4SİM: Azərbaycanın Rəqəmsal İqtisadiyyatının İnkişafı üzrə Strategiyanın ilkin versiyası hazırdır

post-img

Dördüncü Senaye İnqilabı Texnologiyaları - süni intellekt, əşyaların interneti, blokçeyn texnologiyaları, bunların yaratdığı dəyər saysız hesabsızdır. Biz 4SİM olaraq dünyada bu istiqamətdə gedən prosesləri yaxından izləyirik, təhlillər aparırıq, beynəlxalq bilik və bacarıqlıqların, uğurlu həll yollarının Azərbaycana gətirilməsi və əlaqələndirilməsi prosesi ilə məşquluq.

AZƏRTAC xəbər verir ki, bunu 4SİM-in icraçı direktorunun müavini Soltan Bayramov Şamaxıda COP29 çərçivəsində keçirilən “4-cü sənaye texnologiyalarının iqlim dəyişikliyi ilə mübarizədə rolu” tədbirində jurnalistlərə açıqlaması zamanı deyib.

S.Bayramov qeyd edib ki, bu il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik” ili elan olunub və ölkəmiz bu mövzu ilə bağlı dünyanın ən mötəbər tədbirinə ev sahibliyi etməyə hazırlaşır.

“Bizdə 4SİM olaraq bu hərəkata qoşularaq bu istiqamətdə tədbir keçiririk. Bir müddətdir ki, İqtisadiyyat Nazirliyi tərəfindən Azərbaycanın Rəqəmsal İqtisadiyyatının İnkişafı üzrə Strategiyası üzərində işlər gedir. Hazırda işlər yekunlaşıb, strategiyanın ilkin versiyası hazırlanıb və aidiyyatı dövlət qurumları ilə razılaşdırma mərhələsindədir. Bu strategiya istər dövlət, istər cəmiyyət, istərsə də bizneslər üçün maraqlı və faydalı təşəbbüsləri ehtiva edir. Bu təşəbbüslərin hazırlığı zamanı beynəlxalq praktikaya da nəzər salınıb. Əsas məqsədimiz biznes subyektlərinin mütərəqqi texnologiyaların tətbiqini təşviq etməkdir. Onlar rəqəmsal transformasiyanın faydalarından yararlanmaqla öz biznes proseslərini optimallaşdıra və beləliklə gəlirlərini artıra, xərclərini azalda və yekunda ÜDM-nin artmasına öz tövfələrini verə bilərlər. Dünyada bu proseslər elə bir səviyyədə gedir ki, onlardan kənarda qalmaq qeyri-mümkündür. Biz də dövlət olaraq bu proseslərdə, xüsusilə biznes subyektlərinin daha aktiv iştrakını təşviq edəcək bir çox tədbirlərin həyata keçirilməsini nəzərdə tuturuq", - deyə S.Bayramov bildirib.

İqtisadiyyat