“Borcalı” İctimai Birliyinin təkilatçılığı ilə Atatürk Mərkəzində şair, yazıçı Fərman Saraçlının (Bədəlov) “Son görüş” adlı povest, hekayə və şeirlərdən ibarət ilk kitabının təqdimatı keçirilib. Məlumatı “Borçalı” İB-nin mətbuat xidməti yayıb.
İctimai Birliyin İdarə Heyətinin sədri, şair-publisist Dəyanət Osmanlı yazarın yaradıcılığında vətənpərvərlik duyğularının, doğma yurd, insan sevgisi, mənəvi dəyərlər motivli yazıların əsas xətt təşkil etdiyini bildirib. Qeyd olunub ki, yazar bu kitabda yer alan povest, hekayə və şeirlərində həyat həqiqətlərini, təbiət mənzərələrini, əsil vətəndaş obrazını maraqlı bədii lövhələrlə oxucuya təqdim edir.
Tədbirdə iştirak edən ziyalılar, yazarlar - Əməkdar jurnalist, şair Rəşid Faxralı, Paşa Babakərli, Lətifə Əsədova, Yaşar Kamaloğlu, Rövşən Xallədinoğlu, Hüseyn Faxralı, Lətifə Əsədova, Guya Paçxataşvili, ehtiyatda olan mayor Əli Məmmədov, müəllifin gənclik dostu Nofəl Əfləoğlu, ailə üzvərindən Şakir Bədəlov, Vüsalə Hüseynova, Fəqan Bədəlbəyli Fərman Saraçlının şeir və nəsr əsərlərindən, fəal vətəndaş mövqeyindən, fərdi keyfiyyətlərindən danışıb, ona yaradıcılıq uğurları arzulayıblar. İstedadlı gənc aşıq Samir Borçalı sazda müəllifin şeirlərindən nümunələr səsləndirib.
Fərman Saraçlı göstərilən diqqətə görə tədbirin təşkilatçılarına və iştirakçılara təşəkkürünü bildirib.
P.ƏMİRCANOV
XQ

