Ukrayna Kurskda möhkəmlənir...

post-img

Ukraynanın Rusiyanın Kursk vilayətində apardığı əməliyyat barədə müxtəlif xəbərlər yayılır. Rusiya Müdafiə Nazirliyi vilayətə daxil olmuş Ukrayna hərbçilərinin neytrallaşdırılması istiqamətində əməliyyatın davam etdiyini bildirir. Ukrayna mənbələri isə Kurskda yeni ərazilər ələ keçirildiyini iddia edirlər. Qərb mətbuatı yazır ki,  çox sayda rusiyalı əsir götürülüb. Belə bir iddia da var ki, Rusiya və Ukrayna əsirlərin dəyişdirilməsi barədə danışıq aparırlar.

Kursk vilayətindən təzadlı xəbərlər gəlməkdə davam edir. Ukrayna hakimiyyəti hələ də məhdud açıqlama verməklə kifayətlənir. Ancaq müstəqil mənbələrin məlumatlarına görə, Ukrayna Silahlı Qüvvələrinin Rusiya ərazisinin dərinliklərinə doğru irəliləmə tempi azalıb. Rusiya Ukrayna ordusunu bölgədən çıxara bilmir. Bundan əlavə, bildirilir ki, Ukrayna ələ keçirdiyi ərazilərdə möhkəmlənməyə başlayıb, Rusiya isə sərhəddən 45 kilometr uzaqlıqda istehkamlar qurur. Tərəflərin bir-birinin şəhərlərinə zərbə endirmələri də davam edir. Ukrayna qoşunlarının Kursk və Voroneji atəşə tutduğu iddia olunur.  Rusiyanın da Ukrayna ərazilərinə PUA və raket zərbələri endirdiyi vurğulanır.

Dünən məlum oldu ki, Rusiya komandanlığı döyüşə hazır bölmələri cəbhənin az aktiv sektorlarından çıxararaq Kursk bölgəsinə köçürməyə başlayıb. Məlumatlarda bildirilir ki, Rusiya ordusu Kurçatov və Kursk yaxınlığında müdafiə xətti qurur. CNN televiziya şirkəti kəşfiyyat məlumatlarına əsaslanaraq məlumat verib ki, Rusiya Ukraynadakı cəbhə xətlərindən ciddi qüvvələrini çıxarmayıb. CNN anonim həmsöhbətlərindən birinin sözlərini sitat gətirir: “Biz hələ əhəmiyyətli bir hərəkət görməmişik və bunun səbəbini deyə bilmirik: çünki onlar qoşunları yenicə köçürməyə başlayırlar və ya da, sadəcə, hərəkət edəcək qüvvələri yoxdur”. ABŞ Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi də CNN-ə deyib ki, Rusiya qoşunlarının Ukraynadan çıxarılması Moskavanın Donbas və Zaporojyedəki hərbi əməliyyatlardan imtina etməsi demək deyil. 

ABŞ kəşfiyyatının məlumatına görə, Rusiya Ukraynadan olan bölmələrlə yanaşı, ­Leninqrad Hərbi Dairəsindən və Kalininqraddan da Kursk vilayətinə şəxsi heyət göndərib. CNN-nin müəllifləri də digər müşahidəçilərin ardınca qeyd edirlər ki, Ukraynanın Kursk vilayətində uzun müddətə qalacağı ehtimalı azdır və buna görə də bu əməliyyatın müharibənin ümumi gedişatına necə təsir edəcəyini söyləmək hələ tezdir. Ancaq bir sıra hərbi mütəxəssisin fikrincə, hər iki tərəf bu reallıqdan çıxış edir ki, Ukraynanın Rusiyadakı plasdarmı uzunmüddətli olacaq və oradan Kursk, Lipetsk və Voronej vilayətlərinin hərbi və strateji əhəmiyyətli infrastrukturuna zərbələr endiriləcək. 

Bundan başqa, ABŞ televiziya kanalının bir çox amerikalı müsahiblərinin sözlərinə görə, Vaşinqton Ukraynaya Kursk bölgəsində 300 kilometr hədəfi vuran ATACMS raketlərindən istifadə etməyə icazə vermir. Pentaqon eskalasiyadan qorxmur, sadəcə, bu raketlər ABŞ-də də azdır və Amerika hərbçiləri qənaət naminə yalnız Krımdakı hədəflərin vurulmasını daha məqsədəuyğun hesab edirlər. Eyni zamanda, CNN-nin həmsöhbətlərindən biri deyib ki, Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətində keçirdiyi əməliyyat “hərbi baxımdan təsiredicidir”, lakin Ukrayna ora kifayət qədər təcrübəli qoşun göndərib və onları itirmək olmaz.

Hazırda fəal döyüşlərin Kurskda yox, Korenevdən Kauçuka qədər olan ərazidə baş verdiyi iddia olunur. Ukraynanın növbəti güclü hücum yürüşünün məhz bu zonada olacağı güman edilir. Bəzi mənbələr vilayətdə hərbi təşəbbüsün hələ də Ukrayna Silahlı Qüvvələrinin tərəfində olduğunu bildirirlər. Rusiya hərbçiləri də bunu başa düşürlər – Lqov şəhəri yaxınlığında aktiv şəkildə səngərlər qazırlar. Yeni istehkamların yüksək keyfiyyətli fotoşəkillərini internet resurslarda tapmaq mümkündür. 

Rusiyalı müharibə bloqerlər də Ukraynanın tutduğu ərazilərdən tezliklə çıxarılacağına əmin deyillər. Ukraynanın reinteqrasiya naziri İrina Vereşçukun son bəyanatı da Kiyevin həmin ərazilərdən tezliklə çıxmayacağını təsdiqləyir. Xanım  Vereşçuk bildirib ki, Ukrayna müdafiə qüvvələri Rusiya ərazisində təhlükəsizlik zonası yaradıblar. 

S.ELAY 
XQ

 



Dünya