Kiçik Dəhnənin böyük şairi

post-img

Şəkinin Kiçik Dəhnə kəndindən boy göstərən istedadlı şair-tərcüməçi Namizəd Xalidoğlu – Qoca Xalid 70 yaşının tamamında “Rus poeziyası. Seçmə şeirlər” kitabını oxuculara ərməğan eləyib.

Onun imzası elə ilk yaradıcılıq nümunələrindən başlayaraq tanınıb və oxucu rəğbətini qazanıb.

Boyu balacadır sətrinə görə,
Bununçün kimsəyə bir işi düşməz.
Mənim şeirlərim ətrinə görə
Heç kəsin şeiriylə dəyişik düşməz –
Kövşən iyi gəlir şeirlərimdən.

Belə gözəl misraların müəllifi Moskvada, Qorki adına Dünya Ədəbiyyatı İnstitutunda ali təhsil alsa da, Rusiya Elm və İncəsənət Akademiyasının müxbir üzvü, Rusiya xalqlarının VII Artiadasının və Beynəlxalq N.Rubtsov mükafatlarının laureatı olsa da, dogma Dəhnəni tərk etməyi heç vaxt ağlına sığışdıra bilməyib. “Şairin şəklini şəhərdə qəzet, kənddəsə arxlardan axan su çəkir”, – deyərək özünün təbii Dəhnə ilhamına sığınmağa üstünlük verib. Doğrudur, Moskvada təhsil alarkən rus şairlərinin poeziyası ilə yaxından tanış olaraq qələmini onların tərcüməsi sahəsində də uğurla sınayıb. Yesenin, Tütçev, Fet, Vı-

sotski, Rubtsov, Kuznetsov, Sokolov, Peredreyev, Kazantsev və başqa görkəmli söz sənətkarlarından etdiyi tərcümələri ilə məşhurluğunu daha neçə misqal artıra bilib.

Bu günlərdə baş redaktorumuz məni otağına çağıraraq orada əyləşmiş nurani bir kişini tanıyıb-tanımadığımı soruşdu.

– Suyu şirin gəlir, amma qorxuram, yanılam, – dedim.

Qonaq ayağa qalxıb əl uzatdı: – Qoca Xalid, – dedi. Mən də həmən: – Hə, Namizəd Xalidoğlu, özüdür ki, var, – deyə cavab verdim. Təsəvvürümdəki gənc şair bir az yaşlı göründüyü üçün məni “çətin”ə salmışdı. Sonra səmimi söhbətimiz oldu və yeni “Rus poeziyası. Seçmə şeirlər” kitabını redaksiyamıza hədiyyə edib getdi.

Həmin kitabı vərəqləyir, şeirlərin tərcümə deyil, sanki Azərbaycan dilində yazıldığı qənaətinə gəlirəm. Bəri başdan onu da qeyd edim ki, Qoca Xalidin bu kitabına mərhum həmkarımız İlham Abbasov “Böyük şairlərin “rəqibi” adlı gözəl bir ön söz yazıb və tərcüməçini az qala şeirlərin həmmüəllifi kimi ustalıqla səciyyələndirib. İlham yazıb ki, onun tərcümələrinin “alınmasının” sirri həm də orijinalın “poetik koduna” məhrəm olmasındadır: “Moskvada keçirdiyi illər Qoca Xalidin rus dili bilgisinin və mədəni səviyyəsinin, dünyagörüşünün daha da genişlənməsinə müsbət təsir göstərməklə yanaşı, onun Moskva və ümumən Rusiya ədəbi mühitinə daha dərindən bələd olmasına, orada tanınmasına, həm özü, həm də ədəbiyyatımız üçün yeni dostlar və tərcüməçilər tapmasına imkan yaratdı”.

Təsəvvür edin ki, Namizəd Moskvada oxuyarkən müəllimi Yuri Kuznetsov onun bədii çevirmələrindən məmnun qalıb və Ədəbiyyat İnstitutunun tarixində ilk dəfə olaraq, seminar rəhbəri öz tələbəsinin şeirlərini tərcümə edərək “Xatirə yağışı” adı ilə kitab halında nəşrinə də nail olub. Bu, həm də Q.Xalidin tərcümələrinə Y.Kuznetsovun cavab jesti idi.

Həmin rus şairinin dahi Nizami Gəncəvi haqqında yazdığı şeirə Qoca Xalidin tərcüməsində nəzər salaq:

Baxır maddım-maddım boynunu burub,
Hamı fağırlaşır söz ölkəsində.
Nizami günəşlə yanaşı durub,
Hamını gizləyir öz kölgəsində.

Yaxud Sergey Yesenindən tərcüməyə baxaq:

Axşamüstü yorulub hey fınxıra-fınxıra,
Təpəli sahillərə səpələnir ilxılar.

Həqiqətən də, orijinalların rus dilində yazıldığına adamın inanmağı gəlmir. Qoca Xalidin yaşadığı zamanla barışa bilməyən məşhur aktyor-şair, hit mahnılar müəllifi Vladimir Vısotskidən çevirmələri də xarakterikdir. Məsələn, onun həbsxana həyatı barədə yazdığı şeirdən bir bəndin tərcüməsi, görün, necə uğurlu alınıb:

Dostlar, yenə uzatdılar vaxtımı,
Nə ağlayın, nə qaş-qabaq sallayın.
Yazı yazan qara yazıb baxtımı,
Heç olmasa, tez-tez məktub yollayın…

Bəli, Bakıda, Moskvada qərar tuta bilməyən, öz şair şöhrəti ilə Kiçik Dəhnə kəndinə böyük başucalığı gətirən, orada hamının “Şair” deyə çağırdığı Qoca Xalidin ilk qələm təcrübələrindən yazılarına hopmuş kövşən iyi rus poeziyası nümunələrindən etdiyi tərcümələrə də hopub, onlardakı yasəmən ətri ilə uyuşaraq gözəl bir sənət rayihəsi yaradıb.

Əli NƏCƏFXANLI
XQ

Mədəniyyət