Gələn ilin sentyabr-oktyabr aylarında Ağdam şəhərinə əhalinin köçürülməsi nəzərdə tutulur.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Füzuli Şəhəri Günündə iştirak edən Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov deyib.
“Ağdamda dörd kənd tikilməkdədir. Bu ilin sonuna qədər Xıdırlı, Sarıcalı və Kəngərli kəndlərinə əhalinin bir hissəsinin köçürülməsi nəzərdə tutulur. Qərvənd kəndi də üçüncü “ağıllı kənd” olaraq slovakiyalı mütəxəssislər tərəfindən layihələndirilib. Bu yaxınlarda Prezidentimiz Elvazxanbəyli kəndinin təməlini qoydu və burada layihələndirmə işləri yekunlaşmaq üzrədir”, - deyə E.Hüseynov qeyd edib ki, Ağdam şəhərində də genişmiqyaslı işlər aparılır. O deyib: “Beş yaşayış məhəlləsinin tikintisi nəzərdə tutulub. Hazırda ikinci mərhələdə tikinti işlərinə başlanılıb. Yaxın zamanlarda dördüncü və beşinci mərhələlərdə tikinti işlərinə başlanılacaq. Hesab edirəm ki, bütün bu işlər qrafikə əsasən vaxtında icra olunacaq”.