COP29 Azərbaycan Əməliyyat Şirkətinin mətbuat xidmətindən verilən xəbərə görə, qurumun Məlumat Mərkəzində maarifləndirmə məqsədilə növbəti interaktiv sessiyalar təşkil olunub. İqlim, ekologiya, dayanıqlı gələcək və inklüzivlik mövzularına həsr edilən sessiyaların birinci günü uşaqların bu mövzularda məlumatlılığının artırılması məqsədilə yaradıcı master-klasslar, ikinci günü isə müvafiq sahələrdən olan ekspertlərin iştirakı ilə trend-sessiya təşkil olunub.
Sessiyanın ilk günündə uşaqlar üçün dayanıqlı həyat tərzi üzrə praktiki bacarıqların formalaşdırılmasına yönələn “Orqanik məktəb” master-klassları, həmçinin ətraf mühitin mühafizəsi məsələlərini kreativ şəkildə canlandıran “Plastik və balıqlar” və “Ağaca suallar” adlı immersiv şoular təşkil edilib. Tədbir çərçivəsində uşaqlar planetimizin üzləşdiyi ekoloji problemlər, bu problemlərin həllində hər bir fərdin üzərinə düşən məsuliyyət və dayanıqlı təşəbbüslərin vacibliyi ilə bağlı məlumatlandırılıblar.
Tədbirin ikinci günü təşkil olunan inklüzivlik mövzusu ilə bağlı müzakirə sessiyası isə müvafiq sahələri təmsil edən ekspertlərin iştirakı ilə iqlim və inklüzivliyin sağlam həyat tərzi, təhsil və incəsənət ilə sıx əlaqəsinin vurğulanmasına yönəlib. Trend-sessiyada iqlim dəyişikliyinin xüsusi qayğıya ehtiyacı olan insanlara təsiri, iqlim dəyişikliyi ilə mübarizədə göstərilən qlobal səylərdən heç kimin kənarda qalmamasını təmin etmək üçün dayanıqlı təşəbbüslər, inklüziv siyasət və təcrübələrin iqlim fəaliyyətinə inteqrasiyasına dair anlayışlar müzakirə olunub.
Tədbirin sonunda “DanceAbility” metod üzrə qurulan inklüziv rəqs performansı nümayiş etdirilib.