Son illər ölkəmizdə davamlı film festivallarının təşkili milli kinematoqrafiyamızın inkişafı və filmlərimizin təbliği ilə bağlı uğurlu platformalardan hesab olunur. Paytaxda beynəlxalq və yerli film festifallarının gerçəkləşməsi ənənə halını alıb. Növbəti sənət yarışması olacaq ANİMAFİLM Beynəlxalq Film Festivalına hazırlıq davam edir.
Mədəniyyət Nazirliyi və Kino Agentliyinin dəstəyi, Azərbaycan Animasiya Assosiasiyasının təşkilatçılığı ilə oktyabrın 2-dən 6-dək gerçəkləşəcək müsabiqədə peşəkar animatorların, eləcə də animasiya dünyasına yeni daxil olmuş istedadlı gənclərin filmlərini izləmək mümkün olacaq.
Bu barədə XQ-yə ətraflı bilgi verən Azərbaycan Animasiya Assosiasiyasının sədri, prodüser Rəşid Ağamalıyev bildirdi ki, Bəşəri mədəniyyətin inkişafı və təbliği üçün təsirli vasitələrdən biri də kino yaradıcılığı, filmlərdir: “Elə buna görə də kinematoqrafiyanı bəşəriyyətin böyük kəşfi adlandırırlar. Xalqların kimliyi və milli-mənəvi dəyərləri kinonun yaratdığı geniş imkanlarla insanlara əyani şəkildə təqdim olunur. Kino hər zaman inandıra bilmək gücünün olması ilə xüsusi maraq kəsb edib. Bu xüsusiyyətlər filmlərin bütün janrları üçün keçərli hesab olunur. Azərbaycan mədəniyyətinin kino salnaməsi bədii, sənədli və animasiya üslubu ilə çətin və şərəfli yol qət edib. Bu gün ölkəmizdə film sənayesinin daha irəli getməsi ilə bağlı müxtəlif layihələr icra edilir, müzakirələr aparılır, beynəlxalq festivallarda iştiraka önəm verilir”.
Bakıda keçiriləcək ANİMAFİLM-in özəlliklərindən danışan müsahibimiz qeyd etdi ki, 7-ci dəfə təşkil edilən festivalda müxtəlif ölkələri təmsil edən yeni animasiya filmləri və müsabiqədənkənar sürpriz filmlər göstəriləcək: “Beynəlxalq sənət nümayişinin müsabiqə mərhələsinə 2 beynəlxalq və 2 yerli kateqoriya üzrə 37 ölkədən 196 film daxil olub. 18 ölkədən 48 ekran əsərinin iştirakı seçim komissiyası tərəfindən məqbul hesab edilir. Bu ekran əsərlərindən 12-si yerli, 36-sı isə beynəlxalq kateqoriyalarda təqdim ediləcək. Həmin filmləri beynəlxalq münsiflər heyəti və tamaşaçılar qiymətləndiriləcək, qaliblər festivalın bağlanış mərasimində elan olunacaqlar”.
Münsiflər heyətinin üzvlərinin tezliklə açıqlanacağını söyləyən Rəşid Ağamalıyev dedi: “Qaliblər üçün nəzərdə tutulan təltiflər – beynəlxalq müsabiqənin: “Ən yaxşı qısametrajlı animasiya filmi”, “Uşaqlar üçün ən yaxşı qısametrajlı animasiya filmi”, yerli müsabiqənin: “Ən yaxşı Azərbaycan qısametrajlı animasiya filmi”, “Ən yaxşı Azərbaycan tələbə qısametrajlı animasiya filmi”, “Tamaşaçı rəğbəti” mükafatı və “Tərəfdaşların xüsusi mükafatları” olacaq. Beynəlxalq Animasiya Festivalının proqramı və bilet satışı haqqında məlumat isə sentyabrda elan ediləcək”.
Bu festivalın ölkəmizdə animasiya sahəsinin inkişafına təsir imkanlarından söz açan tanınmış animasiya rejissoru, Əməkdar mədəniyyət işçisi Elçin Hami Axundov vurğuladı ki, tədbirlər sahənin təbliği və dirçəlişi baxımından önəmli olacaq: “Animasiya spesifik bir janrdır. Onun ssenarisi də mütləqdir ki, fərqli olsun. O zamanlar bu sahə maraq az idi, demək olar ki, heç kim animasiyaya diqqət ayırmırdı. Biz hətta animasiya haqqında bir kitab da buraxmışdıq. Bir sıra addımlar atmağımıza baxmayaraq, sözügedən sahəyə diqqət cəlb edə bilmədik. Sonralar bu belə qənaətə gəldik ki, festivallar təşkil olunsun. İlk festivalların maliyyə dəstəyini çətinliklə tapırdıq”.
Rejissor Mədəniyyət Nazirliyinin indi bu sahənin inkişafına diqqət ayırdığını qeyd edərək bildirdi: “Qurumun dəstəyi ilə biz bu ildən animasiya kursları açdıq. Kurslarda 20-dək insan bu sahəni öyrənmək üçün təhsil alır. Tədris prosesi xarici müəllimlərin iştirakı ilə ingilis dilində aparılır. Bizdə animasiya studiyası hələki yoxdu. Düşünürük ki, kurslar bitdikdən sonra studiyalar aça biləcəyik.
Animasiyanın inkişaf etdiyi ölkələrin təcrübəsini öyrənməklə, biz bu yöndə daha böyük uğur əldə edə bilərik. Bu baxımdan keçirilən festival əhəmiyyətli olacaq.”
Ceyhun ALIŞLI
XQ