Avqustun 16-da TÜRKSOY-un Ankaradakı binasında görkəmli teatr və kino aktyoru, rejissor, Azərbaycanın Əməkdar incəsənət xadimi Cahangir Novruzovun anadan olmasının 70 illiyinə həsr olunmuş yubiley mərasimi keçirilib.
TÜRKSOY-un Baş katibi Sultan Raev çıxış edərək Cahangir Novruzovun Azərbaycanda və Türk dünyasında teatr yaradıcılığının inkişafına töhfəsini yüksək qiymətləndirib. O qeyd edib ki, onun iştirak etdiyi tamaşalar bu gün də Azərbaycanın hüdudlarından kənarda böyük maraqla qarşılanır. Baş katib aktyorun Türk dünyasında teatr sənətinin inkişafına verdiyi töhfəni vurğulayaraq deyib: “Son 30 ildə Cahangir Novruzov Türkiyədə fəaliyyət göstərib, qardaş ölkənin mədəniyyət və incəsənət sahələri üçün peşəkar kadrlar hazırlayır. Türk mədəniyyətinin inkişafına verdiyi töhfəyə görə ona minnətdarıq”.
Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov yubiley tədbirinin təşkilində göstərdiyi dəstəyə görə TÜRKSOY-a təşəkkür edib. Cahangir Novruzovu bütün Türk dünyası mədəniyyətinin görkəmli nümayəndəsi kimi xarakterizə edən diplomat xatırladıb ki, aktyor yaradıcı insanların ailəsində doğulub və adlı-sanlı valideynlərinin işini davam etdirib. O əlavə edib: “Cahangir Novruzov çoxlu dövlət mükafatları ilə təltif olunub, amma onun ən böyük mükafatı Azərbaycan xalqının sevgisi və diqqətidir”.
Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev Cahangir Novruzovun mədəniyyətimizin xaricdəki təbliğində xidmətlərini vurğulayıb.
TÜRKSOY yanında daimi nümayəndəmiz Elçin Qafarlı iştirakçıları Azərbaycan Mədəniyyət Nazirliyi kollektivinin təbrik məktubunun mətni ilə tanış edib.
Tədbirdə iki qardaş ölkənin diplomatları, mədəniyyət xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Adanada Çukurova Universitetinin Dövlət Konservatoriyasında dərs deyən professor C.Novruzov onun yaradıcılığına göstərdikləri diqqətə görə təşkilatçılara və tədbir iştirakçılarına təşəkkürünü bildirib.
XQ