Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə oktyabrın 2-dən ölkəmizdə “Yaradıcı həftə” layihəsinin həyata keçirilməsinə başlanıb.
Bu, Prezident İlham Əliyevin 22 iyul 2022-ci il tarixli sərəncamı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın icrası istiqamətində reallaşdırılan təşəbbüsdür.
Mədəniyyət Nazirliyindən bildirilib ki, yaradıcı sektor təmsilçilərinin, beynəlxalq və yerli təşkilatların nümayəndələrinin, eləcə də ictimai birliklərin qoşulduğu layihənin əsas məqsədi mədəniyyət və yaradıcı sənayelərin vahid bir ekosistem kimi formalaşdırılması, bu sahənin bazar iştirakçılarının fəaliyyətinin əlaqələndirilməsi, eyni zamanda, sahəvi klasterləşmənin təşviq edilməsidir.
“Yaradıcı həftə” çərçivəsində “Baku Cinema Breeze” platforması üzrə XV Bakı Beynəlxalq Film Festivalı, VIII “DokuBaku” Beynəlxalq Sənədli Film Festivalı, VII ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı, “Alove” Animatorların Akselerasiyası və Türk Animasiyası Festivalı kimi tədbirlər nəzərdə tutulur. Bundan əlavə, Azərbaycanda ilk dəfə Şərqi və Mərkəzi Asiya ölkələrinin film marketi də təşkil ediləcək.
Qeyd edək ki, ölkəmizdə ilk dəfə ötən il keçirilmiş “Yaradıcı həftə” çərçivəsində 5000-dən artıq iştirakçını əhatə edən 20-yə qədər tədbir təşkil olunub.
XQ