Azərbaycan Prezidenti İlham Əliyevin 25 yanvar 2024-cü il tarixli sərəncamı ilə dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin anadan olmasının 530 illiyinin ölkəmizdə qeyd olunması qərara alınıb. Sərəncamda göstərildiyi kimi, Məhəmməd Füzuli istedadlı nümayəndələri ilə tanınan bütöv bir ədəbi məktəb formalaşdırmışdır. Onun 500 illiyinin UNESCO səviyyəsində layiqli şəkildə qeyd edilməsi milli-mədəni dəyərlərin qorunmasına həmişə xüsusi diqqət və qayğı göstərmiş ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olub.
Dahi şairin 500 illiyi onun anadan olduğu İraqda da təntənə ilə keçirilib. Tədqiqatçı, pedaqoq, şair və yazıçı, “Kərkük” qəzetinin baş redaktoru, türk dünyası Akademiyasının fəxri professoru Dr. Şəmsəddin Küzəci həmin mərasimlərin fəal iştirakçısı olub. Qəzetimizin bu nömrəsindən etibarən onun bu barədə xatirələrini təqdim edirik.
Küzəci xatırlayır: Türk dünyasının böyük şairi Məhəmməd Füzuli əl-Bağdadinin anadan olmasının 500 illiyi ilə bağlı İraq və Azərbaycan dövlətləri tərəfindən möhtəşəm tədbirlərin hazırlanması fikri professor Qəzənfər Paşayev və Əbdüllətif Bəndəroğlunun düşüncələri əsasında formalaşmışdı. İraq dövləti də Füzulinin İraqda doğulması səbəbindən bu işə ciddi önəm vermişdi. Bundan əlavə, belə bir tədbirin İraqda keçirilməsi ABŞ və müttəfiqləri tərəfindən tətbiq edilən embarqoya qarşı mübarizə kimi də qiymətləndirilmişdi.
Tədbirlər çərçivəsində Azərbaycandan alimlərin, ziyalıların, sənətçilərin dəvət olunması iki cəmiyyət arasında əlaqələrin inkişafına da müsbət təsir göstərəcəkdi. Digər türk dövlətləri nümayəndələrinin tədbirə qatılmamasına qarşı öz haqq səsini ucaldan Azərbaycan dövləti İmam Əlinin, İmam Hüseynin, Füzulinin ruhundan güc alaraq İraqla bir əl, bir ürək, bir yumruq olduğunu göstərdi, Bağdad, Kərbəla, Nəcəf və Səddam Hüseynin icazəsi ilə Kərkükə səfərləri, İraqda “Leyli və Məcnun” operasının yüksək səviyyədə ifası əsl tarixi hadisələr idi. Bir toyda xoyrat oxuduğum üçün 3 ay İraqın Tikrit həbsxanasında qalan və həmin tarixi günlərdə sərbəst buraxılan bir İraq türkmanı olaraq, 128 nəfərlik Azərbaycan nümayəndə heyətinə çox yaxınlaşmış, onlara isti münasibət göstərmişdim. Dövlət televiziyasında işləməyimə baxmayaraq, azərbaycanlı ziyalılarla ünsiyyətdə olmaq, onlarla söhbət etmək içimdə bir dərd kimi yaşayırdı. AzTV-də hazırlanan “Turan” verilişinin müxbiri Mailə Muradxanlı mikrofonu mənə uzadanda çox mütəəssir olmuşdum və nə deyəcəyimi bilmirdim. 30 il sonra xatirələrimi təzələmək və Füzulinin 500 illiyi ilə 530 illiyi arasında yaşadığım duyğuları qələmə almaq istədim. Bir neçə qəzet və jurnalı araşdırıb, Azərbaycan və türkman ziyalıları ilə görüşüb xatirələrini qələmə almağa çalışdım. Bu yazıya məhz bu cür başladım.
Dahi Azərbaycan–türkman şairi Məhəmməd Füzuli əl-Bağdadinin anadan olmasının 500 illiyində İraq Mədəniyyət və İnformasiya Nazirliyi 1994-cü ilin sentyabrında Bağdadda Beynəlxalq Füzuli festivalı keçirdi. Festivalın hazırlıq heyətinə Mədəniyyət və İnformasiya, Xarici İşlər, Ali təhsil və Elmi Araşdırmalar, Vəqflər və Dəyanət İşləri nazirləri və müavinləri, Türkman Mədəniyyət müdiri və başqaları daxil idi. Komissiya Azərbaycan, Türkmənistan, Qazaxıstan, Özbəkistan, Türkiyə, Hindistan və Pakistandan ədəbiyyat adamlarını, alimləri də dəvət etmişdi.
Azərbaycandan Baş nazir müavini yazıçı Elçin Əfəndiyevin rəhbərliyi ilə Füzuli festivalına 128 nəfərlik heyət qatılmışdı. Bu cür nüfuzlu şəxslər arasında xatırlaya bildiyimiz adlar bunlardır: Anar, Sabir Rüstəmxanlı, Qəzənfər Paşayev, Yaşar Qarayev, İsa Həbibbəyli, Zəlimxan Yaqub, Ayaz Vəfalı, Fikrət Qoca, Qabil, Gülhüseyn Hüseynoğlu, Cabir Novruz, Söhrab Tahir, Vaqif Səmədoğlu, Fikrət Sadıq, Çingiz Əlioğlu, Şahmar Əkbərzadə, İsa İsmayılzadə, Dilsuz, Arif Abdullazadə, Vaqif Cəfəroğlu-Məmmədov, Zeynəb Xanlarova, Mələkxanım Əyyubova, Qəndab Quliyeva, Nailə Muradqızı, Asif Rüstəmli, Mənsum İbrahimov, Hacı Mail İsmayıloğlu, Ələddin Əsədov, Aydın Ərşadoğlu və başqaları...
İraq dövlətinin 17–19 sentyabrda təşkil etdiyi festivalın açılış mərasimi Qurani-Kərimdən ayələrin oxunması ilə başlandı. Ardınca İraq Mədəniyyət və İnformasiya naziri Həmid Yusif Həmmadi açılış nitqi ilə çıxış etdi və hər kəsə təşəkkürünü bildirdi. Füzuli haqqında məlumat verdikdən sonra İraq–Azərbaycan əlaqələrindən danışdı. İraq Türkman Mədəniyyət Mərkəzinin rəhbəri Əbdüllətif Bəndəroğlu nazirin dediklərini Azərbaycan dilinə tərcümə edirdi. Daha sonra Azərbaycan heyəti adından Baş nazirin müavini Elçin Əfəndiyev çıxış etdi və o da İraq–Azərbaycan əlaqələrinin tarixinə toxundu. Azərbaycanla İraq arasında mədəniyyət və sənət körpüsü olan hər kəsə dərin təşəkkürünü bildirdi. Azərbaycan və İraqın elm adamları, şairlər, yazıçılar dahi Füzulinin yaradıcılığı haqqında dəyərli fikirlərini ifadə etdilər. Bu hissədə Füzuli hər kəsin könül qapısını açdı, qəlblərdə dərin izlər buraxdı, yeddidən-yetmiş yeddiyə hər kəsi duyğulandırdı və qürurlandırdı.
Beynəlxalq Füzuli festivalına evsahibliyi edən İraqın Yazıçılar Birliyinin sədri Cavad əl-Xəttab ərəbcə çıxış edərək festivalın əhəmiyyətindən danışdı. Çıxışı jurnalist Qasım Sarıqaya tərcümə etdi. Azərbaycan Yazıçılar Birliyinin sədri Anar çıxış edərək festivalın təşkilində əməyi olan hər kəsə təşəkkür etdi.
Festivalın ilk günü iraqlı alim – professor Hüseyn Əli Məhfuz “Füzulinin həyatı və əsərləri” adlı elmi məruzə ilə çıxış etdi. Məruzə iştirakçılar tərəfindən alqışlarla qarşılandı. Məruzədən sonra Azərbaycan Folklor Orkestrinin solistləri Füzuli əsərlərindən ibarət muğamları möhtəşəm şəkildə ifa etdilər. Bundan sonra İraq Mədəniyyət və İnformasiya naziri Azərbaycan nümayəndə heyətinin şərəfinə şam yeməyi verdi. Bu möhtəşəm gecənin ardından Füzuli 500 il sonra azərbaycanlı və iraqlı elm adamları tərəfindən gündəmə gətirildi, ruhu bir xoyrat-bayatı kimi Bağdadda və Bakıda dillərdə dolaşdı.
Festivalın 2-ci günü ilk bölmənin iclası yenə Bağdadda baş tutdu. İlk çıxışı Azərbaycan Mətbuat və İnformasiya naziri Sabir Rüstəmxanlı etdi. Onun ardınca Türkman Mədəniyyət Mərkəzinin başçısı Əbdüllətif Bəndəroğlu “Füzuli əl-Bağdadi və iraqlı insanların acısı” adlı məruzəsini təqdim etdi. Daha sonra professor Vesim Mehmet “XVI əsrdə Azərbaycan–İraq əlaqələri” adlı məruzə ilə çıxış etdi. Ardınca növbə ilə Məhəmməd Mehdi Bayatın “Füzuli əl-Bağdadiyə dair yeni düşüncələr” və professor Qəzənfər Paşayevin “Füzulinin şairliyi” adlı çox gözəl məruzələri dinlənildi.
Həmin gün 2-ci iclasda professor Əliyar Səfərli “Füzuli haqqında araşdırma”, Əbdüləziz Semin Bayatlı “Füzuli şeirində kədərin yaranışı” adlı məruzələrini tədqim etdilər. Daha sonra professor İmamverdi Həmidov, Azadə Cəfərqızı, Faruk Faik Köprülü, Vəcihə Feyzullazadə və digərləri araşdırmaları haqqında məruzələr oxudular.
Füzulinin anadan olmasının 500 illiyinə həsr olunmuş festivalda elmi məruzələrdən sonra şeir oxuma mərasimi təşkil edildi. Azərbaycan şairləri adından Fikrət Qoca İraq–Azərbaycan əlaqələrinə həsr olunmuş şeirini səsləndirdi. Daha sonra Azərbaycanın xalq şairi Zəlimxan Yaqub Füzuli haqqında şeir oxudu. Həmçinin aşağıda adları çəkilən Azərbaycan və İraq-türkman şairləri hərəyə bir şeir oxumaqla gecəyə rəng qatdılar – Azərbaycan şairləri: Qabil, Cabir Novruz, Söhrab Tahir, Vaqif Səmədoğlu, Sabir Rüstəmxanlı, Fikrət Sadıq, Ayaz Vəfalı, Çingiz Əlioğlu, Şahmar Əkbərzadə, İsa İsmayılzadə, Dilsuz, Arif Abdullazadə, Vaqif Cəfəroğlu-Məmmədov; İraq-türkman şairləri: Salah Növrəs, Rza Çolakoğlu, Mustafa Ziya, Sabir Dəmirçi, Hani Sahib, Ümit Köprülü, Salah Bəhlul, Fövzi Əkrəm Tərzioğlu, Nicat Mehmet Tuzlu, Əli Yağmuroğlu, Mehmet Ömər Qazançı, Mehmet Mərdan, Fərman Həmid Tuzlu, Mehmet Mehdi Bayat, Səlahəddin Nacioğlu, Adnan Assafoğlu.
Azərbaycan nümayəndə heyətinin Kərbəla–Nəcəf ziyarəti də yaddaqalan oldu. Sentyabrın 19-da qonaqlar 3 avtobusla yola düşüb İmam Hüseyn və qardaşı Həzrəti Abbasın türbəsi ilə bərabər, Füzulinin məzarını ziyarət etdilər. Heyət tərəfindən dualar oxunarkən kimi göz yaşlarına hakim ola bilmədi, kimi də qəhərdən boğuldu. Kərbəla və Nəcəfdən sonra Kufədə Hz.Əlinin məzarı da ziyarət edildi. Beləcə, Azərbaycan nümayəndə heyəti Füzulinin məzarı başında xeyli dəyərli vaxt keçirdi. Onlar üçün bizlərdən daha müqəddəs sayılan Füzulinin sadə məzarı, bəlkə də, normal bir məzar deyildi. Ancaq Füzulinin ruhu ilə qarşılaşmaları ziyarətçilərə dünyanı vermişdi və sanki rahatlıq tapmışdılar.
İraq Mədəniyyət və İnformasiya naziri ziyafət zamanı yanında əyləşmiş Azərbaycan Baş nazirinin müavini Elçin Əfəndiyevdən bir istəklərinin olub-olmadığını soruşur. Elçin bəy də cavabında: “Bəli” deyir. – Heyətimiz Kərkükü ziyarət etmək istəyir. Mən də daxil, Kərkükü görmədən geri dönməyəcəyimizi bilməyinizi istərdik”. İraqlı nazir buna açıq şəkildə cavab verir: “Bu istəyiniz mənim səlahiyyətim xaricindədir. Buna ancaq prezident Səddam Hüseyn qərar verə bilər. Mən bu istəyinizi prezidentə deyərəm” – deyir və mövzu bağlanır.
İraqlı nazir Azərbaycan nümayəndə heyətinin istəyini Səddam Hüseynə çatdırır. O da 20 sentyabrda Azərbaycan nümayəndə heyətindən Elçin Əfəndiyevi və Sabir Rüstəmxanlını görüşə dəvət edərək: “Şəxsim və dövlətim adına dəyərli Azərbaycan dövlətinə və sizlərə çox təşəkkür edirəm. Bütün ölkələr İraqa qarşı embarqo tətdiq etdiyi zamanda bu qədər ziyalı insanlarla İraqı ziyarət etməniz bizim üçün şərəfdir. Bu festival bütün embarqoları keçmişdir. Əsl dostluq, qardaşlıq budur” – deyir və Azərbaycan nümayəndə heyətinə Kərkükə getməyə icazə verir. Qəbuldan dərhal sonra hazırlıqlar görülür və Azərbaycan nümayəndə heyəti Mustafa Ziyanın rəhbərliyi ilə Kərkükə yola düşür.
(ardı var)
Şəmsəddin KÜZƏCI,
Kərkük şair-publisisti