“Qlobus” yüksəkliyinin əbədiyyət ünvanı

post-img

Vətən Müharibəsi Qəhrəmanı Əfqan Abdurahmanovun zəfər tarixçəsi

“Biz son 3 ildə Qəbələdə həyət evində qalırdıq. Həftə sonu onun evə gələn vaxtına az qalmış bir zəng gəlirdi. Telefonu açırdım, deyirdi: “Əlibəyə de, qapını açsın, çatıram”. Bax, onda dünyalar bizim olurdu. Gəlib həyətə girəndə darvazadan evə qədər salınmış daş cığırda xüsusi bir səs yaranırdı. Bu, onun çəkmələrinin, atdığı nizamlı addımların səsi idi. O gedən gündən həmin səsi və içəri girəndəki görkəmini elə hey xəyalımda canlandırıram. Evə girəndə öncə uşaqlarla görüşər, sonra mənə “gəl, sən də mənim balamsan...”– deyərdi. Onun bizimlə o görüş anına qaytmaq üçün ömrümü verərdim.” Bu ağrılı xatirə Vətən Müharibəsi Qəhrəmanı, şəhid polkovnik-leytenant Əfqan Abdurahmanovun həyat yoldaşı Rəqinə xanımın kövrək və nisgilli xatirələrindən bir parçadır.

Əfqan Abdurahmanov kim idi?

Azərbaycan Ordusunun polkovnik-leytenantı olan Əfqan Abdurahmanov 2020-ci il sentyabrın 27-də Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağ silsiləsindəki mühüm zirvələrdən birinin alınmasında şücaət göstərmiş, Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmiş, oktyabrın 10-da “Qlobus” yüksəkliyi uğrunda gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olmuşdur. Polkovnik Qəbələ rayonunun Əmirvan kəndində dəfn olunmuşdur. Dövlət başçısının 09.12.2020-ci il tarixli sərəncamına əsasən, Əfqan Abdurahmanova “Vətən Müharibəsi Qəhrəmanı” adı verilmişdir.

Həyatı

Əslən Qəbələ rayonunun Əmirvan kəndindən olan Əfqan Ağasəf oğlu Abdurahmanov 1976-cı ildə Bakı şəhərində dünyaya göz açıb. Qarabağ münaqişəsi başlayanda Əfqanın 12 yaşı vardı. Binəqədi rayonu Vahid Əzizov adına 30 nömrəli tam orta məktəbdə təhsil alırdı. Həmin vaxt çox qarışıq dövr idi. Ermənilər tərəfindən azərbaycanlılara qarşı təxribat xarakterli qırğınlar törədilirdi. Çox keçmədən I Qarabağ savaşı başladı. Torpaqlarımız işğal edildi, soydaşlarımız qaçqın-köçkünə çevrildi. Xocalı faciəsi baş verdi. Qarabağın incisi Şuşa işğala məruz qaldı.

Bütün bu hadisələr onun yaddaşında dərin iz buraxdı...

Əfqan Dağlıq Qarabağın düşmən tərəfindən işğal edilməsi ilə heç cür barışa bilmirdi. Buna görə də hərbçi olmaq və gələcəkdə işğal altında olan torpaqlarımızın azad olunmasında iştirak etməyi qarşısına məqsəd qoydu. 1993-cü ildə orta məktəbi bitirəndə qəti şəkildə hərbçi olmağı, tərəddüd etmədən bu məqsədin arxasınca getməyi qərarlaşdırdı. 1995–1997-ci illərdə həqiqi hərbi xidmətini başa vurandan sonra sənədlərini Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə verdi. İmtahanlardan uğurla keçən Əfqan ixtisasını dərindən, incəliklərinədək öyrəndi. O, 2001-ci ildə məzun oldu və 1 il Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində təcrübə keçdi. Burada Əfqanın bir zabit kimi peşəkarlıq səviyyəsi yüksəldi, daha müasir hərbi peşə bacarıqlarına və vərdişlərə yiyələndi. 2002-ci ilin iyul ayından Gəncə şəhəri N saylı hərbi hissədə xidmətə başladı. Xidmət etdiyi müddətdə Müdafiə Nazirliyinin sərəncamları ilə Türkiyə, Çexiya və Çində müxtəlif kurslara, hərbi təlimlərə başladı.

Aprel döyüşləri

Əfqan Abdurahmanov 2016-cı ildə Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin bölmələri arasında cəbhənin Tərtər istiqamətlərində başlanan döyüşlərdə iştirak edib. Aprel döyüşlərində ön cəbhədə olub. Bu döyüşlər Dağlıq Qarabağda 1994-cü ildə atəşkəs haqqında saziş imzalandıqdan bəri baş verən ən şiddətli döyüşlər idi. Azərbaycan Silahlı Qüvvələrinin hücumları ilə Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər və Seysulan kəndi, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı kəndi, Goranboy rayonunun Gülüstan kəndi, həmçinin Tərtər rayonunun Qazaxlar və Madagiz kəndi istiqamətindəki yollar düşməndən azad olundu.

Döyüşlər zamanı yaxın dostu, Milli Qəhrəman, polkovnik-leytenant Murad Mirzəyev şəhid oldu. O, dostunun ölümü ilə ilk sarsıntısını yaşadı. II Fəxri Xiyabanda dəfn olunmuş dostunu ziyarət etməyi həmişə özünə borc bilirdi.

Əfqan ikinci sarsıntını 2020-ci ilin iyul ayında yaşayır. Tovuz döyüşlərində general-mayor Polad Həşimovun şəhid olması xəbəri ona çox ağır təsir edir. Evə gəlib rəngi - ruhu ağarmış halda Poladın adını təkrarlayır. Məzuniyyətə cəmi 3 gün əvvəl çıxmasına baxmayaraq, bu xəbərdən sonra evdə qala bilmir, həyat yoldaşının daha bir neçə gün qalmasını israrla xahiş etməsinə baxmayaraq, elə ertəsi gün xidmət etdiyi hərbi hissəyə qayıdır. “Polad kimi oğul şəhid olub, mən istirahət edə bilmərəm”, –deyir.

Vətən müharibəsi

Bu hadisədən 2 ay sonra Azərbaycan ordusunun əks-hücum əməliyyatı başladı. Əməliyyatların ilk günlərində Murovdağ silsiləsindəki zirvələrdən birinin azad olunmasına Əfqan Abdurahmanov rəhbərlik edirdi. Döyüş zabitinin rəhbərliyi ilə əməliyyat keçirilən zaman hərbiçilərimiz qalın sis-dumana düşür. Getdikcə duman daha da artır və bir addım irəlini də görmək olmur. Ərazi qayalı, yarğanlı bir yer olduğundan adi bir səhv addım ölümlə, səhv istiqamətə getmək isə düşmən mühasirəsinə düşmək və ya döyüş əməliyyatının pozulması ilə nəticələnərdi. Əfqan Abdurahmanov komandir kimi əsgərlərinə cavabdeh olduğunu çox yaxşı başa düşürdü. Onları bu çətin vəziyyətdən çıxarmalı və döyüş tapşırığını yerinə yetirməli idi. O əsgərlərinə deyir: “Sıraya düzülün, öndə mən gedəcəyəm, bir-birinizin kəmərindən tutun və ardımca gəlin”.

Onun ən çətin anda doğru qərar verə bilmək peşəkarlığı, relyefi düzgün qiymətləndirməsi sayəsində hərbçilərimiz itki vermədən sağ-salamat döyüş mövqeyinə çıxırlar. O, Murovdağ silsiləsindəki mühüm zirvələrdən birinin düşməndən azad edilməsində qəhrəmanlıq göstərir və zirvəyə Azərbaycan bayrağı sancılır.

Bu əməliyyat nəticəsində Azərbaycanın işğal olunmuş ərazilərini Ermənistanla birləşdirən hərbi əhəmiyyətli Vardenis–Ağdərə avtomobil yolu vizual, eləcə də atıcı silahların və artilleriya vasitələrinin atəş nöqtələri nəzarətə götürüldü. Əldə edilən hərbi üstünlük Ermənistandan əlavə hərbi yüklərin işğal altında olan Kəlbəcər və Ağdərə istiqamətindəki marşrutla daşınmasının qarşısını almağa imkan verdi. Əməliyyatın uğurlu keçməsində Əfqan Abdurahmanov və onun döyüşçülərinin böyük rolu oldu.

Günbəgün hərbi hissələr, kəndlər, rayonlar işğaldan azad edilirdi. Suqovuşanın azad edilməsindən öncə Əfqan Abdurahmanovun dəstəsi mühasirəyə düşmək təhlükəsi ilə qarşılaşsalar da bu çətinliyin də öhdəsindən gəldilər. Əfqan Abdurahmanov oktyabrın 10-da Suqovuşan döyüşləri zamanı yaxınlıqda olan şiddətli partlayış nəticəsində qəhrəmancasına şəhid oldu. Valideynlərinin istəyilə igidimiz Qəbələ rayonunun Əmirvan kəndində dəfn olundu.

Əfqan Abdurahmanov Vətənə xidmət etdiyi dövrdə hərbi nailiyyətləri və üstün şəxsi keyfiyyətlərinə görə, Azərbaycan Silahlı Qüvvələrinin yubiley, “Qüsursuz xidmətə görə” 3-cü, 2-ci, 1-ci, “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medallarla təltif olunub. O, həmçinin ölümündən sonra “Vətən uğrunda” medalı və “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilib.

İgid şəhidimizin Hilalə adlı qızı və Əlibəy adlı oğlu yadigar qalıb. Həyat yoldaşını dinlədikcə, qadınlarımızın necə güclü, iradəli, çətinliyə sinə gərən, fədakar olduğuna bir daha əmin oluruq. Əfqanın xanımı Rəqinənin arzusu övladlarının xoşbəxt olduğu günü görmək, bununla da həyat yoldaşının ruhunu şad etməkdir. Onunla görüşdüm. Kədərli, amma təbəssümlü sifəti təravətini itirməyib. Gözlərinin dərinliklərindəki qəm kölgəsi isə asanca sezilir. Böyük sevgisini yaşadan Rəqinə xanıma ilk sualım belə oldu:

– Necə tanış olmuşdunuz?

– Əfqanla ata tərəfdən qohumluğmuz var. Amma mən sonuncu dəfə Əfqanı görəndə 12 yaşım vardı. Əfqan Bakıda yaşayırdı, mən kənddə. 1999-cu il avqust ayının 1-də qohumumuz Əmirvan kəndində toy edirdi. Mənim o zaman 18 yaşım vardı. Ailəmizlə həmin toya getdim. Əfqanın gələcəyini bilmirdim. Barmağımda üzük vardı, onun mənə ilk sözü o oldu ki, “o üzüyü barmağına doğurdan taxmısan?” Bu sözlə onun mənə nə demək istədiyini başa düşdüm, amma dedim ki, “yalandan da üzük taxarlar?” O, yəqin ki, inanmadı. Çünki toyda anama deyib ki, “mən hələ oxuyuram, amma bu qız mənimdir, heç kimə vermə”.

Toy bitdi, hərəmiz öz evimizə getdik. Həmin ilin dekabr ayında nişanlandıq. O vaxt Əfqan 3-cü kursda oxuyurdu, 2 il nişanlı qaldıq. Hərbi məktəbdə oxuduğuna görə, o ancaq tətil, ya da bayram vaxtı məni görməyə gəlirdi. 2001-ci il sentyabrın 1-də toyumuz oldu. Artıq məktəbi bitrib ilk leytenant rütbəsini almışdı. Evliliyimizin ilk ilində onun ata evində ailəsi ilə birlikdə yaşadıq. 2002-ci il iyul ayının 16-da qızımız Hilalə dunyaya gəldi. Əfqan hərbi akademiyanın təlim-tədris mərkəzində zabitlik təcrübəsini başa vurub təyinatla Gəncədəki “N” saylı hərbi hissəyə göndərildi.

Gəncə həyatı

4 il Gəncədə yaşadıq. Təzə ailə, valideynlik məsuliyyəti. O, işdə növbədə olan vaxtlar mənə hər şey çətin gəlirdi: gecə tək qalmaq, körpə uşaqla yaxınında kimsən yox... Çöldən evə gələnimiz yalnız Əfqan idi. Növbədən sonra verilən istirahət günündə nə yatmazdı, nə dincəlməzdi, bizə vaxt ayırırdı. Gəncənin gəzməli, görməli yerlərinə gedirdik. Gəzməyə çox həvəsli idi, amma hərbçi həyatı buna imkan vermirdi. Təbii, mən də bilirdim ki, hərbçinin işi çətindir, üstəlik, torpağı işgal altında olan bir ölkədə.

O, çox qayğıkeş insan idi. Atam- anam dünyasını dəyişəndə mənə dedi ki, ağlama, mən var olduqca sənin hər şeyin mənəm. İndi onun o sözlərini xatırlamağın mənə nə qədər çətin olduğunu sözlə ifadə edə bilmirəm. Çətin həyat yaşadıq, amma, inanın, hər çətinlikdən sonra onu görmək bütün çətinlikləri unutdururdu. 2006 – 2008-ci illərdə o, ön xətdə xidmət edirdi. Naftalan şəhərində “N” saylı hərbi hissənin Tapqaraqoyunlu kəndində yerləşən bölməsində bölük komandiri vəzifəsində xidmət edirdi. Biz isə Bakıda onun ata- anası ilə qalırdıq. 2007-ci il may ayının 27-də oğlumuz Əlibəy dünyaya gəldi. Dağda, ön xətdə xidməti zaman hər məzuniyyətə gələndə övladlarını böyümüş görürdü. O üzgün halda “övladlarımın mənsiz, mənim onlarsız zamanımız gedir”– deyirdi. Sonda əlavə edirdi ki, “peşəm belə tələb edir”. Məzuniyyətı bitəndə onunla sağollaşmaq, yola salmaq çətin olurdu, uşaqlar ağlayırdı, ayrılmaq istəmirdilər. Birtəhər sakitləşdirib yola düşürdü. 2008-ci ildə onu ön xətdən Naftalan şəhərindəki hərbi hissəyə düşürdülər. Onda bizi də yanına apardı. Bir müddət orada gözəl günlər keçirdik, saymaqla, bitməz, deməklə anlatılmaz. İşə gedir, nahara evə gəlir, axşam yanımızda olurdu. Mən hər gün onu işə yola salanda içimdə onu itirmək qorxusu olurdu.

2009-cu il sentyabrın 15-də qızımız Hilalə Naftalan şəhər 2 saylı tam orta məktəbin 1-ci sinfinə getdi. Qızımızın atdığı ilk addımları izləyir, işi çətin olsa da hər gün dərslərilə maraqlanırdı. 2010-cu il avqust ayında yenə xidmət yeri dəyişdi. Bu dəfə Tərtər rayonunda az müddətdə xidmət etdi. 2011-ci ilin yanvar ayında Bakıya onunla birlikdə gəldik və 2015-ci ilin mart ayına qədər Bakıda yaşadıq.

İllər ötüb keçirdi

Əfqan işi ilə bağlı xarici ölkələrdə olmuşdu. Deyirdi ki, təqaüdə çıxanda sizi də getdiyim ölkələrə aparacağam. O ən çox Çindən danışırdı. Bu gün bunu xatirə kimi danışmaq mənə çox çətindir. Dediklərim bizim həyata keçməyən arzularımız idi. Amma nə yaxşı ki, Əfqan bizim həyatmızda olub, nə yaxşı ki, bizim onun kimi ailə başçımız olub. O, bizim üçün cismən yoxdur, ruhən yanımızdadır. Bunu bizə hiss etdirir, yuxularımıza gəlir, özünün daim var olduğunu bildirir. O aramızda olmasa da mən onu hər gün gələcək deyə gözləyirəm. Qapımızı onun döyəcəyini eşitmək, açanda onu görəcəyəm ümidi məni yaşadır.

– Müharibə başlayanda hansı hissləri keçirdiniz?

– 2020-ci il sentyabrın 26-sı idi. Evə gələndən 3–4 saat keçmişdi ki, müharibənin başlanması xəbəri gəldi. Uşaqları mağazaya apardı, xeyli ərzaq aldı və geri qayıdacağını bildirdi. Samovar qaynatdım, çay dəmlədim, içdik. Nə edəcəyimi bilmədim, amma Əfqan üçün çox da narahat olmadım. Təcrübəli hərbçi olduğundan ona nəsə ola biləcəyini düşünmədim. Axşamüstü saat 5 – 6 arası onu yola saldıq. Əlibəy çox da başa düşmürdü, amma Hilalə onu yola salmağa qapıya çıxdı, özünü saxlamayıb ağladı, mən özümü güclə toparladım ki, onun fikri bizdə qalmasın, maşın sürür, sükan arxasındadır. Hilalənin alnından öpdü, dedi, qızım, narahat olma, ata gələcək, dərslər başlayanda səni Bakıya aparacaq. Həmin il Hilalə Azərbaycan Dillər Universitetinə daxil olmuşdu. Amma sözlər onun boğazında düyünləndi, qızının göz yaşlarına dözmədi, üzünü yola tutub “hələlik”– dedi və bizdən ayrıldı. Hilalə bu il Azərbaycan Dillər Universitetindən məzun olub. Əlibəy isə Çexiyanın Praqa şəhərində yerləşən Çarles Universitetinə daxil olub, fizika-riyaziyyat fakültəsində təhsil alır.

Hilalə (qızı):

– Atam bizə çox xoş xatirələr qoyub. Hər yerdə qürur duya bilməyimiz üçün döyüşüb. Hara gedirəm, deyirlər qəhrəmanın qızıdır, Abdurahmanovun övladıdır. Bu, mənə güc verir. Atam qardaşımla da, mənimlə də dost kimi idi. Bizə həyatda hansı mövqeyə sahib olacağımızdan asılı olmayaraq, düzgün, ədalətli olmağı tövsiyə edirdi. Atam bütün qızların ağlında olan, arzuladıqları ideal bir ata tipi idi. Evdə olanda dərslərimizlə maraqlanar, başqa məşğuliyyətlərimizlə bağlı düzgün məsləhətlər verərdi.

Rəqinə deyir:

– Mən ömrümüzün sonunadək səs-küydən uzaq, sakit bir həyat yaşamağı arzulayırdım, amma arzum ürəyimdə qaldı. Əfqanda böyük ruh yüksəkliyi, qələbə əzmi vardı. Deyərdi ki, “siz düşmən üzərində qələbə çalıb xidməti başa çatdırmağın nə olduğunu bilirsinizmi?” İndi mənim üçün ən ağır olan bilirsiniz nədir? İstər müharibədə, istərsə də məclislərdə çəkilən videolarda hərəkətini görürsən, səsini eşidirsən, əlini uzadıb toxunmaq istəyirsən, alınmır. Hər gün o uzanan, amma havada boş qalan ələ yazığım gəlir...

Azərbaycan dövlətinin göstərdiyi qayğı və diqqət bizi qane edir. Əfqanın şəhidliyindən sonra Vətən Müharibəsi Qəhrəmanının ailəsi kimi dövlət bizi 3 otaqlı mənzil və Prezident təqaüdü ilə təmin edib.

Rəqinə xanımdan ayrılanda bir şəkil uzadıb “Bu yazılardan başladı Əfqansız həyatımız”– dedi. Baxdım: telefonla göndərilmiş mesaj, şəkil və tarix. Göndərən: Afgan Nar, tarix: 10 Ekim 2020, vaxt: saat 07.20 mesaj: Sabahınız xeyirli olsun və 2 öpüş, 1 ürək simvolu. Bəli, 4 il öncə göndərilmiş son mesaj, son şəkil. Və Vətən uğrunda qurban gedən şərəfli bir ömrün sonu...

Zərifə BƏŞİRQIZI
XQ











Sosial həyat