Redaksiya rəhbərliyi özü də bu qırğının qurbanı olmuşdu
Repressiyanın tüğyan etdiyi 30-cu illərdə – çox qorxunc və ziddiyyətli bir dövrdə nəşrini davam etdirən “Kommunist” qəzeti vahimə və qadağalara baxmayaraq, milli maraqları qorumağa çalışmışdır. Ümumiyyətlə, 30 və 40-cı illərin partiya-sovet mətbuatında dərc edilən yazılar göstərir ki, qəzet-jurnallar təmsil etdikləri hakimiyyətin mövqeyini ifadə etməkdən yaxa qurtara bilməmişdir.
“Partiyalı və xəlqi” sovet mətbuatında bu mənzərə birmənalı olaraq yuxarıların ciddi “diktəsi” ilə müşayiət olunmuşdur. Azərbaycanda kommunist-bolşevik ideallarının baş informaiya və təbliğat ruporu olan “Kommunist” qəzetinin başqa mövqedə dayanması mümkün deyildi. Əslində, sovetlərin ilk illərində əlifba islahatının, Şərq xalqları və Türkoloji qurultayların keçirilməsində qəzet dövlətin yeritdiyi ideoloji siyasəti əks etdirmişdir.
Bununla heç də qəzetin fəaliyyət siferasını və xidmətlərini azaltmaq fikrində deyilik. Əslində, ayrı-ayrı tədqiqatçıların da dediyi kimi, Elmlər Akademiyasının olmadığı, ədəbi-bədii təşkilatların yeni-yeni formalaşdığı bir vaxtda “Kommunist” qəzeti redaksiyası milli elmi-mədəni qüvvələri öz ətrafında toplayan başlıca mənəvi mərkəzə çevrilmişdi. Bu gün bu reallıqları nəzərə almadan qəzetin fəaliyyətinə qara eynəkdən baxmaq obyektivlikdən uzaq olardı. Nəhayət, qəzet, milli jurnalist kadrların yetişməsində və formalaşmasında mühüm bir yaradıcılıq məktəbi rolunu yerinə yetirmişdir.
Bu ənənə uzun illər “Kommunist” qəzetinin fəaliyyətində əhəmiyyətli rol oynamışdır. Respublikanın ən yaxşı jurnalist qüvvəsinin cəmləşdiyi kollektivin yaradıcı əməyi ilə nəşr edilən qəzet təəssübkeş ziyalıların da fəal tribunasına çevrilmişdir. Eyni zamanda, qəzetin ideya-siyasi səviyyəsi, peşəkarlığı hər zaman sahə qəzetlərinə, bölgələrdə nəşr olunan dövri mətbuata da örnək olmuşdur.
Bir məsələni də unutmamalıyıq ki, dövrün birinci rəsmi partiya və dövlət qəzeti olan “Kommunist” kütlənin siyasi və mənəvi tərbiyəçisi kimi fəaliyyət göstərirdi. Bu qəzet həmişə tarixi hadisələrin mərkəzində olmuş, xalq kütlələrinə mütərəqqi ideyalarla təsir göstərmiş, respublikanın gündəlik həyatının önəmli məsələlərinin həllində siyasi rəhbərliyin mühüm təsir vasitəsi olmuşdur. Bir məsələni də unutmaq olmaz ki, bu qəzet orqanı olduğu rəhbər təşkilatın siyasətini yerinə yetirməyə borclu idi, onun vəsaiti ilə nəşr olunurdu, amma bununla belə milli təəssübkeşliyini heç vaxt unutmurdu və bunun cəzasını çəkirdi.
Sual oluna bilər ki, siyasi rəhbərliyin qəzetdən tələbi nə idi? Təbii ki, sovet ideologiya maşınının tələbləri qəzet səhifələrində mövcud ideologiyanın cəmiyyətə xoşbəxtlik, bərabərlik gətirəcəyinə inam yaratmaq, əməkçi insanın fədakarlığını tərənnüm etmək, milli əhval-ruhiyyəni aşağılamaq və s. mövzulardan yazmaq idi. Əli qələm tutanlar belə yazmağa məcbur edilirdilər. Əks təqdirdə yazarlara “müsavatçı, millətci, pantürkist, siyasi düşmən” kimi damğalar vurulurdu. Onlar yeni qurulan cəmiyyətin düşməni, keçmişin tör-töküntüsü kimi hədəfə çevrilirdilər.
Bu az imiş kimi, qara yaxılanların qohum-qardaşları və ailə üzvləri də “xalq düşməni” elan edilirdilər. Digər tərəfdən, cəmiyyətin bu arzuolunmaz iyrəncliklərini “tərənnüm” edən qəzet, həm də yaxın tariximizin olaylarının və qanla yazılmış tarixinin bugünkü nəsillərə və gələcəyə çatdırılmasında qiymətli mənbədir. Cəza hadisələrinin təşkilində qəzetin rolunun nədən ibarət olduğuna birmənalı qiymət verilməsi nə qədər çətin və ziddiyyətli olsa da, günün siyasi gedişatının təhrif edilmədən, olduğu kimi cəmiyyətə çatdırılması və tarixə həkk edilməsi qəzetin ən böyük xidməti olmuşdur.
“Kommunist”in səhifələrində yer alan çoxsaylı məqalələrə diqqət etməklə baş verən faciəli hadisələrin xeyli dərəcədə açıq şəkildə cəmiyyətə çatdırılmasının şahidi oluruq. Bütün tale və həyat yolunu Azərbaycanla bağlayan, xalqın xoşbəxtliyini öz xoşbəxtliyi bilən, ADR-nin Türkiyədə ilk səfiri olmuş Yusif Vəzir Çəmənzəminli “Kommunist” qəzetində belə tənqid olunurdu: “Yusif Vəzir sovet ədəbiyyatının ona vermiş olduğu imkanları doğrultmaq üçün bugünkü həyatımızdan və yaxud köhnə müsavat quruluşunu ifşa edəcək əsərlər yazmaq əvəzinə, özünü keçmiş qədim tarixi dövrlərə atır və öz mövzularını oradan seçir. O, “Qızlar bulağı”, “İki od arasında” kimi bu gündən çox-çox uzaq əsərlər yazmışdır. Halbuki Yusif Vəzir öz iştirak etdiyi Müsavat hökumətinin avantürasını, şovinizmini və xalqı soymasını “Qızlar bulağı”ndan daha asan yaza bilərdi. Bəs nə üçün yazmayır? Nə üçün o, Müsavat hökumətinin Azərbaycan xalqını çapıb-talamasını göstərməyir? Sovet yazıçısı adını daşıyan bir şəxs üçün ölkəmizdəki parlaq qalibiyyətlər maraqsız qala bilərmi?”
Eləcə də həmin məqalədə Tağı Şahbazi belə təqdim olunurdu: “Vaxtilə cibində partiya bileti daşıyaraq orda-burda millətçi fikirlər yürüdən, nəinki bolşevik adına, hətta adi bir sovet vətəndaşına belə layiq olmayan meşşan, ikiüzlü fəaliyyətlə məşğul olan Tağı Şahbazi – bütün yaradıcılığı bir xoruza yük ola bilən bu yazıçı haqqında olduqca şişirdilmiş fikirlər söylənilirdi”.
Səhifələrində müntəzəm olaraq yer alan bu cür yazılara, repressiya dövründə, demək olar ki, qəzetin hər bir sayında rast gəlmək olur. Hədəf isə “Ruhulla Axundov və Mikayıl Hüseynovun yardımı və ittifaq rəhbərliyinin sinfi sayıqlığını itirməsi, siyası korluğu, çürük liberalizmi sayəsində hər boyalı xalq düşməni, yapon-alman-faşist agentləri, trotskist, müsavatçı, pantürkist ünsürlər – Əli Nazim, Əhməd Cavad, Hüseyn Cavid, Yusif Vəzir, Sanılı, Seyid Hüseyn, Musaxanlı, Müşviq, Mümtaz, Qantəmir, Sultan Məcid Qənizadə, Talıblı, Qurban Musayev, Tağı Şahbazi, Mikayıl Rəfili, Əli Razi və Zinət Zakirov” kimi milli ziyalılar idilər.
“Kommunist” qəzetində belə qarayaxmalar, iddialar təkcə Yusif Vəzir, Hüseyn Cavid barədə deyil, eyni zamanda, pantürkist mövqeyində olmasına görə Əhməd Cavad və onun “quyruğu” kimi tənqid olunan Mikayıl Müşfiq haqqında da söylənilirdi. Əhməd Cavad haqqında “tənqidi fikirlər”, əslində, həqiqətdən çox-çox uzaq, qeyri-ciddi, haqsız ittihamlar idi: “Əhməd Cavad Azərbaycan xalqının ən qatı düşməni olan Müsavat hökumətinin sevimlisi və dərslik yazan şairi olmuşdur. Özünün ən səmimi şeirini, Müsavatın erməni-azərbaycanlı əməkçilərinin qanı ilə boyanmış və Azərbaycan işçi və kəndlilərinin ingilis imperialistlərinə və Türkiyə sultanlarına satılması ilə möhkəmlənən bir murdar bayrağına həsr etmişdir”.
Digər bir məqalədə göstərilirdi ki, Azərbaycan Sovet Yazıçılarının III plenumunda çıxış edən Azərbaycan K(b) PMQ kultur-maarif şöbəsinin müdiri Hökumə Sultanova “Əhməd Cavadın murdar sifətini bütün çılpaqlığı ilə açmışdır” və plenum “17 il ərzində öz düşmənçilik duyğularını dəyişmədiyi üçün” Əhməd Cavadı yazıçılar sırasından xaric etmişdir.
Başqa bir müəllif Ə.Əkbər bir az da irəli gedərək yazırdı: “Müsavatçıların əl tulası olan Müşfiqin həyasızlığı o dərəcəyə çatmışdır ki, o, irəliləyən sovet ədəbiyyatına müqavimət göstərmiş, sovet yazıçıları ittifaqının rəhbərləri S.Şamilov və S.Vurğunun qanadı altında son günədək öz kontrrevolüsion pozucu işlərini yeritməyə imkan tapmışdır”.
Eyni ittihamlar dövrün alimləri, aktyorları haqqında da deyilirdi. “Azərbaycan Dövlət Dram Teatrının burjua nasionalistlərinin əlaltılarından təmizlənməsi”, “Saf, revolusyon Azərbaycan dili haqqında” adlı məqalələrdə Ulvi Rəcəb, Mirzağa Əliyev, Möhsün Sənani, Fatma Qədri, Şəmsi Bədəlbəyli, Rüstəm Səidov kimi sənətkarlarımızın teatr sənətimizə, dilçi alimlərimiz Bəkir Çobanzadə, İsmayıl Hikmət, Vəli Xuluflu kimi məşhur ziyalıların Azərbaycan dilinə vurduğu “ziyanlardan” danışılır.
Tədqiqatçı Gülər Qasımova bu cür ittihamların yer aldığı "Kommunist" və "Gənc işçi" qəzetindən toplanmış materialların bir qismini “Açıq ədəbiyyat” adlı kitabçasında təqdim edir. Tərtibçi repressiyaya məruz qalan yazıçıların arasındakı münasibətlərlə yanaşı, onların qəzet səhifələrində amansızcasına təhqir olunmaları barədə yazıların bir qismini çağdaş oxucuya təqdim edir: “Bu gün o dövrün şairləri haqqında çox danışılır. Cəfər Cabbarlı, Mikayıl Müşfiq, Hüseyn Cavid və daha kimlər... Onların bir çoxları hətta bütləşdirilir, onları tənqid tabulaşıb artıq. Bu gün Cavid deyərkən gözümüzün qabağında yeyən, içən normal şair gəlmir. Biz faciəli həyat təsəvvür edirik, Cavidin kədərli üzünü görürük. Cəfər Cabbarlı deyəndə heç kəs müasirləri ilə intriqalar yaşayan bir yazıçı, dramaturq təsəvvür etmir. O saralmış və unudulmuş qəzet səhifələrində nə məqalələr, nə yazılar vardı”.
Rejimin tələblərindən doğan və mətbuatda yer alan bu yazılara “günün tələblərindən doğurdu” deməklə bəraət qazandırmaq olarmı? Bu, o qədər mümkünsüzdür ki, az qala, 1937–38-ci illərin repressiyasına bəraət qazandırmaq kimi görünərdi. Faciənin adına uyğunluğu və amansızlığı ondadır ki, o illərin repressiyası hətta qəzetin sovet rejiminə və ideologiyasına can-başla xidmət edən əməkdaşlarından da yan keçməmişdir.
Qəzetə müxtəlif illərdə redaktorluq etmiş Ruhulla Axundov, Əliheydər Qarayev, Böyükağa Talıblı, Həbib Cəbiyev, tanınmış yazarlar Xəlil İbrahim, Fərhad Ağazadə, qəzetlə əməkdaşlıq edən neçə-neçə yazıçı-şair millətçi damğası ilə qətlə yetirilmişlər. Repressiya qurbanları olan ziyalıların kimliyinin, xidmətinin nəzərə alınmaması da göstərir ki, bu, əslində, millətə qarşı qırğın siyasəti olmuşdur.
Məhəmməd Əmin Rəsulzadəni, Əli bəy Hüseynzadəni rejimin düşməni sayan “Kommunist” qəzetinin redaktoru, daha yüksək vəzifələrin etibar edildiyi Ruhulla Axundov Sovet Azərbaycanının ideoloji rəhbərlərindən idi. “Proletariatın dahi rəhbərləri Marks və Leninin” əsərlərini ilk dəfə Azərbaycan dilinə çevirən də, onların həyat və fəaliyyətini Azərbaycan oxucusuna təqdim edən də, “Kapital”ı bəşərə yol göstərən əsər adlandıran da o idi. Hətta 1927-ci ildə Lenin haqqında “Böyük alimlər, məşhur ustadlar, nəhayət, “124 min” peyğəmbərlər hamısı bir yerdə və hər birisi təklikdə unudular, lakin Lenin unudulmaz; çünki bunların hamısının bir yerə yığsan bəşəriyyətin dirilməsi yolunda Leninin etdiyini edə bilməyiblər” deyən də o, idi.
Lenini tərcümə edən, acınacaqlı ölümünə qədər ona inanan bu ideoloq 1937-ci ilin dekabrında işə gedərkən həbs olundu və 1938-ci ildə Leninin doğum günü - 22 apreldə güllələndi. M.C.Bağırov sonralar öz məhkəməsində Ruhulla Axundovu “vicdanlı kommunist” adlandırırdı, M.Ə.Rəsulzadə isə 1952-ci ildə onun haqqında yazmışdı: “Müsavatçılıq və panturanizmə qarşı amansız mübarizə aparan Ruhulla Axundov “panturanizmin zəhərli bir nümayəndəsi və “Müsavat” partiyasının zavallı bir agenti” kimi günahlandırıldı”.
Namiq ƏHMƏDOV
XQ