“Ulduz”un növbəti söz boxçası

post-img

Azərbaycan Yazıçılar Birliyinin ədəbi-bədii nəşri, aylıq “Ulduz” jurnalının iyul–avqust sayı işıq üzü görüb. Gənclik dərgisinin yeni formatda buraxılan 2-ci sayında da istedadlı müəlliflərin yeni yaradıcılıq nümunələri aparıcı yer tutur.

Nömrə yazıçı Mirmehdi Ağaoğlunun “Özüylə söhbət”i və hekayəsi ilə başlayır. “Şeir vaxtı” rubrikasında Rəbiqə Nazimqızının poetik nümunələri yer alıb. Jurnal Təranə Dəmir, Pərviz Qurbanlı, Pərviz Axund, Aynur Qafarlı, Cavid Fərzəli, Ceyhun Ötkəm kimi müəlliflərin də şeirlərini  təqdim edib. 

Ənənəvi “Qısa fikirlər xəzinəsi” dahi Məhəmməd Füzuliyə və digər görkəmli şəxsiyyətlərə həsr olunub. Bu guşədə məşhur söz sərraflarının  aforizmləri sıralanıb. Nəsr bölməsində isə Əfsanə Laçının bir neçə hekayəsi, Natiq Rəsulzadənin “Hifz et və bağışla, İlahə Səfərzadənin “Lal”, Qafar Cəfərlinin “Gülzəri” əsərləri verilib.

“Nobel mükafatçıları” rubrikasında ədəbiyyatşünas İlham Abbasov görkəmli yazıçı Tomas Elitoun yaradıcılığı barədə araşdırma ilə çıxış edib. Redaksiyanın keçirdiyi müsabiqənin finalçıları barədə isə filologiya üzrə elmlər doktoru İradə Musayevanın təhlili yazısı dərc edilib. Budəfəki “Ustad dərsləri” filologiya üzrə elmlər doktoru Məti Osmanoğlunun “Təbiətlə ədəbiyyat bir araya gəldikdə” yazısı və Herman Hessenin “Sənətkar və psixoanaliz” məqaləsinin tərcüməsi ilə təmsil olunub.

“Yazı masası”nın növbəti qonağı Xalq şairi Nəriman Həsənzadədir. “Dərgidə ­kitab”da Mənsurə Qaçayqızının bir neçə bədii nümunəsi , “Dərgidə sərgi”də isə Təranə Nurinin 3 rəsm əsəri nümayiş etdirilib.

Əli NƏCƏFXANLI
XQ

 

Mədəniyyət