Azərbaycan paytaxtında 19-cu Bakı Caz Festivalı başlayır

post-img

Bu gün, oktyabrın 17-də Azərbaycan paytaxtında 19-cu Bakı Caz Festivalı açılır. AZƏRTAC bu tədbirlə bağlı bir neçə ekspertin rəylərini öyrənib.

Musiqişünas, professor Zümrüd Dadaşova.

İstənilən festivalın keçirilməsi böyük bayramdır. Digər tərəfdən, bu, genişmiqyaslı fəaliyyət deməkdir. Azərbaycanda festivalların zəngin ənənəsi var. Bu caz festivalı sayca 19-cudur və sevindirici mədəniyyət hadisəsidir. Azərbaycanda parlaq caz musiqiçiləri və bu musiqi janrını sevən çox gözəl dinləyicilər var. Zənnimcə, qarşıdakı festival parlaq panorama yaradacaq. Belə bir caz festivalının keçirilməsi mühümdür, çünki həyatımızı xeyli dərəcədə zənginləşdirir.

Azərbaycanda caz bizim fotosferimizin, musiqi mədəniyyətimizin üzvi və ayrılmaz hissəsidir. Bu ahəng mənbəyi, ritm kəskinliyi, müəyyən dərəcədə sərbəstlik temperamentimizə, improvizasiya həvəsimizə çox yaxındır. Məhz improvizasiya ruhu Şərq və Qərb musiqi mədəniyyətinin iki parlaq təzahürünü - muğam və cazı birləşdirən amildir. Yəni, münbit torpağa əkilən caz toxumları Azərbaycanda parlaq şəkildə cücərib. Tofiq Quliyev, Rauf Hacıyev, Niyazi, Pərviz Rüstəmbəyov kimi görkəmli ustadların, caz sənətimizin iki ulduzu - Vaqif Mustafazadə və Rafiq Babayevin səyləri və qayğısı sayəsində dünya cazında Azərbaycan cazı konsepsiyası yaranıb. Korifeylərimizin ənənələri yaşayır, müasir musiqiçilərimiz dünyanın ən yaxşı səhnələrində çıxış edir, mötəbər müsabiqələrdə mükafatlar alırlar. Onların konsertləri böyük uğur qazanır. Bir qayda olaraq, Azərbaycan musiqiçilərinin böyük uğurları var və biz internet yayımları sayəsində onların xarici auditoriya tərəfindən necə qarşılandığının şahidi oluruq.

Pianoçu, “Baku Piano Festival”ın direktoru Şahin Növrəsli

Hər hansı yaxşı festivalın ölkəmiz üçün böyük əhəmiyyəti var. Populyar musiqiçilər gəlir, yaxşı proqramla çıxış edirlər və əlavə olaraq, bir çox maraqlı tədbirlər də təşkil edilir. Bakı Caz Festivalı dünyanın ən yaxşı və ən nüfuzlu caz festivalları sırasında yer alır. Onun təşkilatçıları Rain Sultanov və Leyla Əfəndiyevanın sayəsində Bakı Caz Festivalı yaşayır və yüksək səviyyədə keçirilir. Hər payız mövsümündə caz həvəskarları bu tədbiri səbirsizliklə gözləyirlər.

Azərbaycanda cazın səviyyəsi həmişə çox, olduqca yüksək olub. Çox şadam ki, cazla ciddi maraqlanan və çox sürətlə böyüyən yeni nəsil var. Hər il “I am Jazzman” müsabiqəsinin keçirilməsi, caz düşərgələri, Caz Günü, “Biz Gələcəyik” layihəsi (Bakı Beynəlxalq Piano Festivalı), o cümlədən caz ustalarımızın kuratorluğu və ustad dərsləri yeni istedadların üzə çıxarılmasına və dəstəklənməsinə kömək edir.

Caz icmalçısı, cazla bağlı televiziya-radio proqramları və festivalların aparıcısı, müğənni Tofiq Həsənsoy

Caz festivalı ölkəmiz üçün çox böyük hadisədir. Bakı SSRİ dövründə caz şəhəri olub və 1967-ci ildən burada caz festivalları keçirilir. O zaman onların ömrü qısa idi. Bununla belə, Bakı Caz Festivalı uzun illərdir Bakıda caz ənənələrini qoruyub saxlayan və bu musiqi üslubunu sevənləri - müstəqil Azərbaycanda həm şəhərimizin sakinlərini, həm də paytaxtın qonaqlarını sevindirən ən uzun festivala çevrildi.

Azərbaycan cazı inkişaf edir. Musiqiçilərimiz bir çox dünya festivallarında Azərbaycan cazını təmsil edirlər. Azərbaycan cazının özünəməxsus üslubu var - bu, caz ənənələrinin milli elementlərlə sintezidir. Bu gün caz musiqiçilərimiz, əsasən də pianoçular Azərbaycan cazını dünya səhnələrində uğurla təbliğ edirlər. İstərdim ki, şəhərimizdə caz konsertləri, cem seansları, müxtəlif festivallar və tədbirlərə ev sahibliyi edəcək çoxlu caz klubları, həmçinin ayrıca caz kolleci və caz orkestri olsun. Düşünürəm ki, bütün bunlar Azərbaycanda cazın inkişafına töhfə verərdi. Daha yaxşı olardı ki, təkcə pianoçular deyil, digər instrumental ifaçılar da caza maraq göstərib dünya səhnələrində bizi təmsil etsinlər. Onu da əlavə etmək istərdim ki, son vaxtlar gənc caz musiqiçiləri arasında təkcə Bakı şəhərinin sakinlərini deyil, həm də ölkəmizin Naxçıvan, İsmayıllı, Gəncə, Şəki və digər regionlarının nümayəndələrini müşahidə edirik. Bu, məni çox sevindirir.

Mədəniyyət