Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) “Azərbaycan dilinin tədrisi və təbliği” layihəsi əsasında Daşkənd Dövlət Şərqşünaslıq Universitetində (DDŞU) Azərbaycan dilini tədris edən filologiya üzrə fəlsəfə doktoru Mətanət Xudiyeva və həmin universitetin III kurs tələbəsi Feruza Sultanova Özbəkistanın Milli televiziya kanalının “Shirchoy” verilişinin qonağı olublar. Proqramda Azərbaycan və Özbəkistanın dostluq əlaqələri, Azərbaycanın milli adət-ənənələri, mədəniyyəti, mətbəxi və eləcə də DDŞU-də Azərbaycan dilinin tədrisindən danışılıb.
M. Xudiyeva 44 günlük Vətən Müharibəsi dövründə qardaş Özbəkistanın dövlətimizin və xalqımızın daim yanında olduğunu xüsusi vurğulayıb.
Verilişdə həmçinin Mədəniyyət Mərkəzinin və Azərbaycan Respublikası Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin birgə layihəsi əsasında “Azərbaycan poeziyasından incilər” müsabiqəsinin keçirilməsi və qaliblərin Bakıya səfəri barədə söhbət açılıb. Müsabiqənin qaliblərindən olmuş Daşkənd Dövlət Şərqşünaslıq Universitetinin III kurs tələbəsi Feruza Sultanova Bakıya səfəri zamanı yaddaqalan xoş təəssüratlarından, Azərbaycan xalqının qonaqpərvərliyindən, Azərbaycanın dadlı yeməklərindən danışıb və bu səfərdən çox məmnun qaldığını bildirib.
Verilişdə Azərbaycan və özbək musiqiləri səslənib, AMM-nin “Azərbaycan” rəqs qrupunun ifasında rəqslər ifa olunub, eləcə də azərbaycanlı aşpaz tərəfindən Azərbaycan mətbəxinin dadlı yeməkləri hazırlanıb.
Qulu Kəngərli
XQ-nin Türküstan üzrə xüsusi müxbiri
Daşkənd