Vətən müharibəsində qəhrəmanlıqla həlak olmuş sumqayıtlı şəhidlərin valideynləri Xaçmaz rayonunun Xudat şəhərində yaşayan Fərəcovlar ailəsini ziyarət edib, bu ailənin övladı, şəhid Fəxrəddin Fərəcovun yeni yaradılan muzeyi ilə tanış olublar.
Qonaqlar şəhidin nəfis şəkildə hazırlanmış iri portretini muzeyə təqdim ediblər. Kiçik çavuş Fəxrəddinin atası Feyzulla və anası Bahar xanım ziyarətçilərə igid Vətən oğlunun həyat hekayəsini danışıb, şərəfli mübarizə yolundan söz açıblar. Şəhidin bacısı – Sumqayıtda yaşayan Rübabə xanım qardaşını yad etməyə gələn şəhid analarına, görüşün təşəbbüskarı şair-yazar Esmira Günəşə ailə adından təşəkkürünü bildirib. O qeyd edib ki, Fəxrəddin Sumqayıta qəlbən bağlı idi və hər dəfə qonaq gələndə mütləq dostları, hərbçi yoldaşları ilə görüşər, şəhid olmuş silahdaşlarının ailələrinə baş çəkər, bacardığı qədər onlara dəstək olmağa çalışardı.
Qeyd edilib ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən haqq savaşında göstərdiyi igidliyə görə kəşfiyyatçı Fəxrəddin Fərəcov ölümündən sonra “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə”, eləcə də Füzulinin, Qubadlının, Cəbrayılın və Xocavəndin azad olunmasına görə medalları ilə təltif olunub. O, cəbhəyə gedəndə Ümid adlı bir oğlu vardı, 2021-ci ilin aprelində doğulan 2-ci oğluna isə şəhidin adı qoyulub.
Daha sonra qonaqlar Vətən müharibəsi şəhidi İlqar Hüseynlinin ailəsi ilə də görüşüb və Vətən oğullarınının məzarlarını ziyarət ediblər.
Ə.ƏLİYEV
XQ