“İrəvan: tarixi həqiqətlər və şəxsiyyətlər”

post-img

Azərbaycanın indiki hüquqi və siyasi sərhədlərindən kənarda qalan Qərbi Azərbaycanda min illər boyu yaşayan ata-babalarımız zəngin maddi və mənəvi mədəniyyət nümunələri yaradıblar. Bu isə ümumən Azərbaycanın elm, təhsil və dövlətçilik tarixinin ayrılmaz bir hissədir. Filologiya elmləri doktoru, professor Fəridə Səfiyevanın “İrəvan: tarixi həqiqətlər və şəxsiyyətlər” kitabı bu baxımdan mühüm elmi-nəzəri və praktik əhəmiyyət daşıyır.

Bugünlərdə təqdimatı keçirilən vacib mənbə İrəvanın tarixi, mədəni, demoqrafik və sosial məsələlərinə işıq tutaraq, zaman-zaman orada baş verən ictimai-siyasi və mədəni hadisələrin xronologiyasını, azərbaycanlıların bu prosesdəki yerini və rolunu göstərir. Gərgin zəhmətin, ciddi elmi axtarışların nəticəsində ərsəyə gələn foto-albomun əhəmiyyətini bir neçə aspektdən dəyərləndirmək olar.

Kitab, hər şeydən əvvəl, tarixi həqiqətlərin bərpasına xidmət edir. Azərbaycanlıların İrəvanın qədim sakinləri olmasını, onu qurub-yaratmasını, əsrlərlə orada yaşamasını, zəngin maddi-mənəvi sərvətlər, təhsil-tərbiyə ənənələri yaratmasını arxiv materiallarının və şəkillərin dili ilə sənədləşdirərək geniş oxucu kütləsinə çatdırır, zamanla təhrif olunmuş və ya unudulmuş həqiqətlərin yenidən işıqlandırılmasına kömək edir. Nəşr İrəvanın tarixi və mədəni irsinin doğru bir şəkildə gələcək nəsillərə çatdırılmasına, digər tərəfdən erməni yalanlarının və saxtakarlıqlarının ifşasına xidmət edir.

İrəvan şəhərində vaxtilə mövcud olan tarixi abidələr, mədəni irs və memarlıq nümunələri xalqımızın tarixi yaddaşıdır. Ermənilər bu möhtəşəm tarixi abidələri – məscidləri, sarayları, məqbərələri, karvansaraları, hamamları, qalaları məhv etməklə mədəni irsimizə ağır zərbə vurublar. Kitabda verilən şəkillər həmin tarixi abidələrin bir vaxtlar mövcud olduğunu və hansı məqsədlə erməni vandalizminin qurbanına çevrildiyini sübut edən canlı sənədlərdir. Bu fotoşəkillər yazılı sənədlərdən fərqli olaraq daha təsirli şəkildə baş verən dağıntıların real miqyasını insanlara çatdırır.

Bu kitab həm də İrəvanda yaşayan tarixi şəxsiyyətlərin irsi və kimliyini təsdiq edən mötəbər mənbədir. Kitabda İrəvanda yaşayan və milli mühitin formalaşmasında böyük xidmətləri olan tanınmış azərbaycanlı şəxsiyyətlərin kimliyi və irsi sənədləşdirilir, onların ailələrinin cəmiyyətə və milli kimliyə verdiyi töhfələr əyani şəkildə göstərilir. Şəkillər vasitəsilə İrəvanskilər, Əliyevlər, Qədimbəyovlar, Topçubaşovlar, Makinskilər, Seyidzadələr, Mirbağırovlar, Mirbabayevlər, Məmmədzadələr, Qazıyevlər, Qazızadələr, Bağırbəyovlar, Nəcəfovlar və başqa nəsillərin tanınmış şəxsiyyətlərinin həyatına, geniş ictimai-siyasi və elmi-mədəni fəaliyyətlərinə nəzər salmaq mümkün olur. Bu da oxuculara həmin dövrün mədəni və ictimai mənzərəsini daha yaxından başa düşməyə imkan yaradır. Ailə şəcərəsi şəkilləri milli kimliyin qorunmasında və ailə dəyərlərinin saxlanılmasında mühüm əhəmiyyət daşıyır. İrəvan milli mühitinin yetirdiyi azərbaycanlılar təkcə öz dövrünün liderləri, alimləri və mədəniyyət xadimləri deyil, həm də bu dəyərləri ailələri vasitəsilə gələcək nəsillərə ötürmüş şəxslərdir.

Zamana şahidlik edən bu şəkillər həm də dövrün yaşayış tərzini, o vaxtın adət-ənənələrini, geyimlərini və həyat tərzini əks etdirir. Şəxsi və ailə şəkillərinə baxmaqla İrəvan şəhərinin tarixi, mədəniyyəti, təhsil ocaqları (qəza məktəbi, progimnaziya, gimnaziya, seminariya, rus-tatar (Azərbaycan) məktəbi) haqqında geniş məlumat almaq mümkündür.

Foto-albomda etnik gərginliklər nəticəsində İrəvandakı azərbaycanlıların necə sıxışdırıldığı, qanlı münaqişələrin, deportasiyaların, etnik təmizləmələrin qurbanına çevrilməsinin əyani şəkildə göstərilməsi müasir dövrdə Cənubi Qafqazda gedən proseslərin daha dərindən başa düşülməsinə kömək edir.

Professor Fəridə Səfiyevanın “İrəvan: tarixi həqiqətlər və şəxsiyyətlər” toplusu İrəvandakı zəngin mədəni sübutlu-dəlilli təqdimatı, həm də bu sahədə çalışan tədqiqatçılar, tarixçilər üçün qiymətli bir mənbədir. Qədim şəhərimizin tarixinə bir pəncərə açaraq, bizləri həmin dövrün tarixi, mədəni-mənəvi irsi, təhsil ocaqları və şəxsiyyətləri ilə sanki əyani şəkildə görüşdürür.


Fərrux RÜSTƏMOV,
Əməkdar elm xadimi, Beynəlxalq Pedaqoji Akademiyanın üzvü

Mədəniyyət