Naxçıvan Dövlət Universiteti ilklərə imza atır

post-img

Təkcə ölkənin deyil, bölgənin qabaqcıl təhsil ocaqlarından sayılan Naxçıvan Dövlət Universiteti həm də müasir çağırışlara cavab verən elm mərkəzi kimi tanınır. Yeni dünya çağırışlarının içərisində təhsilalma istiqamətindəki göstəricilərin artan dinamikası NDU-nun strateji inkişaf planının başlıca istiqamətlərindəndir. 

Bu gün müasir Azərbaycanın mövcud­luğunu ulu öndər Heydər Əliyevə borclu olduğumuz kimi, Naxçıvan Dövlət Univer­sitetinin mövcudluğu da dahi şəxsiyyətin adı ilə bağlıdır. Heydər Əliyev Naxçıvan Dövlət Universitetini hər zaman himayə edib, onun inkişaf yolunu dəqiq müəyyən­ləşdirib. O, dəfələrlə ziyarət etdiyi univer­sitet barədə deyirdi: “Çox xoşbəxtəm ki, mən bu universitetin təməlini qoyanlardan biri və onun təşəbbüskarıyam. Böyük if­tixar hissi keçirirəm ki, əsasını qoyduğu­muz bu təhsil ocağı indi böyük şöhrətə malikdir. Naxçıvan təhsili, məktəbi mənim üçün əzizdir. Universitet isə Naxçıvan təh­silinin zirvəsidir”.

Universitetə yüksək dövlət qayğısı Pre­zident İlham Əliyev tərəfindən də davam etdirilir. Yeni infrastrukturların açılışlarını etdiyi NDU barədə dövlət başçısının fi­kirləri bu gün ali təhsil ocağının çoxmin­li kollektivi üçün böyük situmul yaradıb, fəaliyyət istiqamətinə çevrilib: “Naxçıvan Dövlət Universiteti böyük və şərəfli yol keçmişdir. Mən şadam ki, universitet çox sürətlə inkişaf edir, burada böyük işlər görülür. Universitet dünyanın aparıcı ali məktəbləri ilə çox yaxşı işgüzar əlaqələr yarada bilib. Burada xarici ölkələrdən tələbələr oxuyurlar. Bu da onu göstərir ki, Naxçıvan Dövlət Universitetinin nüfuzu dünyada kifayət qədər yüksəkdir. Burada görüləcək işlər, yeni fakültələrin açılması və gələcək planlar, əlbəttə, imkan verəcək ki, Naxçıvan Dövlət Universiteti nəinki re­gionda, hətta dünya miqyasında tanınmış ali məktəblərin birinə çevrilsin”.

Bəli, yüksək dövlət qayğısı ilə əhatə olunmuş, geniş profilli, həmçinin tədqiqat yönümlü fəaliyyətə istiqamətlənmiş NDU-da nümunəvi universitet modeli formala­şıb. Universitet şəhərciyində onlarca tədris korpusu, elektron kitabxana, konserva­toriya, sosial xidmət mərkəzi, xəstəxa­na, Olimpiya İdman Mərkəzi, 2 stadion, müasir tipli tələbə və qonaq evi, 3 internet mərkəzi, media mərkəzi, universitet tele­viziyası (UTv), “Nuhçıxan” radiosu, nəş­riyyat, “Elmi əsərlər” jurnalı, “Yeni fikir” qəzeti və bir neçə muzey fəaliyyət göstərir. 

NDU ölkənin ali təhsil ocaqları arasın­da ən çox – 9 ölkədən 2 minə yaxın xarici tələbənin təhsil aldığı elmi müəssisədir. Dünya təcrübəsində olduğu kimi, univer­sitetin nəzdində 3 kollec, bir gimnaziya və beynəlxalq məktəb fəaliyyət göstərir. Son 5 ildə qazanılan uğurlar universitetin elmi axtarışlarının davamlılığını, əhatəli­liyini və dinamikliyini daha da sürətlən­dirməyə təkan vermis, onun tarixində bir çox ilklərə imza atmasına səbəb olmuşdur. NDU-da son iki ildə baş verən yeniliklər isə onu dünyanın qabacıl universitetləri ilə müqayisə etmək imkanı verib. 2022-ci ildə Naxçıvan Dövlət Universitetində IELTS qeydiyyat və imtahan mərkəzi, 2023-cü ildə isə SAT qeydiyyat və imta­han mərkəzi yaradıldı. Keçən il ali təhsil ocağının qazandığı ən böyük uğurlardan biri İT sahəsi üzrə dünyanın nüfuzlu şirkəti IBM arasında Əməkdaşlıq Memorandu­munun imzalanmasıdır. Dünyanın aparıcı universitetləri ilə daimi əlaqələrin qurul­ması üçün IBM-in 170 ölkəni əhatə edən Qlobal Ekosistemi ilə uyğunlaşmasına dair memoranduma əsasən, IBM şirkəti NDU-da Proqramlaşdırma Mühəndisliyi İnstitu­tu yaradacaq. Bütün bunlar universitetin rəqabətə davamlılığının artırılması, ikili diplom proqramlarının həyata keçirilməsi, beynəlxalq əlaqələrinin inkişafı istiqamə­tində müsbət addımları ilə yadda qalmaqla yanaşı, eyni zamanda, Naxçıvanda ingilis­dilli mühitin inkişafına töhfə verəcək.

2023-2024-cü tədris ilindən NDU-da kadr potensialının artırılması, xarici təcrü­bənin öyrənilməsi, tədqiqatların təkmilləş­dirilməsi və universitetlərarası akademik əməkdaşlığın gücləndirilməsi məqsədilə əcnəbi müəllimlərin tədris və tədqiqat işlə­rinə cəlb edilməsi xüsusi qeyd olunmalıdır. Universitetin son illər tətbiq etməyə baş­ladığı tələbəyönümlü təhsil sisteminə və təlim nəticələrinə əsaslanan yeni yanaşma, tədrisin keyfiyyətinin və elmi fəallığının artırılması, insan kapitalının formalaşdırıl­ması “Tədqiqat” və “Sahibkar” universitet statusu qazanma yolunda inamla irəliləmə­sinin əyani təzahürləridir.

2023-cü ildə Dövlət İmtahan Mərkəzi tərəfindən dövlət qulluğunda yüksək nəti­cə göstərən məzunların arasında NDU-nun üstün yer qazanması təsadüfü deyil. Son 20 ildə respublikamızda qara qızılın insan ka­pitalına çevrilməsi, təhsilin keyfiyyətinin yüksəldilməsi, gənclərin innovasiyalara, yeni texnologiyalara çıxış imkanlarının genişləndirilməsi məqsədilə böyük həcm­li işlər görülüb. Ötən dövr ərzində Nax­çıvan Dövlət Universiteti də Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində müəyyən edilmiş hədəflərə inamla və qü­rurla çatmaqdadır.

Dövlət başçısının “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proq­ramı”nın təsdiq edilməsi haqqında sərən­camında Naxçıvan Dövlət Universitetinə də yer ayrılması, qarşıdakı illərdə uğurlu fəaliyyəti ilə bağlı prioritelərin məyyən­ləşdirilməsi universitetə dövlət qayğısının parlaq təzahürüdür. 

Yeri gəlmişkən, dövlət proqramı­nın icrası çərçivəsində Naxçıvanda ilk dəfə olaraq NDU Beynəlxalq Məktəbinə Kembricin rəsmi sertifikatı verilib. Bu­nunla da NDU Beynəlxalq Məktəbi dün­yada fəaliyyət göstərən Kembric məktəb­ləri şəbəkəsinə qoşulub. Yəni, Kembric proqramı ilə dərs deyəcək yerli müəllim­lərin üzünə İngiltərə universitetinin zən­gin inkişaf resursları, dərs materialları, təlimləri açılıb.

Dövlət proqramının qəbulundan bir il ötməsinə baxmayaraq, orada qeyd olu­nan vəzifələri strateji hədəf kimi müəyyən edən universitet onların böyük bir qismini həyata keçirib. 

Bu gün Naxçıvan Dövlət Universite­ti ölkəmizdə reallaşdırılan bir çox bey­nəlxalq konfrans, festival və görüşlərə ev­sahibliyi edir. Ötən iki ildə reallaşdırılan I Beynəlxalq Tibbi Forum, iki il ardıcıl ola­raq “Qərbi Azərbaycana Qayıdış” festival/konqres və eləcə də digər layihələrdə ölkə­mizin, eləcə də dünyanın tanınmış elm xa­dimləri, təhsil ictimaiyyətinin qabaqcıl nü­mayəndələri, tədqiqatçı alimlər, Naxçıvan Dövlət Universitetində bir araya gələrək, kitab təqdimatları etmiş, mühazirələr oxu­muş, professor-müəllim və tələbə heyəti ilə görüşlər keçirimişlər. 

NDU-da dünya şöhrətli türk alim, kimya üzrə Nobel mükafatı laureatı Əziz Səncərlə görüşün keçirilməsi ali təhsil oca­ğının tarixində əlamətdar hadisələrdən biri oldu. 

Böyük alimin Azərbaycana səfəri çər­çivəsində Naxçıvan Muxtar Respublika­sında Prezidentin səlahiyyətli nümayən­dəsi Fuad Nəcəflinin dəvəti ilə Naxçıvana səfəri baş tutdu. Nobel mükafatı laureatı Əziz Səncər göstərilən qonaqpərvərliyə və səmimi qəbula görə minnətdarlığını bildi­rib, Naxçıvanda olmaqdan məmnunluğu­nu belə ifadə edib: “Naxçıvanda bu qədər diqqət görəcəyimi gözləmirdim. Burada naxçıvanlıları yaxından tanıdım. Hamınız bizim qardaşlarımızsınız, hamınızı çox sevdim. Ən türksevər insanları Azərbaycan torpağı yetişdirib”.

Bəli, Naxçıvan Dövlət Universiteti milli təhsilin inkişafı üzrə uzaq prioritet­lərinə doğru inamla addımlayır. Biz bu ali təhsil ocağının timsalında innovasiyalara açıq, dövrün qlobal trendlərinə qoşulan, müasir tələblərə uyğun mütəxəssis ye­tişdirən müasir təhsilin sisteminin yeni üfiqlərini görürük.

Arzu ABDULLAYEV,
Naxçıvan Dövlət Universitetinin prorektoru, tarix üzrə fəlsəfə doktoru, dosent

Mədəniyyət