Azərbaycan pediatriyasının qürur qaynağı

post-img

Dünya şöhrətli alim, tibb elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, SSRİ Tibb Elmləri Akademiyasının müxbir üzvü, Rusiya Elmlər Akademiyasının üzvü, Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, “Şöhrət” və “Şərəf” ordenli Adilə Namazovanın anadan olmasının 98-ci ili tamam olur. 

Adilə xanım milli genofondumuzun sərvəti olan uşaqlarımızın sağlam gələcəyi üçün qəhrəmancasına mübarizə aparıb, cə­miyyətin xeyrinə vaxtını, biliyini əsirgəmə­yib. 1926-cı ilin sentyabrında Ağdam rayo­nunun Seyidli kəndində dünyaya göz açıb. Yaddaşlarda xeyirxah insan, mahir həkim, istedadlı pedaqoq, elm təşkilatçısı kimi qa­lıb. 1949-cu ildə Tibb İnstitutunu uğurla bitirən Adilə xanım doğma yurdu Ağdama qayıdıb rayon uşaq məsləhətxanasının rəh­bəri kimi çalışıb. Gələcəyin alimi bilik və bacarığını daha da artırmaq, səhiyyənin in­kişafına öz töhfəsini vermək üçün təhsilini davam etdirib, elmi axtarışlara başlayıb. O, səhiyyə sahəsindəki xidmətlərinə və tibb elminə verdiyi töhfələrinə görə 1971-ci ildə keçmiş SSRİ Tibb Elmləri Akademiyasının müxbir üzvü seçilən ilk azərbaycanlı qadın alim olub. 

Ulu öndər Heydər Əliyev akademik Adilə Namazovanı Azərbaycanda elmi pe­diatriyanın banisi adlandırırdı. Adilə xanım xatirələrində bildirirdi ki, onun kadr hazır­lığı sahəsində gərgin fəaliyyətinə Ümum­milli lider və akademik Zərifə Əliyeva hər zaman dəstək olublar. Müstəqillik dövrün­də də Ulu öndər Adilə xanımın sədri oldu­ğu Azərbaycan Pediatrlar Assosiasiyasının fəaliyyətini hər vasitə ilə dəstəkləyib. 

Öz sahəsini sevməsi və elmə bağlı ol­duğu qədər ölkəmizin ictimai həyatında da yaxından iştirak edən akademik 1972-ci ildə Azərbaycan Pediatrlar Assosiasiya­sının (APA) sədri, 1973-cü ildə isə SSRİ Uşaq Həkimləri Cəmiyyəti İdarə Heyətinin üzvü olub. 1995-ci ildə Türkdilli Ölkələrin Pediatrlar Assosiasiyasının vitse-preziden­ti, Ümumdünya Pediatrlar Assosiasiyası İdarə Heyətinin üzvü seçilib.

Adilə xanım uzun illər Azərbaycan Respublika Qadınlar Cəmiyyətinin və So­vet Qadınları Komitəsinin Rəyasət Heyə­tinin üzvü kimi bu sahədə geniş fəaliyyət göstərib, tez-tez qadınların, uşaqların və­ziyyəti haqqında çıxışlar edərək hökumə­tin, parlament üzvlərinin diqqətini həmin problemə yönəldib. Azərbaycan torpaqla­rının ermənilər tərəfindən işğalı, bir mil­yondan artıq soydaşımızın qaçqın və məc­buri köçkün vəziyyətinə düşdüyü dövrdə keçmiş SSRİ-nin millət vəkili kimi yüksək kürsülərdən hər zaman öz sözünü deyib. Keçmiş sovet ordusunun 1990-cı il yanvar ayının 19-dan 20-nə keçən gecə Bakıda və ətraf bölgələrdə amansız vəhşiliklər, qırğın­lar törətdiyi zaman Adilə xanım Namazova qaniçənlərə qarşı fəal mübarizə aparıb. O, Xalq artisti bəstəkar Arif Məlikov və fəh­lə Sara Vəzirova ilə birlikdə “Salyan” ka­zarmasına və digər yerlərə gedərək sovet ordusu komandirləri tərəfindən tərksilah edilərək zirzəmilərə salınan 300-dən çox Azərbaycan əsgərinin azad edilmələrinə nail olub.

Adilə xanım uzun illər Azərbaycan Respublikasının Prezidenti yanında Ali At­testasiya Komissiyası Rəyasət Heyətinin üzvü kimi fəaliyyət göstərib. 20 il Azər­baycan Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurasının, eləcə də uzun müddət Azərbay­can Respublikası “Bilik” Cəmiyyətinin tibb bölməsinin sədri olub. O, “SOS Kinder­dorf” Uşaq-Kəndlərinin Azərbaycan Asso­siasiyası İdarə Heyəti, Bakı şəhəri Nəsimi rayon Qadınlar Şurası İdarə Heyəti və digər təşkilatlarda öhdəsinə düşən ictimai vəzifə­ni uğurla icra edib. 1994-cü ildən etibarən uzun müddət Azərbaycan Respublikası Ağ­saqqallar Şurasının İdarə Heyətinin üzvü olub. 2002-ci ildə Azərbaycan Respublikası Uşaq Fondunun həmsədri seçilib.

Adilə xanım 350-dən çox məqalənin, 30-dan çox monoqrafiya, dərslik və kitabın, eyni zamanda MDB məkanında "Tibbi eti­ka" adlı ilk dərsliyin müəllifidir. Onun el­mi-tədqiqat işlərinin nəticələri beynəlxalq elmi jurnallarda dərc olunub, Yaponiya, ABŞ, İngiltərə, Hindistan, Əlcəzair, Avst­riya, İtaliya, Türkiyə, Fransa, Almaniya, Rusiya, İsrail, Argentina, Belçika, İspani­ya, Misir və digər xarici ölkələrdə keçirilən elmi konqres və konfranslarda dinlənilərək yüksək qiymətləndirilib. 

Hələ gənc təbib ikən ölkəmizdə pe­diatriya elmi məktəbinin olmaması onu narahat edirdi. Odur ki, vəzifə pillələri ilə yüksələndən sonra alim Azərbaycanda ilk dəfə E.Əfəndiyev adına 2 saylı şəhər xəstəxanasında xüsusi biokimyəvi labo­ratoriya və ürək-tənəffüs sisteminin funk­sional fəaliyyətini müəyyənləşdirən elek-trofizioloji elmi mərkəz yaradıb, istedadlı gənc həkimləri, tələbələri mərkəzdə elmi fəaliyyətə cəlb edib. Bununla da Azərbay­canda yeni pediatriya elmi məktəbi forma­laşmağa başlayıb. Alimin yetirmələri onun rəhbərliyi altında böyük həvəslə çalışır, bir-birinin ardınca namizədlik, doktorluq dissertasiyaları müdafiə edirdilər.

Adilə xanım uşaqlarda ürək, qan-da­mar sistemi xəstəliklərinin öyrənilməsi, profilaktikası və səmərəli müalicə üsulla­rının tapılması ilə dərindən maraqlanıb. O, 1954–1957-ci illərdə Moskvada müəllimi G.N.Speranskinin elmi rəhbərliyi ilə təd-qiqat işi üzərində gərgin əmək sərf edib və çalışdığı uşaq xəstəlikləri kafedrasında bu istiqamətdə təcrübəsini artırıb.

Alim öz tədqiqatında yeni kompleks elektrofizioloji üsullar – oksigemometri­ya, pnevmotaxometriya, venoqrafiya, ple­tizmoqrafiya və s. istifadə edərək ilk dəfə uşaqlarda revmatizmin fəal mərhələsində ürək və qan-damar sisteminin funksional vəziyyətini, ürək əzələsində baş vermiş, o dövrə qədər öyrənilməmiş patoloji dəyi­şikliklərin mərhələsini, dərəcəsini öyrənib, şərhini verib, rasional müalicə üsullarını təklif edib. Adilə xanımın XX əsrin 60-cı illərinə qədər hələ də öyrənilməmiş və tam ümidsiz hesab olunan anadangəlmə ürək qüsurlarının müəyyən edilməsində ciddi səy göstərərək tədqiqatlar həyata keçirib.

Həmyerlimiz bu tədqiqatların yekun­larını ümumiləşdirməklə SSRİ Səhiyyə Nazirliyinin Moskva Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunun Elmi Şurasın­da müdafiə etdiyi dissertasiya işi ilə diqqət mərkəzində olub, dünyanın görkəmli alim­ləri bu elmi işi yüksək qiymətləndiriblər.

Adilə Namazova SSRİ Dövlət İxtira Komitəsindən 5 ixtira vəsiqəsi alıb. O, dün­yada ilk və yeganə pediatr idi ki, uşaqlarda anadangəlmə ürək qüsurları zamanı sanbal­lı, çoxtərəfli, dərin elmi tədqiqatlar aparıb konservativ və cərrahi müalicə üsullarını işləyir, fəsadların qarşısını almaq tədbirləri­ni təklif edir, ürək üzərində aparılası cərrahi əməliyyatın proqnozunu verir, cərrahi əmə­liyyatdan sonrakı yaxın və uzaq dövrlərdə (1 ilə qədər, 5 ildən sonra) olan müsbət və mənfi dəyişiklikləri bütün dəqiqliyi ilə ət­raflı öyrənirdi.

Azərbaycanda müasir tibb təhsilinə bio­etika fənninin inteqrasiyası və tətbiqi işində də akademik Adilə Namazovanın xidmət­ləri danılmazdır. Bioetikaya dair tədris və­saitlərinin Azərbaycan dilində nəşri və bir sıra digər tədbirlərin reallaşdırılmasında onun böyük əməyi olub. Adilə xanım uzun illər AMEA-nın Tibbi Bioetika Komitəsi­nin, ATU-nun Tibbi Bioetika Komitəsinin üzvü kimi öhdəsinə düşən ictimai işləri də bacarıqla yerinə yetirib.

1999–2000-ci illərdə assosiasiya ABŞ təhsil qrantını qazanır, tibbi bioetika üzrə təhsil proqramı və tədris materialları tərtib olunur. Proqram UNESCO-nun 11-ci ses­siyası, Bakı Humanitar Forumu və digər mötəbər beynəlxalq tədbirlərdə, eləcə də Təhsil Nazirliyində təqdim edilir.

APA hazırda da tibb təhsili tədris olu­nan universitet və kolleclərdə tibbi bioeti­kanın tədrisi metodikası üzrə tədbirlər ke­çirir, tədris proqramı əsasında Azərbaycan Tibb Universitetində (ATU) müəllimlər üçün təlimlər təşkil olunur. Bu gün ATU-nun hər bir fakültəsində bioetika fənni 3 dildə tədris olunur. Bu baxımdan uşaq hüquqları haqqında məlumatlılığı artırmaq məqsədilə nəşr olunan “Uşaq hüquqları dünya xalqlarının nağıllarında” kitabı maa­riflənmə mənbəyi kimi əhəmiyyətli nəşr he­sab olunur və imtiyazlı uşaqlar üçün təşkil olunan tədbirlərdə təqdim edilir.

Akademik Adilə Namazovanın Tür­kiyənin görkəmli elm adamlarından biri, ictimai-siyasi xadim, Azərbaycanın və Ulu öndərin səmimi ürək dostu, Ümumdünya Pediatrlar Cəmiyyətinin sədri, professor İh­san Doğramacı ilə sıx dostluq əlaqələri də bir örnəkdir. 

Adilə xanım tələbələrinə həkim olma­ğın necə bir fədakarlıq olduğunu aşılayır­dı. Bu peşənin tam mənasında bir könül işi olduğunu deyirdi. Həkim olmaq üçün tibbi biliklərə bələd olmağın kifayət etmədiyini, bu peşədə sənətkar qədər incə, mühəndis qədər intizamlı olmağın vacibliyini öyrə­dirdi.

Ömrünün 70 ilə yaxın bir dövrünü sə­hiyyəmizin, tibb elminin inkişafına, şəxsi nümunəsində yeni həkim nəslinin, yük­sək–ixtisaslı tibb mütəxəssislərinin ye­tişdirilməsinə həsr edən, insanlara şəfqət sovqatı bəxş edən pediatr alim bu yolda səmimiyyətlə, ardıcıl və yorulmadan fəa­liyyət göstərib. 

2020-ci ilin dekabrında tanınmış elm xadimi, ictimai xadim, minlərlə anaya körpələri ilə birlikdə şəfa verən təbib Adilə Namazova dünyasını dəyişib. Onun rəh­bərliyi ilə yaratdığı elmi məktəbin yetir­məsi olan 60-dan artıq alim namizədlik və doktorluq dissertasiyasını müdafiə edərək təkcə Azərbaycanda deyil, bir sıra xarici ölkələrdə də həkimlik və elmi fəaliyyətlə­rini uğurla davam etdirirlər.

Təranə TAĞIZADƏ,
Azərbaycan Pediatrlar Assosiasiyasının sədri, tibb üzrə fəlsəfə doktoru



Mədəniyyət