Milli ədəbiyyatımızın tərcümanı

post-img

Mənsur Vəkilov – 85

Unudulmaz şair, tərcüməçi, ssenarist, jurnalist, Əməkdar incəsənət xadimi Mənsur Vəkilov bu gün xoş xatirələrlə anılır. O, uzun illər Yazıçılar Birliyinin “Литературный Азербайджан” jurnalında çalışıb, ədəbi işçidən baş redaktorluğa yüksəlib. Ədəbiyyatımızın rus dilində təbliği kimi mühüm işin başında duranlardan biri də o, olub. 

Əslən Qazax rayonunun Yuxarı Sa­lahlı kəndinin Vəkilovlar soyundan olan Mənsur Vəkilov 1939-cu ildə Bakıda ziyalı ailəsində dünyaya gəlib. 1961-ciildə Azərbaycan Dövlət Universitetinin bitirib. Beş dildə 9 poetik məcmuənin müəllifi, “Humay” beynəlxalq mükafatı­nın laureatı, “A.S.Puşkin yubiley medalı”­nın sahibi idi. AYB-nin katibi kimi gərəkli fəaliyyəti ilə seçilirdi. Dostları onun ömrü boyu böyüklərin nəsihətini dinləməyi ba­carmasını, gənc şairləri dəstəkləməsini xü­susi vurğulayırlar. 

Çoxşaxəli nəsil şəcərəsinin şöhrətini artıran Mənsur Vəkilov ADR Parlamen­tinin üzvü, Azərbaycanda səhiyyənin ilk təşkilatçılarından biri olan Məmməd-rza ağa Vəkilovun nəvəsi, Azərbaycan SSR səhiyyə naziri (1963–1970) olmuş Əməkdar həkim Fəxri Vəkilovun oğlu­dur. Yeri gəlmişkən, bir əsr yarım əvvəl onların nəslində hərbçi, Krım muharibəsi­nin (1853–55-ci illər) qəhrəmanı kapitan Mənsur ağa Vəkilov da olub. Professor Satur Arayan özünün “Erməni xalqının tarixi taleyində Rusiyanın rolu” monoq­rafiyasında onu oxuculara erməni “Mar­tiros Vekilev” kimi təqdim edib. Tanınmış araşdırmaçı-publisisti, hərbi jurnalist Şə­mistan Nəzirli buna qarşı ciddi arqument­lərlə təkzib verib. 

Bizimlə söhbətində Şəmistan müəllim şair Mənsur Vəkilovun da haqqında ürək­dən gələn xoş sözlər söylədi:

– Mənsur olduqca bilikli və təvazökar bir şəxsiyyət idi. Rus dilini əla bilirdi, elə əsərlərinin də hamısını rusca yazıb. Mə­nim bir neçə hekayəmi ruscaya çevirərək jurnalda dərc etdirmişdi. Onunla Pitsunda kurortunda istirahətdə olanda şəxsiyyətinə daha yaxından bələd olmuşam. Mənsur, mən, Cəlal Bərgüşad və xanımı ... birlik­də dincəlirdik. Bir gün ... xanımın idarə etdiyi maşınla Soçiyə gedirdik. Yol polisi bizi saxladı. Mənsur maşından düşərək, onunla elə gözəl söhbət etdi, elə bir ziyalı səviyyəsi göstərdi ki, polis dərhal sənəd­ləri qaytarıb, “Hara istəyirsiniz, arxayın gedin”, – dedi. Orada olarkən Mənsurun dilindən Səməd Vurğun haqqında yazdığı şeiri eşitdim. Dedim ki, böyük şairə həsr olunmuş 270 şeir yığmışam, sən də bunu tez tərcümə elətdir, hazırladığım topluya salım. Elə də etdi. Mənsurun yoldaşlığı, dostluğu da özünəməxsus idi. Şənlənməyi sevirdi, birgə fotoşəkillərimiz də var. 

Mənsur Vəkilov öz Vətənində geniş oxucu kütləsi üçün müəyyən dərəcədə yad dildə – rusca yazıb, yaratsa da , öz də­də-baba yurdunun mənəvi örnəklərinə qı­rılmaz tellərlə bağlı, varislik duyğusunun güclü olduğu bir sənətkar idi. Ədəbi tənqid onun yaradıcılığı barədə yazırdı: o, sözün, sənətin qədrini bilən, şairlik adını uca tutan bir şəxsdir. Yazdıqları hay-küydən uzaq, təmkinli, həyalı poetik nümunədir. Xalq şairi Nəriman Həsənzadənin tərcümə etdi­yi “Əziz diyarım” şeiri kimi. 

Od-alov beşiyim -

Azərbaycanım!

Bu odla, atəşlə yoğrulub mayam.

Ucalan o qaya bürcləri kimi

Mən də bu torpaqdan baş qaldırmışam.

Azərbaycanın Xalq yazıçısı, mərhum Maqsud İbrahimbəyov şairin dostu haqqın­da deyib: “Tanıdığım ən parlaq insanlardan biri, bəlkə də onların ən yaxşısı Mənsur Vəkilov idi. Mənsur onu şəxsən tanıma­yanların xatirəsində istedadlı qələmindən çıxmış müdrik şeirləri ilə qalacaq. Mən isə ömrümün sonuna qədər Ulu Tanrıya şükür edəcəyəm ki, 40 ildən artıq bir müddətdə Mənsur mənim mehriban dostum olmuş­dur. Bir dəfə ad günündə ona yazmışdım: “...Öz gözəl şeirlərinlə bundan sonra da insanları inandırmaqda davam et ki, gözəl­lik, nəciblik və zəka bu dünyanı yaxşılığa doğru dəyişə bilər”.

Gənc yaşlarından Mənsurun qələ­mindən çıxan nəzm nümunələri Ukrayna, gürcü, latış və digər xalqların dillərinə tər­cümə olunub. Onun şeirlərini rus dilindən doğma dilimizə Səyavuş Məmmədzadə, Nəriman Həsənzadə, Fikrət Qoca, Əhəd Muxtar, Çingiz Əlioğlu tərcümə ediblər. Onlar Mənsurun iç dünyasına yaxından bələd olduqları üçün əsərlərini milli ko­loritdə dilimizə çeviriblər. “Ata şeiri buna gözəl nümunədir: 

Qalxıb gəzişdikcə mən bu otaqda

Fikrimdə dərələr, dağlar aşıram.

Ata deyən zaman oğlunam, ata,

Oğlumu öpəndə atalaşıram...

Mənsur Vəkilov Azərbaycanın rusdil­li şairlərinin müsabiqəsindən sonra nəşr olunmuş məcmuənin redaktoru olub. O, böyük tərcüməçilik fəaliyyətilə məşğul olmuş Səməd Vurğun, Hüseyn Arif, Vaqif Səmədoğlu, Əbülhəsən, Bəxtiyar Vahab­zadə, Əli Kərim, Fikrət Qoca, Sabir Əh­mədov, Vaqif Musa, Əkrəm Əylisli, Çin­giz Əlioğlunun bir sıra əsərlərini rusdilli oxucular üçün dəyərli töhfə kimi təqdim edib. 

...“Şərəf nişanı” ordenli şair Mənsur Vəkilov ədəbiyyatımızın, poeziyamızın şərəfini layiqincə qoruyub. 2009-cu ildə dünyasını dəyişib. Həmin il “Müxtəlif il­lərin və yüzilliklərin şeiri”) kitabı çapdan çıxıb.

Əli NƏCƏFXANLI
XQ

Mədəniyyət