Xəbər verildiyi kimi, sentyabrın 17-də Rusiyanın Ufa şəhərində Dövlətlərarası Humanitar Əməkdaşlıq üzrə Fondun 17-ci forumunda Laçın şəhəri MDB-nin 2025-ci il paytaxtı elan edilib. Oradakı təqdimatda Laçının əsrarəngiz gözəlliyi hər kəsi valeh edib. Oktyabrın 8-də isə Moskvada keçirilmiş MDB Dövlət Başçıları Şurasının iclasında Laçın şəhəri 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı elan edilməsi barədə qərar təsdiqlənib.
Laçın 28 il yarımlıq işğaldan sonra azad olunub, hazırda bu şəhərə keçmiş məcburi köçkünlərin qayıdışı təmin edilir. Dövlətimizin başçısının Şura iclasında dediyi kimi, Laçının MDB-nin mədəniyyət paytaxtı elan edilməsini həm laçınlılar, həm də bütün Azərbaycan xalqı böyük minnətdarlıqla qarşılayıb.
Uca dağlar qoynunda qərar tutan Laçının təbii gözəlliyi ilə yanaşı, strateji önəmi də var. 1992-ci ilin mayında bu rayonun işğalı sayəsində Ermənistanla Qarabağ separatçıları arasında “dəhliz” açılmışdı və bütün hərbi texnika, silah-sursat daşınırdı. Suriyadan, Livandan gələn erməni ailələri Laçında yerləşdirilərək, özlərini ev sahibləri kimi aparırdılar. Nəhayət, qanlar və canlar bahasına haqq öz yerini tapdı və Laçın da yağıların “əyri” ayaq izlərindən və murdar nəfəsindən təmizləndi.
Əvvəllər Abdallar adlandırılan, 1924-cü ildən isə şəhər statusu alan Laçın şəhəri 1930-cu ildən rayon mərkəzi olub. XX əsrdə Azərbaycanın tanınmış yazıçılarından biri olmuş Tagı Şahbazi Simurq rayona yaxınlıqdakı dağın adını verməyi təklif edib. Laçın adı özündə azadlıq sevən, məğrur quş mənasını ehtiva edir. Elə hər iki Qarabağ müharibəsində bütün istiqamətlərdə dağlar diyarının igid övladları məhz laçın kimi, qartal kimi o yerlərdə qıy vurublar. Onlarından 285 nəfəri şəhadətə ucalıb, 66 nəfəri girov götürülüb, 120 nəfər əlil olub. Müharibədə xüsusi şücaət göstərmiş 6 laçınlı – İsrafil Şahverdiyev, Kamil Nəsibov, Fazil Mehdiyev, Oqtay Güləliyev, Ələsgər Novruzov və Qorxmaz Eyvazov Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüblər.
...Anamın doğma yurd-yuvası olan Laçına hələ uşaq vaxtlarımdan dəfələrlə getmiş, gözəlliklərini gözümə-könlümə köçürmüşəm. İlk poetik yaşantılarımdan olan “Laçın” şeirimi bir qohumumun məndən xəbərsiz aparıb rayon qəzetində çapa verdiyini də yaxşı xatırlayıram. Onu da deyim ki, 2006-cı ildən “Xalq qəzeti”ndə çalışsam da, Laçından yazdığım ilk məqaləm hələ 1977-ci ildə bu qəzetdə dərc edilib. “Laçında mehman olsan...” adlanan həmin məktubumu hərbi xidmətdən qayıtdığımda o ulu dağlara ana babamla nənəmin görüşünə getməyimlə əlaqədar yazmışdım. Daha sonra işğala məruz qalan Laçının həsrəti ilə şeirlər qələmə almışdım:
Çapam səməndimi, çatam dağlara,
İlham kəməndini atam dağlara.
Sinə dağlarımı qatam dağlara,
Günüm-güzəranım puçdu Laçınsız...
Nəhayət, Laçın azad olundu, məskunlaşdırıldı. Həmkarlarım Tahir Aydınoğlu və Səbuhi Məmmədovla Laçına ötənilki unudulmaz səfərim bu yerlərlə bağlı həsrətimin sonu kimi tərənnüm misralarına çevrildi:
Laçında yer göyə yaxın,
Mələklər göydəndüşmədi.
Gözüm öpdü bu növrağı,
Sözə yad ilmə düşmədi.
Gələn il MDB-nin mədəniyyət paytaxtı olacaq Laçında milli-mənəvi dəyərlər həmişə yüksək olub. Xatırladım ki, ötən il – iyulun 31-də Prezidentin “Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” sərəncamı ilə el bayramları keçirilməyə başlayıb. Həmin il avqustun 26-da Laçında ilk Şəhər günü keçirilib. Builki Şəhər günü isə Laçının dörd məkanında – Bayraq meydanı, "Lacinema" kinoteatrı, seyrəngah və Həkəri çayının sahilindəki bulvarda gerçəkləşib. Müdafiə Nazirliyinin Əlahiddə Nümunəvi Hərbi Orkestri vətənpərvərlik ruhlu musiqilər ifa edərək dağlara möhtəşəm əks-səda salıb.
Şəhər günündə “Ata vəsiyyəti – oğul Zəfəri” və “Bir millət, iki dövlət” adlı xalçaların hanadan kəsimini böyük maraqla qarşılanıb. “Ata vəsiyyəti – Oğul Zəfəri” xalçası Ulu öndər Heydər Əliyevlə bağlı kövrək anları, müzəffər Ali Baş Komandan İlham Əliyevin “Zəfər Yürüşü” zamanı göstərdiyi sərkərdəlik qətiyyətini yada salıb. Digər xalça isə ümummilli lider Heydər Əliyevin Azərbaycan–Türkiyə qardaşlığı haqqındakı məşhur kəlamı əsasında hazırlanıb. Hər iki dövlətin bayrağının əks olunduğu xalçanın fonunda Qarabağın məşhur “Xətai” (XVII əsr) qrupuna aid “Əjdahalı” xalçasından və Türkiyənin “Lotto” (XVII əsr) xalçasından fraqmentlər verilib.
Yeni yaradılan “Lacinema” kinoteatrında rəsm və foto sərgiləri nümayiş etdirilməsi, filmlərə baxılması burada mədəniyyətə ciddi önəm verildiyinin aşkar göstəricisidir. Dünya şöhrətli fotoqraf Reza Deqatinin əsərləri maraqla qarşılanıb. Eyni zamanda şəhərdəki seyrəngahda xalq tətbiqi sənəti üzrə ustad dərsləri təşkil olunub. Şəbəkə, həsirçilik, keramika, misgərlik və s. sahələr üzrə məhsulların hazırlanması prosesi əyani nümayiş etdirilib. “Can Laçın” yarmarkasında yerli mətbəx nümunələri təqdim olunub. Uşaqlar da bayramda yetərincə əyləniblər.
Dağlar qoynunda “Poeziya saatı”, yeni çapdan çıxmış “Laçın – 100” ədəbi antologiyasının təqdimatı burada mədəni köklərin qədimlərə gedib çıxdığını göstərir. Həmin kitab Laçın şəhərinin salınmasının 100 (1924–2024) illiyinə həsr olunub. Nəşrdə Laçın ərazisində yaşamış şair, nasir və aşıqların yaradıcılığından nümunələr toplanıb. 400 illik dövrü əhatə edən antologiyanın poeziya bölümü Sarı Aşıq, Mir Həmzə Nigari kimi klassiklərin yaradıcılığı ilə açılır.
Laçında “Füzuli 530 – məclisi-üns” adlı muğam və poeziya məclisi, Şuşa Dövlət Musiqili Dram Teatrının aktyorlarının “Sarı Aşığın hekayəti” adlı bədii kompozisiyası da yaddaqalan tədbirlərdəndir. Musiqi şölənində Xalq artisti Faiq Ağayev, Əməkdar artistlər Ehtiram Hüseynov, Lalə Məmmədova, İlkin Əhmədov, Rəşad İlyasov və digər ifaçılar, aşıq sənəti ustaları, Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı, “Laçın” muğam qrupu öz çıxışları ilə mədəni tədbirlərə əlavə rəng qatıblar. Mərhum müğənni Məhəbbət Kazımovun əzəli torpaqlar əldən gedəndən sonra oxuduğu “Laçınım” mahnısının səs yazısı xəyallarda silinməz izlər buraxıb. Beynəlxalq müsabiqələr laureatı, gənc tarzən İbrahim Babayevin solo çıxışı da ruh oxşayıb. Laçın Günü təntənələrinə möhtəşəm atəşfəşanlıqla yekun vurulub. Azad şəhərin səması rəngbərəng işıqlara bürünüb.
Ədəbi antologiyanın Bakıdakı Atatürk Mərkəzində də təqdimatı olub. Şifahi ədəbiyyat kitabxanamıza dəyərli töhfə olan bu topluda tanınmış klassiklərlə yanaşı, indiyə qədər ədəbi aləmə məlum olmayan Əmir Bəy, Şair Məmmədalı, Qara Kərim, Aşıq Alı (Suvatlı), Aşıq Abbas, Aşıq Cəfərqulu kimi el sənətkarlarının yaradıcılığından nümunələr verilib. Ümumilikdə, 98 müəlifin yaradıcılığı əks olunub. Nəşrdə xeyli tarixi məlumat da var.
Antologiyanın tərtibçisi şair İlham Qəhrəman “Laçın folkloru”, “Laçın lətifələri”, Sarı Aşığa həsr olunan “Gül dəftəri” kimi kitabları ilə də ədəbi aləmdə yurdsevər yazar kimi tanınır. Onun dedikləri:
– Bu antologiya yurdumuzun bədii salnaməsidir. Kitabda elə söz adamları var ki, onların adları Laçınla qoşa çəkilir. Hüseyn Kürdoğlu, Ağa Laçınlı, Xasay Cabbarov, İlyas İbrahimov, Aşıq Umbay, Malik Fərrux və digər şairlərin adları Laçına şərəf gətirir. Laçına qəlbən bağlı olan Rəşad Məcidin şeirlərini də sevə-sevə topluya daxil etmişik.
Hazırda Ermənistanın da daxil olduğu MDB-nin mədəniyyət paytaxtı qədim Səmərqənddir. Düz 9 həftədən sonra estafeti qəbul etməyə hazırlaşan Laçın şəhəri bu faktla düşmənlərə daha bir gözdağı olub. Dünya dağ vüqarlı Laçını həm də mədəniyyət mərkəzi kimi tanıyacaq. Gələn il MDB çərçivəsində, o cümlədən ayrı-ayrı üzv ölkələrdə Laçın şəhərinə həsr olunan müxtəlif mədəni tədbirlər keçiriləcək.
Bir sözlə, Laçının MDB-nin mədəniyyət paytaxtı seçilməsi barədə qəbul olunan tarixi qərar Azərbaycanın həm diplomatik, həm də mədəni qələbəsidir.
Əli NƏCƏFXANLI
XQ