Niyazinin sənət həmişəyaşarlığı

post-img

Onu milli musiqi mədəniyyətimizin tarxində “qızıl mərhələnin rəmzi” də adlandırırlar. Azərbaycanda dirijorluq məktəbinin formalaşması bu görkəmli sənət adamının adı ilə bağlıdır. İllər ötsə, zaman dəyişsə də dünya şöhrətli dirijor, bəstəkar, Xalq artisti Niyazi Tağızadə-Hacıbəyovun ürəklərdə yeri bir az da möhkəmlənir. Ənənəyə uyğun olaraq, bu il də görkəmli sənətkarın anadan olmasının 112-ci ili münasibətilə Fəxri xiyabanda məzarı ziyarət edildi. 

Tanınmış mədəniyyət və incəsənət xa­dimləri, ictimaiyyət nümayəndələri Fəxri xiyabanda maestronun məzarı önünə gül dəstələri düzdülər, xatirəsinə ehtiram nü­mayiş etdirdilər. 

Maestronun ev-muzeyində təşkil edilmiş toplantıda bu sənət saxlancının direktoru, Əməkdar mədəniyyət işçisi Rza Bayramov unudulmaz sənətkarın yaradıcılığı və insani keyfiyyətləri barə­də məlumat verdi:

– Niyazi Azərbaycan xalqının “milli sərvəti”dir. Onun adı hər yerdə ehtiramla çəkilir. Maestro mədəniyyətimizin zən­ginləşməsinə bir çox töhfələr bəxş edib. Görkəmli sənətkarın yaradıclığında ona əsas şöhrət gətirən dirijorluq olub. Niyazi sənəti ilə təkcə Azərbaycan deyil, türk dün­yası mədəniyyətinə də xidmətlər göstərib. Qısa müddətdə dünya onu tanıyıb, o da xa­rici aləmdə Azərbaycanı tanıtdırıb. O, na­dir insanlardandır ki, sənəti ilə şəxsiyyəti daim vəhdət halında olub. 

Mərasimdə qeyd edildi ki, maestronun həyat və faəliyyəti öyrənilir və təbliğ edilir. Musiqi Mədəniyyəti Dövlət Muzeyində və onun filialı olan ev-muzeyində sənətkarın zəngin yaradıclığına həsr olunmuş tədbir­lər keçirilir. Hər il maestroya aid irsin top­lanması, tədqiqi və nümayişi istiqamətində səmərəli işlər görülür. Son 2 ildə 47 yeni material əldə edilib. Hazırda isə muzeydə qorunub saxlanılan eksponat və sənədlə­rin sayı 6 min 500-ü ötüb. Bunlar əsasən, maestronun müəllif not əlyazmaları, proq­ramları, sənədləri, kitabları, afişaları, rəsm əsərləri, qramofon valları, fotoşəkilləri və şəxsi əşyalarından ibarətdir. 

Ənənəyə uyğun olaraq bu dəfə də mən­zil-muzeydə “Açıq qapı günü” təşkil olunub. 

Mərasim ümummilli lider Heydər Əliyevin Maestro Niyazi haqqında səslən­dirdiyi fikirlərin videoçarxı ilə başladı. 

Tanınmış bəstəkar, Xalq artisti Azər Dadaşov Niyazi sənətinin əbədiliyindən söz açdı. Ölməz sənətkarın yaradıcılı­ğının hələ sağlığında ümumxalq məhəb­bəti qazandığını xatırladan sənətkar söylədi: 

– 1912-ci il avqustun 20-də Tiflisdə anadan olan Niyazi əmisi Üzeyir Hacıbəy­linin himayəsində böyüyüb. Maestronun böyük sənət uğurları qazanmasında onun istedadı ilə yanaşı, Üzeyir bəyin də əvəz­siz xidmətləri olub. Niyazi dirijorluqda məharətini olduğu qədər bəstəkarlıqda da göstərib. Təsadüfi deyil ki, onun adı milli bəstəkarlıq məktəbinin görkəmli simaları ilə yanaşı çəkilir. “Xosrov və Şirin” ope­rası, “Zaqatala”, “Azərbaycan” süitaları, “Rast” simfonik muğamı və digər əsərlər Niyazinin qələminin məhsuludur. O, 1986-cı ildə R.Taqorun süjeti əsasında yazdığı “Çitra” baletinə görə “Cəvahirləl Nehru” mükafatına da layiq görülüb. 

Sonra Azər Dadaşov musiqi əsərlərin­dən ibarət kitabını muzeyə hədiyyə etdi, fortepianoda "Sumqayıt" kantatası və "Qı­zıldan" mahnısından fraqmentlər səslən­dirdi.

Əməkdar mədəniyyət işçi­si, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əlisəfdər Hüseynov və digərləri çıxışla­rında görkəmli sənətkarın həmişəyaşarlı­ğından söz açdılar. Onun musiqi mədə­niyyətimizin inkişafındakı xidmətlərini vurğuladılar.

Sonda Niyazi haqqında sənədli filmlər göstərildi, musiqi müəllifi olduğu ekran əsərlərinə baxıldı. 

Anım mərasimi konsert proqramı ilə davam etdi. 

Ceyhun ALIŞLI
XQ



Mədəniyyət