Nizami Kino Mərkəzində XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirilib. Tədbirdə festival müddətində nümayiş olunan filmlər mükafatlarla təltif olunublar.
Ən yaxşı film nominasiyasında rejissor Rufat Rayın “Quyu”, ən yaxşı rejissor işinə görə Azər Quliyevin “Qırmızı planetin ikinci rəngi”, ən yaxşı ssenari üzrə İlkin Umarovun “Şam bağı”, ən yaxşı sənədli film kateqoriyasında Leylaxanım Qənbərlinin “Babamın evi” filmləri mükafata layiq görülüblər. Rejissor Nicat Qulamın ərsəyə gətirdiyi “Baba haqqı” sənədli ekran işi isə münsiflər heyətinin xüsusi mükafatını qazanıb.
Tələbə filmləri arasında rejissorlar Murad Allahverdiyev, Ruhulla Rəhimov, Fərid Ayvazov, İlahə Nurullayeva, Şahin Hüseynli, Tural Ələsgərli, Mirtalib Həsənov, Sevinc Quliyeva, Səadət Qurbanova və Sərxan Nəciyevin çəkdikləri “Qəfəs” filmi diploma layiq görüldü.
Beynəlxalq Debüt Bədii Film Müsabiqəsində qazaxıstanlı rejissor Asxat Kuçinçirekovun “Bauryna Salu” filmi ən yaxşı tammetrajlı bədii film nominasiyasında qalib olub. Tammetrajlı bədii film kateqoriyasında ən yaxşı rejissor işinə görə Baran Gündüzalpın “Rosinante”, ən yaxşı ssenariyə Şokir Xolikovun “Bazar günü”, ən yaxşı təsvir rejissoru işinə görə isə təsvir rejissoru Daniel Quliyevin və rejissor Emin Əfəndiyevin “Tək adamın monoloqu” filmləri mükafatlandırılıblar. Bu müsabiqədə münsiflər heyətinin xüsusi qeydinə görə, ən yaxşı tammetrajlı film nominasiyasında rusiyalı rejissor İra Basın “Balam” filmi seçilib.
Müsabiqənin qısametrajlı filmlər kateqoriyasının qalibləri siyahısında ən yaxşı sənədli film xorvatiyalı rejissor Sara Jurinçikin “Valeriya”, ən yaxşı animasiya filmi fransalı rejissor Aleksey Evstigneevin “Atamın məktubları”, ən yaxşı film rejissoru işinə görə isə almaniyalı rejissorlar Oliver Şvabe və Kristian Bekkerin “Çuxur “ filmləri yer alır. Bu film kateqoriyasında münsiflər heyətinin xüsusi qeydinə görə isə iranlı rejissorlar Behzad Alavi və Süsən Salamat Çaqoşinin “Taksidermist” filmi seçilib.
Asiya istedadları müsabiqəsində ən yaxşı film nominasiyasında fələstinli rejissorlar Nur Ben Selem və Jülyen Menantunun “Fələstin adaları” filmi qalib olub. Münsiflər heyətinin xüsusi mükafatına isə iranlı rejissor Əlirza Şəkərinin “Bədən Satıcısı” filmi layiq görülüb. Bu nominasiyada yerli müsabiqənin qalibləri və münsiflər heyətinin qeydinə görə hindistanlı rejissor Puca Kaulun “Umeşin xronikası” və koreyalı rejissor Şinyu Kanın “Səsin arzusu” filmləri mükafatlandırılıblar. Festivalın ən yaxşı bədii filmi isə türkiyəli rejissor Cansu Baydarın ərsəyə gətirdiyi “Demək olar tamamilə yanlışdır” filmi olub.
Sonra beynəlxalq müsabiqəyə daxil olan filmlərdən kadrlar göstərilib.
Münsiflər heyətinin üzvü, özbək film ustası Eldar Yuldaşev XQ-yə festivalla bağlı təəsuratlarını danışdı: - Builki festival eyni anda həm qısametrajlı, tammetrajlı, animasiya və sənədli filmlərin nümayişi ilə yadda qaldı. Bu da hər il festivalın və burada iştirak edən yaradıcı insanların daha da təkmilləşməsi baxımından əhəmiyyətlidir. Azərbaycanda belə tədbirlərin yeni və müasir formada tamaşaçılara, iştirakçılara təqdim olunması çox önəmlidir. Çünki, texnologiya günbəgün inkişaf edir və onun film sənayesində istifadə edilməsi bu sahədə ciddi irəliləyişlərə yol açır. Özbəkistanda da bu sferada yeni texnoloji avadanlıqlardan istifadə olunur. Bu mənim çox xoşuma gəlir.
Bakı Beynəlxalq Qısa Filmlər Festivalının direktoru, prodüser Fehruz Şamıyev: – Builki festivalda yeniliklər çox oldu. Əvvəlki festivallarda qısametrajlı filmlər nümayiş olunurdusa, bu il tammetrajlı filmlərə də yer verildi. Bu filmlər həm də dünyanın mötəbər film festivallarında iştirak edib və mükafatlara layiq görülüb. Artıq bu cür filmləri izləməkdən ötrü dünyanın hər hansı yerinə getmək lazım deyil. Çünki, ölkəmizdə də bu imkan var. Festivalda qalib gələn hər kəsi təbrik edirəm.
Xatırladaq ki, festival çərçivəsində 5 gün müddətində ümumilikdə 26 ölkədən 79 film nümayiş olunub.
Fidan SALMANOVA
XQ