunmuş 8 qətnamə layihəsi müzakirə olunaraq qəbul edilib.

Daimi komitənin iclası ilə yanaşı, APA Büro iclası və APA işçı qrupunun da iclasları keçirilib, təşkilatın Nizamnaməsinə dəyişiklik və 2025-ci il APA-nın fəaliyyət təqvimi barədə qərarlar verilib.

İştirakçı ölkələrin nümayəndə heyətlərinin rəhbərləri səfər çərçivəsində, həmçinin İraqın Nümayəndələr Şurasının sədri Mahmud Əl-Məşhədani tərəfindən qəbul edilib. 

Xatırladaq ki, 43 üzv dövlətin təmsil olunduğu Asiya Parlament Assambleyasına hazırda Azərbaycanın Milli Məclisi sədrlik edir.

XQ

 

Siyasət