DTA tərəfindən yaradıcı sənaye nümayəndələri üçün təlimlər başlayıb

post-img

Noyabrın 4-də Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə mədəniyyət və yaradıcı sənaye nümayəndələri üçün Gəncə şəhərində təşkil edilən təlimlər başlayıb. 

İki gün davam edəcək təlimin əsas hədəfi sənətkarlıq məhsullarının satışının genişləndirilməsi və qeyri-turizm mövsümlərində onların dəstəklənməsi yolu ilə dayanıqlı fəaliyyətin inkişafına şərait yaratmaqdır. 

Yaradıcı sənaye üzvlərinə ümumi təlimlərin keçirilməsində məqsəd turizm ilə bağlı maarifləndirmə işlərinin aparılması, rəqəmsallaşma və ümumi biznes biliklərinin artırılması, rayon və kənd yerlərində yaradıcı sənayenin inkişafına dəstəyin göstərilməsi və sənaye kimi formalaşmasının və bazar iştirakçılarının fəaliyyətinin təşviq edilməsidir.

Şəki, Quba, Şamaxı, Qəbələ, Lənkəran, Göygöl, Ağdaş, Şəmkir rayonlarından, habelə Bakı və Gəncə şəhərlərindən olan ümumilikdə 45 sənətkar üçün təşkil edilən təlimlər turizm anlayışları, brendinq, marketinq və satış imkanlarının genişləndirilməsi mövzularını əhatə edir. 

Təlim proqramı sənətkarların öz məhsullarının brendləşdirilməsi, məhsulların rəqəmsal kanallar vasitəsilə təbliği və satışının təşkili, turistlərlə kommunikasiyanın yaxşılaşdırılması və turistik məhsulların təkmilləşdirilməsi, habelə maliyyə idarəetməsi və turistlər üçün nağdsız ödəniş imkanlarının genişləndirilməsi məsələlərini ehtiva edir.

Qeyd edək ki, Dövlət Turizm Agentliyi tərəfindən sənətkarlıq subyektlərinin dəstəklənməsi məqsədilə bir çox layihələr, o cümlədən xarici dizaynerlərin dəvəti ilə sənətkarlıq məhsullarının təkmilləşdirilməsi və müasir bazar tələbinə uyğunlaşdırılması istiqamətində dizayn inkişaf kitabının dərc edilməsi, Şəki şəhəri üzrə sənətkarlıq xəritəsinin çap edilməsi və sənaye subyektləri ilə bölüşülməsi, habelə yerli səviyyədə festival və sərgilərin keçirilməsi kimi tədbirlər həyata keçirilib.





Son xəbərlər