Heydər Əliyev Mərkəzində italiyalı heykəltaraşın sərgisi

post-img

Noyabrın 1-də Heydər Əliyev Mərkəzində tanınmış italiyalı monumental heykəltaraş Lorenso Kuinnin (Lorenzo Quinn) “Təbiətdə tarazlıq” sərgisinin açılış mərasimi keçirilib.

Sərginin Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ərəfəsində təşkil olunması təsadüfi deyil. Belə ki, “Təbiətdə tarazlıq” (“Equilibrium in Nature”) ekspozisiyası ictimaiyyətin diqqətini bir daha ekoloji məsələlərə yönəldir.

Bakı sərgisinin konsepsiyasının əsasını ətraf mühitin dərk olunması, təbiətə qayğı ideyası təşkil edir.

Sərginin açılışında Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov, mədəniyyət naziri Adil Kərimli, rəsmi qonaqlar, diplomatlar, tanınmış incəsənət xadimləri və digər şəxslər iştirak ediblər.

Azərbaycan Prezidentinin köməkçisi Anar Ələkbərov qısa müddət ərzində öz sərgisinin Azərbaycanda keçirilməsi üçün göstərdiyi dəstəyə görə Lorenso Kuinnə təşəkkürünü bildirib. O, Heydər Əliyev Mərkəzində cari il ərzində bir neçə italyan heykəltaraş və rəssamın təqdimatlarının keçirildiyini bildirib, hazırkı sərgidə çox gözəl heykəltaraşlıq nümunələrinin nümayiş olunduğunu deyib.

Anar Ələkbərov L.Kuinnin əsərlərinin COP29 tədbiri çərçivəsində Azərbaycana gətirildiyini, yaxın günlərdə ölkəmizdə keçiriləcək COP29 konfransına gələn qonaqların da bu incəsənət nümunələrini bəyənəcəyinə ümidvar olduğunu bildirib. O, Mərkəzdə Lorenso Kuinnin 15 əsərinin nümayiş olunduğunu deyib, sərginin gələn il mayın 11-dək davam edəcəyini vurğulayıb.

“365 Art” şirkətinin təsisçisi, sərginin kuratoru Olqa Daniele tədbirin yüksək səviyyədə təşkilinə görə Heydər Əliyev Mərkəzinə minnətdarlığını bildirib.

Lorenso Kuinn Bakının çox gözəl şəhər olduğunu deyib, paytaxtımızda keçiriləcək COP29-a çox az vaxt qaldığını bildirib: “Biz Yer kürəsini sevməliyik. Necə ki, ana övladına o cür yanaşır, biz də elə yanaşmalıyıq”, - deyə Lorenso Kuinn diqqətə çatdırıb.

Daha sonra qonaqlar heykəltaraşlıq nümunələrinə baxış keçiriblər.

İlk olaraq “Sevgi birliyi” əsərinə baxış olub. Həmin kompozisiya dünyaya qarşılıqlı sevgi və dəstək çağırışıdır. Eksponatlar arasındakı “Tanrının əli” (“Hand of God”) heykəltaraşlıq nümunəsi müəllifin şedevrlərindən hesab olunur. Lorensonun Bakıya gətirilən digər işi isə “Birlikdə” (“Together”) adlanır. Məhz bu kompozisiyanın Gizada nümayişi ilə ilk dəfə müasir incəsənətin piramidaya yaxın olmasına icazə verilmişdi

Müəllifin Bakıda sərgilənən digər əsəri isə “Təbiətin gücü”dür (“Force of Nature”). Əsər kövrək, lakin çox güclü qadın obrazını təcəssüm etdirir. Burada ana təbiətin özü canlandırılır.

Xatırladaq ki, Lorenso Kuinnin əsərləri 2025-ci il mayın 11-dək Heydər Əliyev Mərkəzinin parkında və foyesində təqdim ediləcək.

XQ



Mədəniyyət