Aktotı Raimkulova: Qarabağdakı abidələrin bərpası təkcə Azərbaycanın deyil, bütün Türk dünyasının ortaq məsələsidir

post-img

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən ümumtürk maddi və qeyri-maddi mədəni irs kataloqunun hazırlanması istiqamətində işlər görülür. Türk dövlətlərinin başçılarının tapşırığına əsasən görülən bu iş, sadəcə, ortaq mirasın siyahısının hazırlanmasından ibarət deyil. Kataloq daha geniş ictimaiyyətə çatdırılması məqsədilə kitab və rəqəmsal formatda yayımlanacaq. Bizi birləşdirən ortaq irsimizin tanıdılmasına dəstək olacaq bu fəaliyyət istiqamətində hər ölkənin tövsiyəsi ilə mötəbər elm xadimlərimizdən və mütəxəssislərimizdən ibarət xüsusi komissiya yaradılıb. Mütəxəssislərin köməyi ilə çox mühüm nümunələr seçilərək kataloqa daxil ediləcək. Bu abidələr arasında məhv olmaq təhlükəsi ilə üzləşən və ya artıq yox olanlar da var. Qarabağda da belə abidələrin sayı az deyil. Azərbaycan öz torpaqlarını işğaldan azad etdikdən sonra həmin yerlərdə genişmiqyaslı bərpa-yenidənqurma işlərinə başlayıb. Bu çərçivədə Qarabağdakı mədəniyyət abidələrinin də bərpasına başlanılıb. Təəssüf ki, 30 illik işğal dövründə Qarabağda baş verən hadisələr Azərbaycanın, o cümlədən bizim ortaq Türk abidələrinin məhv və ya təhrif olunması ilə nəticələnib. Çox sayda tarixi-mədəni abidəmiz yox olmaq dərəcəsindədir. Qarabağın Azərbaycana aid olmasına baxmayaraq, o bölgədə dağıdılan bu abidələrin bərpası təkcə Azərbaycanın deyil, bütün Türk dünyasının ortaq məsələsidir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova söyləyib.

Rəhbərlik etdiyi qurumun Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü və Türkiyə, Qazaxıstan, Qırğızıstan dövlət başçılarının dəstəyi ilə yaradıldığını xatırladan A. Raimkulova deyib: “Hazırda dövlət başçılarının tapşırığına əsasən, fond Türk dünyasının ortaq mədəni abidələrinin yenidən qurulması və bərpası işlərini aparır, UNESCO-nun çoxmillətli nominasiyalarına təqdim olunacaq layihələrə dəstək həyata keçirir. Görülən işlərə bu il Bakıda keçirilən Beynəlxalq Qurama Festivalını misal göstərmək olar. Festival Azərbaycanda altıncı dəfə keçirilsə də, bu il ilk dəfə beynəlxalq miqyasda təşkil edildi. Orada ən sevindirici məqam ortaq dilimizin bir daha təsdiqini tapması oldu. Biz “qurama” sözünün fərqli ifadəsinə baxmayaraq, bütün Türk dillərində təxminən eyni şəkildə səsləndiyini gördük. Bununla yanaşı, türkdilli xalqların bərpaçıları tərəfindən festivalda nümayiş etdirilən sənət nümunələri bizə bir daha mədəniyyətimizin müxtəlif sahələrinin mühüm inkişaf yolu keçdiyini və ortaq dəyərlərə əsaslandığını göstərdi. UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyası bu təşkilata “qurama” nominasiyasını təqdim edib. Biz bu işi türk xalqlarının ortaq irsi, çoxmillətli nominasiyası istiqamətində aparırıq. Bütün bunlar görülən işlərin, sadəcə, bir nümunəsidir. Ortaq irsimizin dünyada tanıdılması istiqamətində filmlərin çəkilməsi, elmi-praktiki konfransların təşkili də nəzərdə tutulur”.

Ümumiyyətlə türklərə məxsus abidələrin dünyanın müxtəlif bölgələrindəki bənzərlərindən çox fərqləndiyini qeyd edən müsahibimiz sözlərinə belə davam edib: “Biz türklər yaradıcılıqda özümüzə xas üslub və materiallardan istifadə edirik. Bizim ortaq abidələrimiz təkcə suveren respublikalarımızın ərazisində deyil, demək olar bütün dünyada mövcuddur. Monqolustan, Suriya, İraq, Ermənistan və digər ölkələrin ərazisində çoxsaylı abidələrimiz var. Fond tərəfindən bununla bağlı olaraq normativ sənəd hazırlanır və bütün bu ölkələrə göndərilir. Bu sənəd əsasında təkcə türkdilli ölkələrin deyil, mədəni irsimizin yerləşdiyi hər ölkənin bizə dəstək verməsini gözləyirik. Məsələn, Monqolustan artıq Türk mədəni irsinin qorunması istiqamətində bizimlə fəaliyyətə dəstək vermək istədiyini bildirib. Avropada da irsimizin çox sayda nümunəsi var. Bunlara Polşa, Bolqarıstan, Rumıniyadakı abidələrimizi misal çəkmək olar. Bu abidələrin mədəni irs siyahımıza daxil edilməsi və gələcək nəsillərə ötürülməsi üçün bərpaya ehtiyacı var. Məhz bu səbəbdən də qeyd etdiyim bu normativ sənəd olduqca vacibdir”.

Həmsöhbətimiz fondun Türk dünyası və türkdilli xalqların ortaq tarixi, dili, dini və mədəni irsinin dünyada tanıdılması baxımından olduqca vacib vəzifəni yerinə yetirdiyini vurğulayaraq qeyd edib: “Bundan 15 il əvvəl dövlət başçılarımız tərəfindən Naxçıvanda türkdilli ölkələrin ortaq qurumunun yaradılması istiqamətində imzalanan Saziş çox uzaqgörən siyasətin nümunəsi idi. Artıq Türk Dövlətləri Təşkilatı adını alan bu qurum daxilində müxtəlif sahələrdə atılan addımlar ortaq gələcəyimiz üçün olduqca vacibdir. Fond tərəfindən aparılan bütün fəaliyyətlər bir daha onu sübut edir ki, müəyyən fərqliliklərə baxmayaraq, bizim Türk Dövlətləri Təşkilatına daxil olan ölkələrlə yanaşı, digər azsaylı Türk xalqları ilə də mədəniyyətimiz, irsimiz, əcdadlarımız ortaqdır. Ən əsası isə odur ki, biz ortaq dil istifadə edirik. Fikrimcə, bu, bizi birləşdirən başlıca məqamdır və perspektivlər baxımından olduqca vacibdir. Ortaq dəyərlərimizin qorunması istiqamətində görülən bütün bu işlər isə irsimiz qarşısındakı ən ali vəzifəmizdir”.

Mədəniyyət