Xətai Sənət Mərkəzi yeniyetmə və gənc heykəltaraşlar üçün “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Əllərin sehri” adlı yaradıcılıq müsabiqəsi elan edib.
Bu barədə XQ-yə məlumat verən sənət mərkəzinin direktoru Zahid Əvəzov bildirdi:
– Müsabiqədə 12-21 yaşlı əl qabiliyyəti olan yeniyetmə və gənclər iştirak edəcəklər. Yarşın məqsədi yeni nəslin yaradıcılıq ruhunun yüksəldilməsi, asudə vaxtdan səmərəli istifadə, əl işinin xüsusi enerji və dəyər daşıdığını göstərməkdir. Gənclər müxtəlif kompozisiya nümunələri ilə müsabiqəyə qoşula bilərlər.
İştirak etmək istəyənlər [email protected] elektron ünvanına sənədlərini göndərməklə müraciət edə bilərlər. Müsabiqəyə müraciət oktyabrın 15-dəkdir.
Mərkəzin rəhbəri onu da qeyd etdi ki, müsabiqəyə ən çox 2 əsər göndərmək olar. Sonda qalib gələn əsərlər seçilərək, nümayiş olunacaq.
Qeyd edək ki, müsabiqə Mədəniyyət, Elm və Təhsil nazirlikləri, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Uşaq Sənəti Qalereyasının birgə təşkilatçılığı ilə keçirilir.
C.BALABƏY
XQ