Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə klassik ədəbiyyatımızın tanınmış nümayəndəsi, maarifpərvər ziyalı, şair Mirzə Şəfi Vazeh haqqında Vikipediya Beynəlxalq Elektron Ensiklopediyasında özbək dilində "Mirzo Shafi Vazeh" adlı bölmə istifadəyə verilib.
Azərbaycan Mədəniyyət Mərkəzinin vikipediya heyətinin tərtib etdiyi 12 bölmədə şairin həyatı, yaradıcılığı, Azərbaycan ədəbiyyatına və milli məfkurəyə verdiyi töhfələr, maarifçilik fəaliyyəti və s. məlumatlar yer alıb.
Geniş məqalədə qeyd olunur ki, Azərbaycan şairi və mütəfəkkiri, xəttat, maarifçi və pedaqoqu Mirzə Şəfi Vazeh həm Azərbaycan, həm də fars dillərində şeirlər yazıb, poeziyamızın ənənələrini inkişaf etdirib.
Bundan əlavə, maarifçilik və pedaqoji fəaliyyətlə də məşğul olan Mirzə Şəfi Tiflisdə Azərbaycan və fars dillərindən dərs deyib, Azərbaycanın gələcəyi üçün ziyalılar yetişdirib. Mirzə Şəfi rus pedaqoqu İvan Qriqoryevlə birlikdə Azərbaycan poeziyasının ilk ədəbiyyat müntəxəbatını və Tiflis gimnaziyası üçün “Tatar–rus lüğətini” tərtib edib.
Bölmədə bildirilir ki, Mirzə Şəfi dövrünün tanınmış maarifpərvər ziyalıları, şair və ədibləri ilə sıx əlaqə saxlayıb. Onun yaradıcılığı təkcə Azərbaycanda deyil, Avropada da tanınıb, əsərləri rus, alman dillərinə tərcümə edilərək çap olunub, şeirlərinə Avropa bəstəkarları musiqi bəstələyiblər.
Bölmə ilə https://uz.wikipedia.org/wiki/Mirzo_Shafi_Vozeh linkində tanış olmaq mümkündür.
Qulu KƏNGƏRLİ,
XQ-nin Mərkəzi Asiya müxbiri
Daşkənd