Bağdadda Füzuli festivalı

post-img

əvvəli https://xalqqazeti.az/az/medeniyyet/195469-bagdadda-fuzuli-festivali

Nümayəndə heyəti gün batanda Kərkükə yetişir. Kərkük adı azərbaycanlı ziyalılara çox yaxşı tanışdır. İraq-türkman folkloruna aid kitablarda bu şəhərin adını dəfələrlə oxumuş və sevmişlər. Şəhər əhalisinin öz soydaşları olmasını da yaxşı bilirlər. Orada bütün təhlükəsizlik tədbirləri ən yüksək səviyyədə təşkil olunur və hökumət qüvvələri gücləndirilmiş iş rejiminə keçir. Heyət axşamüstü “Qəsri-Kərkük” otelində yerləşdirilir. Şam yeməyindən dərhal sonra oteldə kiçik bir toplantı təşkil edilir. Azərbaycan nümayəndə heyətinin bəzi çox gizli görüşləri üçün planlar göz-qaş işarələri və quş dilinə bənzər şəkildə həyata keçirilir...

“Kərkük bayatıları”, “Kərkük atalar sözləri və məsəlləri”, “Kərkük maniləri”, “Altı il Dəclə-Fərat sahillərində” və s. kitablar vasitəsilə İraq-türkman folklorundan xəbərdar olan hər kəs çox yaxşı bilir ki, Kərkük Azərbaycan üçün çox dəyərli elm adamı Əta Tərzibaşının adıyla ayrılmaz şəkildə bağlıdır. Həm də Əta Tərzibaşının kitabları Türkman–Azərbaycan ədəbiyyatını öyrənən araşdırmaçılar üçün əvəzsiz mənbədir. Buna görə də belə bir şəxsiyyətin ziyarət olunması çox önəmli və vacib idi. Azərbaycan nümayəndə heyətindən seçilmiş adamları Mustafa Ziya və Sabah Karaaltun plan quraraq gizli şəkildə Əta Tərzibaşının evinə aparırlar.

Yaşlı elm adamı Əta Tərzibaşı əziz qonaqlarını – Azərbaycan Yazıçılar Birliyinin sədri Anarı, o vaxtkı Mətbuat və İnformasiya naziri Sabir Rüstəmxanlını, Azərbaycan Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru Yaşar Qarayevi, professor Qəzənfər Paşayevi və “Ədəbiyyat qəzeti”nin baş redaktoru Ayaz Vəfalını, eləcə də kərküklü Mustafa Ziya və Sabah Karaaltunu böyük səmimiyyətlə qarşılayır və öz evində qəbul edir. Qəhvə süfrəsi arxasında maraqlı söhbətlər başlayır. İlk olaraq Anar deyir: “Cənab Əta Tərzibaşı, bildiyiniz kimi, dahi şair Məhəmməd Füzulinin 500 illiyi UNESCO-nun qərarı ilə dünya miqyasında qeyd olunmaqdadır. Mədəniyyət dünyasındakı bu tarixi hadisənin ən önəmli səhifələrindən biri də şairin doğulduğu, böyüdüyü, yazıb-yaratdığı və nəhayət, qoynunda uyuduğu İraqda yaşanır. Şairin İmam Hüseyn türbəsindəki məzarını da ziyarət etdik. Bu gün Füzulinin nəvələrinin yaşadığı Kərkükün qonağıyıq. İlk istəyimiz sizi görmək idi. Siz təkcə İraqda deyil, Türkiyədə, Azərbaycanda və digər ölkələrdə Türkman xoyratlarının, manilərinin ən məşhur toplayıcısı, araşdırmaçısı və məşhur elm adamısınız. Azərbaycan Yazıçılar Birliyi sizi fəxri üzv seçib və fəxri üzvlük vəsiqəsini sizə təqdim etməyi də mənə həvalə edib. Bu şərəfli işi böyük məmnuniyyətlə yerinə yetirirəm”.

Anar Yazıçılar Birliyinin üzvlük vəsiqəsini Əta bəyə təqdim etdikdən sonra Sabir Rüstəmxanlı danışır. O, öz çıxışında Əta Tərzibaşının folklorşünaslıq fəaliyyətinə toxunur və alimin bu sahədə gördüyü işləri yüksək qiymətləndirir. Əta Tərzibaşının çox dəyərli əsəri olan “Xoyratlar və manilər” kitabının Azərbaycanda çap edilməli olduğunu və nazirliyin bu istiqamətdə əlindən gələn köməyi göstərməyə hazır olduğunu qeyd edir.

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademiyanın müxbir üzvü Yaşar Qarayev isə bunları söyləyir: “Əta Tərzibaşının adının və imzasının Azərbaycanın çağdaş sənət və elmi yaddaşında müqəddəs bir örnək və simvol olaraq yazıldığını desəm, səhv etmərəm. Mənə görə, “Ata” kəlməsi Kərkük türkmanlarının Xəzər sahillərindəki soydaşlarına ilk müjdəni və ilk sualı gətirənlərin “atası” anlamına gəlməkdədir. “Tərzibaşı” kəlməsi isə mənim üçün bu xoyratların ilk müasir araşdırma və analiz yöntəmi anlamına gəlir”.

Daha sonra Yaşar Qarayev deyir ki, İraqda ziyarət etdiyimiz yerlərin və şəxslərin siyahısında Əta Tərzibaşı öndə gəlir. Bu, Azərbaycan xalqının Əta Tərzibaşıya, Füzulinin nəvələrinə və Türkman folkloruna qarşı hiss etdikləri səmimi sevgi və məhəbbətin təzahürüdür. Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü vəsiqəsinin evindəcə özünə təqdim edilməsi də bunun göstəricisidir. Bu münasibətlə hər şeydən əvvəl onun özünü təbrik edirəm. Əmin edirəm ki, Ədəbiyyat İnstitutunun çapa hazırladığı folklor antologiyasında “İraq-türkman folkloru” cildinin redaktoru, toplayıcısı və tədqiqatçısı kimi Əta Tərzibaşı imzası qeyd olunacaq.

O zaman İraq-türkman folklorunun tanınmış tədqiqatçısı professor Qəzənfər Paşayev mərhum şairimiz Rəsul Rza ilə birgə “Kərkük bayatıları”, “İraq-türkman bayatıları”, “Arzu-Qəmbər dastanı” kimi dəyərli əsərləri ərsəyə gətirmişdi. Onun ustad Əta Tərzibaşının “Kərkük mahnıları”, “Kərkük atalar sözləri və məsəlləri”, “Kərkük folklor antologiyası” kitablarını Azərbaycanda nəşr etməsi oxucular arasında böyük rəğbətlə qarşılanmışdı. Professor Qəzənfər Paşayev Əta Tərzibaşı ilə görüşdə bunları dedi: “50-ci illərin sonuna qədər İraqda yaşayan soydaşlarımızın ədəbi və mədəni zənginlikləri haqqında heç bir məlumatımız yox idi. 1950-ci illərin sonlarında Rəsul Rza, Bəxtiyar Vahabzadə və Qasım Qasımzadənin İraq səfərindən gətirdikləri hədiyyələr arasında ən dəyərlisi Əta bəyin üç cildlik “Kərkük xoyratları və maniləri” adlı kitabı olduğunu deyə bilərəm. İraqda çalışdığım illərdə Əta Tərzibaşının necə ciddiyyətlə türkman folklorunu topladığının, araşdırdığının və yayınladığının şahidı oldum. İraq-türkman folkloru ilə bağlı ilk dərsimi 1964-cü ildə Bağdaddakı Türkman Qardaşlıq Ocağında Əta Tərzibaşı ilə üç saatlıq bir toplantı sırasında aldım. İraq-türkman folklor nümunələrinin ölkəmizdə bir neçə dəfə nəşr edilməsi və kütləviləşməsi sahəsində gördüyüm işlərdə və ayrıca folklor araşdırmalarına dair dissertasiya yazmağımda Əta Tərzibaşının əsərlərinin böyük təsiri oldu. Onun bu zəngin və mənəvi yardımını heç bir zaman unutmayacağam”.

Ayaz Vəfalı isə bu fikirləri dilə gətirdi: “Əta bəy, Bakıdan Bağdada yola düşmək ərəfəsində “Gənclik” nəşriyyatında çap edilən “Füzulinin yaradıcılığı” kitabımı özümlə gətirdim. Səhifələrinə baxdığınız zaman 3 cildlik “Kərkük xoyratları və maniləri” adlı kitabınızdan sitatlar görəcəksiniz. Ərəb əlifbası ilə çap edilən həmin əsərinizi mənə 60-cı illərin əvvəllərində rəhmətlik şairimiz Qasım Qasımzadə hədiyyə etmişdi. O sıralarda Füzuli və xalq yaradıcılığı ilə bağlı dissertasiya üzərində işləyirdim. Bu kitablara aşina olmağım mövzuya tamamilə yeni bir baxış gətirməyimə səbəb oldu. Yüz illərdir, İraqdakı soydaşlarımızın qəlbində yaşayan böyük söz zənginliyi xaricində Füzulinin mirasının kültürəl qaynaqlarını necə xəyal edə bilərdik? Daha sonra “Qardaşlıq” dərgisindəki ayrı-ayrı yazılarım haqqındakı fikirləriniz və imzalı olaraq göndərdiyiniz “Kərkük xoyratları və maniləri” (İstanbul, 1975) kitabınız heç bir zaman unutmayacağım hədiyyələrdəndir”.

Füzulinin 500 illik yubileyinin yüksək səviyyədə keçirildiyi, Azərbaycan–İraq əlaqələrinin yüksələn xətt üzrə inkişaf etdiyini vurğulayan Azərbaycan nümayəndə heyəti tərəfindən İraq-türkman və Azərbaycan folklorunun bir bütöv zənginlik təşkil etdiyi, bu işdə Rəsul Rza, Qəzənfər Paşayev, Əbdüllətif Bəndəroğlunun xidmətlərinin yüksək olduğu və hər bir tədqiqatçının ustad Əta Tərzibaşının cızdığı yolla getdiyi qeyd edildi. Sonda Əta Tərzibaşı gülər üzlə “Kərkük havaları” və “Kərkük şairləri” kitablarını ziyarətçilərə təqdim etdi və xatirə şəkli çəkdirildi.

Bağdaddan Kərkükü ziyarətə gələn Azərbaycan nümayəndə heyəti Kərkük qalasını və Çarşı bazarı ziyarət etdikdən sonra “Əl-Neşat əl-Mədrəsi” salonunda konsert təqdim edildi. 20 sentyabrda baş tutan konsertdə salon minlərlə türkman tərəfindən tamamilə dolduruldu. Bir çox insan konsert salonuna girə bilməyib, çıxışları çöldən dinləməli oldu. 20 sentyabr günü türkmanlar üçün tarixi bir gün idi. Onlar ilk dəfə olaraq bir nümayəndə heyətinin öz dillərində şeir, mahnı oxuduğunu eşidirdilər. Füzulinin “Leyli və Məcnun” əsəri əsasında yazılmış operanı ifa edən Mənsum İbrahimovun çıxışı zəlzələ effekti yaratdı. Səhəri gün heyət Bağdada döndü, bu şəhərin görməli və tarixi yerlərini gəzdikdən sonra Babilə festivala yola düşdü.

Dahi şairin anadan olmasının 500-cü ilində təşkil edilən Beynəlxalq Füzuli festivalı üçün Azərbaycandan İraqa gələn 128 nəfərlik nümayəndə heyəti bu ölkədə böyük qonaqpərvərliklə qarşılandı və nəzərdə tutulan 4 gün əvəzinə burada 1 həftə qaldı. Bu isə, öz növbəsində, nümayəndə heyətinin başqa tədbirlərdə də iştirakına imkan yaratdı. Onlar proqramda nəzərdə tutulmayan Babil Mədəniyyət Festivalına da dəvət edildilər. Azərbaycanın məşhur sənətçiləri bu festivalda da çıxış edərək ölkələrini təmsil etdilər. Beləcə, Azərbaycan və İraq arasında ədəbi-mədəni əlaqələr Səddam zamanında da öz müsbət nəticəsini vermiş oldu. Yuxarıda qeyd olunan məqamlar fikirlərimizi təsdiq edir...

Festival çərçivəsində İraq Tanıtma və Mədəniyyət Nazirliyi İşlər idarəsi tərəfindən nəşr edilən, Əbdüllətif Bəndəroğlu tərəfindən araşdırılan Füzulinin “Mətlə ül-Etiqad” kitabının təqdimatı da oldu. Festivalın bağlanış mərasimində son çıxışı Əbdüllətif Bəndəroğlu etdi. Onun həmin çıxışı bir çox cəhətdən maraq kəsb etdiyi üçün xatırlanmasına ehtiyac duyuruq:

“Hörmətli qonaqlarımız!

Üç gündən bəri davam edən böyük şairimiz Bayatlı Süleymanoğlu Məhəmməd Füzuli Bağdadinin anadan olması bayramını gülə-gülə, sevinc və sevgiylə yaşadıq. İraq dövlətinin qərarı ilə hazırlanan bu bayram, bu festival iki xalq üçün, İraq və Azərbaycan xalqları üçün unudulmaz tarixi hadisədir. Bu tədbirlər sevginin, dostluq və qardaşlıq əlaqələrinin gün keçdikcə inkişaf edəcəyinə bir dəlalətdir.

Siz – dəyərli azərbaycanlı qonaqlarımız zəhmət çəkib Azərbaycandan Bağdada qədər gəlibsiniz, bu gəlişinizi bir daha beş yüz il sonra bizim nəvələrimizin nəvələri bəlkə görəcəklər. O zaman bu festivalda iştirak edənlərin adları da yada düşəcəkdir. Füzulinin 500 illik təntənəsi İraq tarixində silinməyən və unudulmayan bir hadisə kimi qalacaqdır. Çünki İraqın embarqo yaşadığı bir vaxtda belə bir təntənəni hazırlamaq elə embarqonu dəlmək deməkdir. Öz torpaqlarını müdafiə edən bir xalqın iradəsinin nə qədər qüvvətli olduğunu göstərməkdədir. Sizin bura gəlişiniz Füzulinin ruhunu şad etdi. Füzulini İraqın hər bir köşəsində tanıtdırdı. Zəhmət çəkib gözəl Bağdada gəlmənizi İraq Mədəniyyət və İnformasiya Nazirliyi adından sizi salamlayıram. Sağ olun!”.

Sentyabrın 23-nə qədər uzadılan unudulmaz səfər bitincə, Azərbaycan nümayəndə heyətini səhər saat 06.00 radələrində Bağdaddan İran–İraq Münziriyyə sərhəd qapısına qədər iraqlı dostlar hörmətlə yola saldılar. Bir həftə boyunca sürən səfər İraq və Azərbaycan arasında elmi, ədəbi, mədəni əlaqələri daha da inkişaf etdirdi, xeyli canlandırdı. Füzulinin ölməz ruhu sayəsində iki cəmiyyət arasında əlaqələr yeni mərhələyə qədəm qoydu. Hər kəsin istəyi bu cür səfərlərin artırılması və tez-tez keçirilməsi oldu. Füzulinin ruhunu şad, yerini cənnət edəcək qədər dualar eşidildi.

(ardı var)

Şəmsəddin KÜZƏCİ,
şair-publisist
Kərkük

Mədəniyyət