Xəbər verildiyi kimi, oktyabrın 2-də Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində dahi şair və mütəfəkkir Məhəmməd Füzulinin (1494–1556) anadan olmasının 530 illiyinə həsr edilən X Bakı Beynəlxalq Kitab Sərgisi açılıb. Dünyanın 4 qitəsini təmsil edən 18 ölkədən 56 xarici təşkilat, 110 yerli nəşriyyat-poliqrafiya müəssisəsi öz təmsilçilərini Azərbaycan paytaxtına göndərib.
Milli mədəniyyət tarixində yeni bir dövr açmış, ədəbiyyatı yüksək bəşəri ideallarla, dərin insani duyğularla zənginləşdirmiş Məhəmməd Füzuli türk, fars və ərəb dillərində bənzərsiz əsərlər yaradıb və hələ sağlığında dünyada böyük şöhrət qazanıb. O həm də geniş erudisiyalı oxucu, nəyi oxuyub öyrənməyi anladan mahir kitab təbliğatçısı olub. Qitələrindən birində yazıb:
Mən elə bir süfrə açdım sözdən əhli aləmə,
Onda bir zövq artıran hər dürlü nemət düzmüşəm...
Kim gəlir-gəlsin, aparsın hər nə istər xatiri,
Qurtaran nemət deyil, süfrəmdən olmaz heç nə kəm...
Kitabı və mütaliəni yüksək qiymətləndirən Füzuli sanki bu misraları elə 10-cu Bakı Beynəlxalq Kitab Sərgisi üçün qələmə alıb və deyib ki, “Hər nə qədər artıq kitab oxusan, o qədər də artıq heyrətdə qalacaqsan”.
Göründüyü kimi, yubileyi qeyd olunan ölməz söz sərkərdəsi kitabı nadanlığa qarşı əsas silah sayıb. Biz də onun ehtiramla yad edildiyi və özünəməxsus kitab bayramı sayılan sərginin ab-havasının ulu şairin ruhunu şad edəcəyinə inanaraq, bir-birindən maraqlı tədbirləri müşahidə elədik.
Bəri başdan vurğulayaq ki, sərgidə elmi ədəbiyyatın təbliği, təhsil müəssisələrinin, eyni zamanda, akademik təsisatların, nəşriyyatların burada iştirak etməsi sevindirici haldır. Mədəniyyət naziri Adil Kərimli də jurnalistlərlə söhbətində bu barədə danışaraq dedi: “Ümumiyyətlə, son 2 ildə elmi ədəbiyyatın inkişafına və təşviqinə böyük üstünlük verilib. 2023-cü ildən başlayaraq kitab alınması istiqamətində daha çox üstünlük elmi və elmi-kütləvi kitablara verilir. Bu istiqamətdə elmi təsisatların nəşriyyatlarının iştirakı heç də təsadüfi deyil”.
Qazax yazıçısı və ictimai xadim Kemel Tokayevin Azərbaycan dilinə tərcümə edilərək, Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən nəşr olunmuş “Xüsusi tapşırıq” kitabının təqdimatında beynəlxalq təşkilatın prezidenti Aktotı Raimkulova müharibə əleyhinə qələmə alınan əsərin “Türk ədəbiyyatının inciləri” seriyasından olduğunu bildirdi: “Qazax ədəbiyyatının detektiv janrının banilərindən olan Kemel Tokayev türk mədəniyyətinin və söz sənətinin inkişafına böyük töhfələr verib. Bu nəşr görkəmli yazıçının zəngin yaradıcılığının öyrənilməsinə və ədəbi irsinin təbliğinə Fondun verdiyi qiymətli yadigardır. Ümid edirik ki, gələcək nəsillər üçün vacib bir qaynaq olacaq”.
Qazaxıstan Prezidentinin müşaviri Malik Otarbayev qeyd etdi ki, bu gün Türk dünyasının məşhur yazıçısı Kemel Tokayevin həm də doğum günüdür: “Bu baxımdan Bakı sakinləri üçün açılan sərgidə onun əsərin təqdimatı böyük əhəmiyyət kəsb edir. Müəllifin yazdığı hər bir əsər türk mədəniyyətinin inkişafına töhfə verən və gələcək nəsillərə ötürülən bir mirasdır”.
Xalq yazıçıları Anar və Çingiz Abdullayev, AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, Azərbaycan Atatürk Mərkəzinin direktoru Nizami Cəfərov, Milli Məclisin Komitə sədri Fazil Mustafa da kitab haqqında fikirlərini bölüşdülər.
Sərgidə Azərbaycanlı müəlliflərin də əsərləri təqdim olundu, İmza günləri, poeziya saatları keçirildi, tənqidçilərin maraqlı ədəbi mülahizələri dinlənildi. Kitab sərgisinin ilk günündə tanınmış yazıçı-publisist, esseist, Əməkdar jurnalist Zemfira Məhərrəmlinin də oxucularla görüşü və yeni çapdan çıxmış “Çox kiçikdir bu dünya...” kitabının İmza günü də bu qəbildən idi. “XQ”-yə müsahibəsində o dedi:
– Azərbaycan Yazıçılar Birliyinin stendində təşkil olunan İmza günüm mənə unudulmaz təsir bağışladı. Oxucuların suallarını cavablandırdım, kitabda toplanmış povestləri və həyat hekayələri barədə söz açdım, çatdırmaq istədiyim mətləbləri açıqladım. Azyaşlı oxucular, məktəblilərlə görüşüm də maraqlı oldu. Zəfər savaşımızın qəhrəmanları barədə sənədli yazılarının, həmçinin uşaq hekayələrinin yer aldığı, türk, ingilis və rus dillərində nəşr edilmiş kitablarımı imzalayaraq məktəb kitabxanalarına hədiyyə etdim.
Sərgi çərçivəsində dünyanın 46 dilinə tərcümə edilmiş 25 kitab müəllifi olan irlandiyalı yazıçı Con Boynla da maraqlı görüş oldu. O, yerli oxuculara əsərləri haqqında məlumat verdi və sualları cavablandırdı. Balacalar üçün yazdığı ona əsl uğur gətirmiş “Zolaqlı pijamalı oğlan” romanı ilə Azərbaycanda daha çox tanınan ünlü yazarın sonda İmza saatı keçirildi. Dünən isə Con Boyn AZƏRTAC-ın sərgidəki stendini ziyarət etdi. O, Azərbaycana ilk dəfə səfər etdiyini və bu kitab sərgisinin onda böyük maraq doğurduğunu dedi. Sərgidə çox sayda insanların, gənc oxucuların olmasını, xüsusilə müəllimlərin şagirdlərini buraya gətirməsini və onların mütaliəyə maraq göstərməsini xüsusi qeyd etdi.
Bakı Beynəlxalq Kitab Sərgisinin fəxri qonaqlarından olan Azərbaycanəsilli İran yazıçısı Fəriba Vəfinin “Ədəbiyyatda qadın səsi” adlı mühazirəsi də diqqət çəkdi. Dinləyicilər öyrəndilər ki, Fəriba Vəfi 13 əsərin müəllifi, sakini olduğu Almaniyanın nüfuzlu “LiBeraturpries” mükafatının qalibidir. O, müəllifi olduğu və ingilis, italyan, ispan, alman və türk dillərinə çevrilmiş “Zirzəmi quşu” romanının ərsəyə gəlməsindən söz açaraq bildirdi ki, əsərdə həyatın ağır şərtlərinə dözən, ailə qurduqdan sonra bütün gücünü övladlarının tərbiyəsinə həsr edən qadından bəhs olunur. Oxucuların bütün suallarını ətraflı cavablandıran yazar soydaşımızın imza sessiyası da keçirildi.
– Əsərlərimdə qələmə aldığım xarakterlər qadınlara aiddir, – deyə o, sonda bildirdi. – Ona görə ki, mən onları çox yaxşı tanıyıram. Qadının səsi güclənməlidir, ucalmalıdır. Biz qadın dünyasından çox az şey bilirik. Ona görə də sadəcə yazaraq onları dünyaya tanıda bilərik.
Dünən Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası X Bakı Beynəlxalq Kitab Sərgisində elm, incəsənət, tarix və digər sahələri əhatə edən 300-dən artıq kitabla təmsil olundu. Stendlə tanışlıq zamanı kitabxananın direktoru Aslan Cəfərov kitabxananın gördüyü işlər, hazırladıqları materiallar, sərgilənən kitablar barədə məlumat verdi. Sərgidə “Nəşrlərin satınalması müsabiqəsi” nəticəsində əldə olunan və son illər çap edilən kitablar, ali məktəb, peşə təhsili dərslikləri üstünlük təşkil edirdi.
Bəli, “Artıran söz qədrini sidq ilə qədrin artırar”, – deyən dahi Məhəmməd Füzulinin 530 illiyinə həsr olunan beynəlxalq Bakı sərgisi sözün, kitabın qədrini bilənlər üçün gözəl fürsət kimi dəyərləndirilə bilər.
Əli NƏCƏFXANLI
XQ