Azərbaycanda ilk uşaq teleserialı çəkilir

post-img

Elm və Təhsil Nazirliyi ilə İctimai Televiziya və Radio Yayımları Şirkətinin birgə təşəbbüsü və layihəsi əsasında “Mən, Lalə, bir də Şerlok Holms” adlı teleserial çəkilir.

AZƏRTAC xəbər verir ki, çəkilişlər əsasən Balakən rayonunda həyata keçirilir.

Serialın əsas qəhrəmanı 7-ci sinif şagirdi Muraddır. Zəngin fantaziyaya malik Murad növbəti dəfə yay tətilinə çıxıb və istəməsə belə, valideynləri işdə olduğu üçün bütün yayı nənə və babasının yanında – kənddə keçirəcək. Murad kənddə həmyaşıdı olan Lalə və digər kənd uşaqları ilə dostlaşır. Lalə ona kənd həyatının incəliklərini öyrədir, Murad isə Laləni şəhərdən gətirdiyi qacetlər və oxuduğu kitablardan öyrəndiyi maraqlı faktlarla təəccübləndirməyə çalışır.

On iki hissədən ibarət teleserialda baş rol ifaçısı - “Şerlok Holms” obrazının yaradıcısı Əməkdar artist Rasim Cəfərin üzərinə daha çox yük düşür. Çünki filmdə böyüklərlə yanaşı, xeyli sayda azyaşlı uşaqlar da çəkilir və onların hər birinin qayğısını çəkmək, diqqət göstərmək lazımdır.

Əməkdar artist Rasim Cəfər bildirir ki, uşaqlar üçün nəzərdə tutulan serialın əsas qəhrəmanları da elə uşaqlardır. “Bu serialda müasir dövrdə kitabdan ayrı düşmüş uşaqlarda, gənclərdə yenidən kitaba sevgi, məhəbbət yaratmaq ideyası var. Yəni bizim baş qəhrəman Murad çoxlu kitab oxuyur”, - deyən Əməkdar artist teleserialın çəkilişləri zamanı maraqlı məqamların da yaşandığını söyləyir.

Yaradıcı heyətlə söhbət zamanı məlum olur ki, Muradın babası Oqtay təqaüddə olan polis polkovnikidir. Nənəsi Almaz xanım isə keçmiş ədəbiyyat müəllimidir və bədii ədəbiyyat nümunələri ilə zəngin böyük kitabxanası var. Babasıgildə qaldığı müddət ərzində Murad da kitablara maraq göstərir. Bir-bir o kitabları oxumağa başlayır. Murad hər seriyada bir kitab oxuyur və kitabın qəhrəmanını xəyalında canlandırır.

Baş prodüser Amiran Babayev isə əmindir ki, balacalar bu teleserialdan motivasiya götürərək, daha çox kitab oxumağa, daha çox savadlı olmağa səy göstərəcəklər.

Teleserialın quruluşçu rejissoru Rüfət Şahbazovun üzərinə hamıdan çox məsuliyyət düşür. Deyir ki, serialda çox böyük aktyor truppası, peşəkar komanda var. Çəkiliş qrupu da peşəkarlardan seçilib. Aktyor truppasının müəyyən hissəsi uşaqlardır. Uşaqlarla işləmək isə həqiqətən çətindir. Quruluşçu rejissor sözlərinə əlavə edir ki, “Mən, Lalə, bir də Şerlok Holms” Azərbaycanda ilk uşaq serialı olacaq.

Onu da öyrənirik ki, teleserialda “Eurovision 2011” təmsilçimiz, müğənni Eldar Qasımov da rol alır. Onun çəkiliş meydanına gəlməsi isə balaca qəhrəmanlar üçün əsl sürpriz olub.

Yeri gəlmişkən, serialın ideya müəllifi və ssenaristi Tural Sevdimalı və Vüqar Hüseynovdur. Serialın qarşıdakı aylarda təhvil verilməsi nəzərdə tutulur.

 





Mədəniyyət