Stolüstü tennis həvəskarlarını qarşıda növbəti maraqlı yarış gözləyir.
XQ xəbər verir ki, Beynəlxalq Stolüstü Tennis Federasiyasının yaradılmasının 100 illiyinə və Bakının 2026-cı il “Dünya İdman Paytaxtı” seçilməsinə həsr olunan “Baku Open” turniri təşkil olunacaq.
Yarış Azərbaycan Stolüstü Tennis Federasiyası tərəfindən Şüa İdman Kompleksində keçiriləcək. Turnirdə əsasən həvəskar və veteran stolüstü tennisçilər bacarıqlarını nümayiş etdirəcəklər. Peşəkar idmançılar isə yalnız qoşa yarışlarda – bir peşəkar və bir həvəskar olmaqla – mübarizə aparacaqlar.
4-5 aprel və 11-12 aprel tarixlərində baş tutacaq yarışın mükafat fondu 3000 manat təşkil edir. Turnirdə iştirak etmək istəyənlər Azərbaycan Stolüstü Tennis Federasiyasına müraciət edə bilərlər.

