İncə ruhlu şair, sərt redaktor, sərrast tərcüməçi

post-img

İlyas Tapdıq – 90

Türk dünyası ədəbiyyatında bənzərsiz uşaq şeirləri ilə tanınmış İlyas Tapdığın qəlbi də elə uşaq kimi təmiz, kövrək idi. Sadə dillə yazdığı, bir oxunuşla yadda qalan əsərləri hər zaman məktəb dərsliklərinin bəzəyi olub.

Görkəmli rus yazıçısı Mariya Prilejayeva Moskvanın “Detskaya literatura” jurnalında çap olunan “Salam, İlyas Tapdıq” adlı məqaləsində yazıb ki, Azərbaycan uşaqları ona görə xoşbəxtdir ki, İlyas Tapdıq kimi gözəl şairləri var. Bununla bərabər, onun poeziyasının əhatə dairəsi çox geniş idi. Əsl sənət fədaisi kimi, sözün keşiyində dayanmışdı, redaktələri, tərcümələri ilə seçilirdi.

İlyas Oruc oğlu Tapdıqov 1934-cü il noyabrın 30-da Gədəbəy rayonunda doğulub. Uşaqlığı İkinci Dünya müharibəsi illərinə düşüb. Kolxozda işləyən atası cəbhəyə gedib və qayıtmayıb. Ailənin yükü anasının çiyinlərinə düşüb.

Xatirələrindən: “Anam bir dəfə düyünçəsindən atamın son məktubunu çıxarıb mənə oxutdurmuşdu. O məktubu oxuyanda anam haradan bilərdi ki, mən nələr yaşadım, nə hisslər keçirdim. O məktuba şeir yazmışdım”. Beləcə, doyunca üzünü görmədiyi atasına yazdığı ilk şeirlə onun şairliyi başlayıb. Orta məktəbi bitirdikdən sonra pedaqoji institutun (indiki ADPU) filologiya fakültəsində təhsil alıb və ədəbiyyatla daha ciddi məşğul olub.

İlk kitabının çıxmasına isə Xalq yazıçısı Süleyman Rəhimov köməklik edib. Bir dəfə gənc şairi yanına çağırtdıraraq şeirlərini bəyəndiyini deyib. Sonra “Azərnəşr”in direktoru Adil Əfəndiyevə tapşırıb ki, İlyas Tapdığın kitabını çap etdirsin.

İlyas Tapdıq gənclik illərində bir qızı möhkəm sevib. Ona şeir həsr edib. Misralarının baş hərfləri sevdiyi qızın adını daşıdığı üçün onu Yazıçılar İttifaqının üzvlüyündən çıxarmaq istəyiblər. İclas zamanı Xalq şairi Rəsul Rza içəri girib. Məsələnin nə yerdə olduğunu anlayanda İlyas Tapdığın cəzalandırılmasına mane olub: “Bu oğlan yenə baş hərflərlə yazır, çoxu elə şeirin əvvəlində yazır ki, filankəsə. Deməli, İlyas abırlı adamdır”, – deyib.

İnstitutun 4-cü kursda oxuyarkən ilk şeirlər kitabı çapdan çıxan gənc şair haqqında Səməd Vurğun, Osman Sarıvəlli, Nəbi Xəzri, Hüseyn Arif və digər tanınmış söz adamları dəfələrlə xoş sözlər, maraqlı fikirlər söyləyiblər. Get-gedə kitablarının sayı 50-yə çatıb, 1000-dən artıq kitaba isə redaktorluq edib. “Azərnəşr”də, “Gənclik” nəşriyyatında, teleradioda məsul vəzifələrdə çalışmış İlyas Tapdıq hər zaman sözə böyük önəm verib, şairanə tərzdə “Dünyadakı hər şey sözdür”, – deyib. Uşaq ədəbiyyatı və incəsənəti nümayəndələri tərkibində Çexoslovakiyada, eləcə də indi özünü Türk dünyasının tərkib hissəsi sayan və bu ortama sürətli inteqrasiya edən Macarıstanda olub. Türkmənistanın Xalq şairi Kayum Tanrıkuliyevin “Kəpənək” və “Tovuz quşu” adlı kitablarını dilimizə ustalıqla uyğunlaşdırıb.

İlyas Tapdıq 1992–1995-ci illərdə qardaş Türkiyədə yaşayıb. Oranın ədəbi, ictimai həyatında fəal iştirak edib. Bu illər ərzində şair uzun müddət bir-birindən ayrı salınmış Azərbaycan və Türkiyə ədəbi əlaqələrinin bərpası və inkişafı üçün misilsiz xidmət göstərib. Ankarada Türk Standartları İnstitutunda, Xarici İşlər Nazirliyi və İnkişaf Ajanslığında müəllim, “Azərbaycan” qəzetinin Türkiyə üzrə xüsusi müxbiri, “Türk əsrində Azərbaycan” jurnalı redaksiya heyətinin üzvü və Azərbaycan təmsilçisi olub. İzmirdə I Uluslararası Türk dünyası Turizm və Mədəniyyət simpoziumunda iştirak edib.

...İndi şairlərin cəmi 500–1000 tirajla buraxılan kitabları güclə satılır, çünki cəmiyyət müəyyən qədər siyasiləşib, internet şövqü poeziyaya münasibəti nisbətən soyudub. Amma İlyas Tapdığın dövründə ədəbiyyata maraq çox güclü idi. Onun özünün əsərləri rekord tirajla buraxılırdı. Məsələn, Estoniyada, Çexoslovakiyada 100 min, Rusiyada isə 1 milyon yarım tirajla kitabları çap olunub. “Bulaq başında”, “Gözlər”, “Bir eşqin şimşəyi”, “Arxalı dağlar”, “Əksim və qəlbim”, “Meşənin mahnısı”, “Qızlar, qağayılar”, “Özümlə görüş”, “Məhəbbət yolları” və digər kitabları bu gün də sevilərək oxunur. Daim söz ovunda olan şair insanların bəsirət gözünə güvənmək istəyib:

Gözlər axtarıram mən -
Namərdliyi, həsrəti,
Əsarəti yandıran
Alovu-közü olsun.

Ürəklərə işləsin -
Diləkləri görsün o!
Gözlərin
Gözü olsun!..

Onu da deyək ki, İlyas Tapdıq bir təsadüf nəticəsində kinoya da çəkilib. Söhbət Əmir Pəhləvanın “Əhlikeyf” povestinin motivləri əsasında Vaqif Mustafayevin ekran həyatı verdiyi “Fransız” bədii filmindən gedir. Bu kinolent Avropadan qayıdandan sonra öz milli adət-ənənələrimizə xor baxan həmvətənlərimiz Əlibala haqqındadır. O, azərbaycanlı olduğunu danır, fransızca danışmağa başlayır. Əlibalanı yola gətirməkdən ötrü hər vasitəyə əl atılır. Gah deputat gəlir, gah meyxanaçı, gah ifaçı. Filmdə aktyor qismində iştirak edən məşhurlardan biri də şair İlyas Tapdıqdır. Şair filmdə elə şair rolunu canlandırır. O da dilini, özünü unudan, hamıdan qaçıb çardaqda gizlənən Əlibalaya öyüd-nəsihət verir. Şeir deyəndən sonra isə saz çalmağa başlayır.

Bu epizod barədə şairin özü danışırdı: “Mənim filmlərdə fəaliyyətim az olmayıb. Bir çox sənədli filmlərin çəkilişində iştirak etmişəm. Ssenari müəllifi də olmuşam. Demək istəyirəm ki, kino mənə uzaq bir sahə deyil. “Fransız” filmində isə aktyor kimi çıxış etdim. Çox adam elə bilir ki, bu filmdə saz çalmağım üzə çıxıb. Amma mən uşaqlıqdan saz çalmışam. Məni filmə dəvət edəndə heç bilmirdilər ki, saz çalmaq qabiliyyətim də var. Mən orada bir aktyor kimi sazı sadəcə əlimdə saxlamalı idim. Bilmədən başladım çalmağa. Gözəl bəstəkarımız Xəyyam Mirzəzadə də orada idi. Dedi ki, “Sənin nə gözəl saz çalmağın var! Hansı havadı bu?” Dedim, “Qaraçı” havasıdı. Dedi ki, “elə filmdə də çalıb-oxuya bilərsən?” Dedim, “hə, niyə çalmıram ki”. Uşaq vaxtı bəzi havaları aşıqlardan eşitmişdim, onlardan öyrənmişdim. Elə yadımda qalanı da oxudum”...

İlyas Tapdığın ta qədimlərdən türklərin əziz-xələf musiqi aləti olan saza həsr etdiyi şeiri də var:

O sazdadır ürəyim,
Bağrına bas o sazı.
Götür sinən üstünə!
Bala-bala sən məni
Qarışdır öz tüstünə.

Yeri gəlmişkən, şairin qızı Şəbnəm Tapdıq Azərbaycanın tanınmış müğənnisi, Əməkdar artistdir. Atasının sayəsində sənətdə tanındığını söyləyir:

– 1980-ci illərdə “Çilə bülbülüm” adlı məşhur türk mahnısını ilk dəfə oxuyanda Xalq şairi Bəxtiyar Vahabzadə atama zəng etmişdi ki, qızının ifasından gözümün yaşını saxlaya bilmədim. Mən o vaxt bunu yazdırdım. Amma “yuxarıdan” zəng gəldi ki, türk mahnısı olmaz. Atam da dilxor oldu. Ora-bura zəng etdi və icazə aldı. Mahnı səslənəndən sonra bir gün içində məni elə bir zirvəyə qaldırdı ki... İfa zamanı valideynlərim yadıma düşür.

İlyas Tapdığın ömür-gün dostu Münəvvər xanım həyatı boyu şairin qulluğunda sevə-sevə durub və bununla da bir növ ədəbiyyatımıza xidmət edib. İşə baxın ki, o, 2012-ci ildə AYB-nin Natəvan klubunda keçirilən görüş zamanı elə oradaca – İlyas Tapdığın qolları arasında dünyasını dəyişib. Şair isə ondan sonra 4 il yaşayıb, 2016-cı ilin dekabrında 82 yaşında həyata əlvida deyib.

Əli NƏCƏFXANLI
XQ

Mədəniyyət