Şamil Şahməmmədov məktəbi

post-img

Şamil müəllimlə şəxsi tanışlığımız mənim axşam qəzetlərində işə başlamağımdan sonra olsa da, onun imzasını xeyli əvvəldən izləyirdim. Əsasən oçerk və futbol reportajları yazardı. Reportajlar o qədər maraqlı olurdu ki,  oxuyan, sanki, stadionda əyləşib matçı izləyirdi...

Azərbaycan Dövlət Universitetinin (indiki BDU) jurnalistika fakültəsinin 1978-ci il buraxılışından (əyani) üç nəfər – Zemfira Seyidova (ailə qurandan sonra Məhərrəmli oldu), Aqil Dadaşov və mən o vaxtlar oxucular arasında çox populyar olan “Bakı” və “Baku” axşam qəzetləri redaksiyasında işə düzəldik. Zemfira və Aqil məndən bir neçə ay əvvəl redaksiyada müxbir (yarımştat) vəzifəsinə işə götürülmüşdülər.

Mənim təyinatım “Azərbaycan gəncləri” qəzetinə oldu. Redaksiyada boş ştat olmadığına görə, əmək müqaviləsi ilə işə başladım.  Bir müddət sonra “Bakı” qəzetində yer boşaldı.  O vaxtlar “Azərbaycan gəncləri” qəzetində məsul katib işləyən mərhum Zeynal Babayev Nəsir müəllimə mənim namizədliyimi verib. Nəsir müəllim də deyib ki, yazılarından gətirsin baxaq... O vaxtlar “Azərbaycan gəncləri” qəzetində mənim maraqla qarşılanan məqalələrim çıxmışdı. “Smolensk görüşləri” rubrikası ilə 5 nömrədə silsilə səfər təəssüratlarım, kosmonavt Yuri Qaqarinin anası ilə söhbətim, Xəzər dənizinin ekoloji problemləri barədə bir səhifəlik təhlili məqaləm... bunlardan idi. Bir neçəsini qovluğa qoyub getdim Nəsir müəllimin qəbuluna. Görən kimi tanıdı. Daxili telefonla məsul katib Şamil Şahməmmədovu yanına çağırıb dedi:

– Şamil, bu oğlan tələbəm olub. Yazılarını gətirib, bax, söhbət elə, məsləhət bilsən işə götürək...

İki gündən sonra gəlməyimi məsləhət bildilər. O vaxt axşam qəzetlərində iki redaktor müavini və iki məsul katib olmasına baxmayaraq, Nəsir müəllim işə adam götürəndə, ilk növbədə, Şamil müəllimin rəyini nəzərə alırdı. Bu, hər şeydən əvvəl, Şamil Şahməmmədovun obyektivliyinə dəlalət edirdi. 

Yazılarımla tanışlıqdan sonra Şamil müəllimin rəyi müsbət olmuşdu. Nəsir müəllimə necə təqdim etmişdisə o, məni əsas şöbəyə tam ştata işə götürdü. Nəsir müəllimi tanıyanlar yaxşı bilirlər ki, o, çox nadir hallarda işçini tam ştata qəbul edirdi. Əvvəlcə ştatdankənar müxbir kimi, sonra isə yarımştat işlədir, dönə-dönə yoxlayıb, sınaqdan keçirirdi. Bu “sınaq müddəti”  bəzən illərlə çəkirdi.

Birgə iş prosesində Şamil müəllimi daha yaxından tanıdım. Onun üzərinə çox ağır və məsuliyyətli iş düşmüşdü. O, təkcə məsul katib vəzifəsini icra etmirdi, gündəlik qəzetin hazırlanması, maketləşdirilməsi və çapı prosesində hər şeyi nəzarətində saxlayırdı.

Şamil müəllim hər gün qəzetin bütün səhifələrini diqqətlə oxuyurdu. Növbətçilərin düzəlişlərini öz səhifəsi ilə tutuşdurur, işə başdansovdu yanaşanların, məsuliyyətsizlərin abrını alırdı. Buna görə də, işçilərin çoxu ondan ehtiyat edir, qəzəbinə tuş gəlməməyə çalışırdı. Amma, digər tərəfdən belə ciddi nəzarət kollektivdə məsuliyyətin və səmərəliliyin artmasına səbəb olurdu.

İşə qəbul olunandan bir neçə həftə sonra növbətçi idim. Oxuduğum səhifələri Şamil müəllimin kabinetinə apardım. Tutduğum səhvləri öz səhifələrindəkilərlə tutuşdurduqdan sonra Suraxanı maşınqayırma zavodundan hazırlanmış hesabatdakı bir cümlənin altını cızaraq dedi: “Oxu!” Oxudum və bir şey başa düşməyib, təəccüblə üzünə baxdım. “Təkrar oxu!” – Yenə oxudum. Qarışıq tabeli budaq cümləsi idi. İndi hiss etdim ki, mübtəda ilə xəbər uzlaşmır.Yəni, “müəssisənin kollektivi... nail olublar.” kimi gedib. Yazının müəllifi qaldı bir tərəfdə, Şamil müəllim diqqətsiz növbətçi kimi,  məni, yalan olmasın, yarım saat danladı, necə deyərlər “ağ yuyub, qara sərdi”. Axır ki, bir xırda səhvə görə bu danlaqdan özü də bezib məsələyə son qoymaq istədi: Yaxşı, indi de görüm niyə belə olur?

–  Bilməmişəm – dedim.

Şamil müəllim elə bil bu cavabı gözləyirmiş kimi dərhal dedi: Oğul, bura bilənlər idarəsidir. Bilməyənlərin burada nə işi var?

– Burada işləməyimdə sizin də razılığınız olub, – dedim və bununla da söhbət bitdi.

 Amma, Şamil müəllimin bu danlağı, sözün əsl mənasında, mənə heç vaxt unutmayacağım bir “dərs” oldu. Özümə söz verdim ki, bir də heç vaxt diqqətsizlik etməyəcəm.

Bundan əlavə, Şamil Şahməmmədovdan necə redaktə etmək lazım olduğunu da öyrənməyə çalışırdım. Redaktəni təkcə ondan yox, illər boyu bir yerdə işlədiyim Nəsir İmanquliyevdən, Cəmil Əlibəyovdan, Tofiq Rüstəmovdan, Şamil Fərzəliyevdəın, Zeynal Babayevdən, Ramiz Əhmədovdan, Rəfail Nağıyevdən, Əşrəf Hacıyevdən, Şakir Yaqubovdan və başqalarından əxz etmək üçün onların oxuduqları yazıları dönə-dönə nəzərdən keçirirdim. 

Səksəninci illərin ortalarında Şamil müəllimi Azərbaycanın 1 nömrəli mətbu orqanı olan “ Kommunist” qəzetinə redaktorun birinci müavini  vəzifəsinə işə apardılar. Burada çox işləməsə də, kollektivdə axşam qəzetlərinin ab-havasını yaratmağa çalışdı. Onun təşəbbüsü ilə “Kommunist”ə nisbətən cavan kadrlar gətirildi. Amma, etmək istədiklərini tam reallaşdıra bilmədi. Əvvəla, “Kommunist”in veteranları ona qarşı ciddi dirəniş göstərdilər. Digər tərəfdən, Nəsir müəllimin vəzifədən kənarlaşdırılması ilə əlaqədar axşam qəzetlərinin rəhbərliyinə Mərkəzi Komitə Şamil Şahməmmədovu məsləhət bildi və 1988-ci ilin əvvəllərində o, yenidən doğma kollektivə qayıtmalı oldu. Lakin doğma kollektiv onu yalnız üzdə “mehribancasına” qarşıladı. Arxada isə... Əvvəldən onunla yola getməyənlər birləşib redaksiyada işi pozur, qəzetlərin normal çıxmasına mane olurdular. İrəli çəkib arxalandığı gənc kadrlar da dar məqamda ona kömək edə bilmədilər və yaxud etmək istəmədilər.

Respublikada da vəziyyət dəyişmişdi, demək olar ki, bütün sahələr idarəolunmaz hala düşmüşdü.  Qəzetlərin çıxıb-çıxmaması redaktorlardan, yaxud kollektivdən yox, nəşriyyatda at oynadan bir qrupdan asılı idi. Onların da arasında təsadüfi insanlar az deyildi... Qərəz, Şamil müəllim kimi tələbkar və ciddi bir redaktor üçün bu şəraitdə ürəyincə olan qəzeti çıxarmaq müşkül idi...

Azərbaycan KP Mərkəzi Komitəsinin və Bakı Şəhər Partiya Komitəsinin müvafiq qurumları da axşam qəzetlərinin redaksiyasındakı vəziyyətdən xəbərdar idilər. Odur ki, kadr dəyişikliyi etməyi lazım bildilər. Ş.Şahməmmədov Azərbaycan Dövlət Teleqraf Agentliyi – AZƏRTAC-ın direktorunun müavini vəzifəsinə təyin olundu.  

Bu, Şamil müəllimin jurnalist kimi əmək fəaliyyətində üçüncü və son iş yeri oldu. Bir neçə il AZƏRTAC-da direktor müavini işlədi. Neçə direktor gəlib-getdi. Heydər Əliyev Azərbaycanda siyasi hakimiyyətə qayıdandan bir müddət sonra Şamil Şahməmmədov agentliyin direktoru təyin olundu.

O vaxtlar Azərbaycan Dövlət İnformasiya Agentliyinə və onun direktoruna da ölkə rəhbərliyinin münasibəti fərqli idi. Respublika Prezidenti xarici səfərlərə gedərkən və qayıdarkən Binə Hava Limanından onu yola salan və qarşılayan yüksək ranqlı məmurlar arasında AZƏRTAC-ın direktoru Şamil Şahməmmədov da olardı. Bu, Şamil müəllimə qol-qanad verir və onu yorulmaq bilmədən, gecə-gündüz işləməyə sövq edirdi. 

Ümumiyyətlə,  Şamil müəllim işdən çəkinən insan deyildi, “yoruldum” demədən çalışırdı. Onu yaxşı tanıyırdım. On ilədək axşam qəzetlərində bir yerdə işləmişdik. Baş redaktor kimi təyinatını axşam qəzetinə yenicə almışdı ki, bir gün məni kabinetinə dəvət edərək dedi: –  “Kommunist” qəzetinin redaktoru dünən səndən ötrü mənə zəng etmişdi. Səni öz kollektivinə aparmaq istəyir. Bu gün MK-nın təbliğat şöbəsindən də mənə zəng etdilər ki, mane olmayım. İndi seçim özünündür: gedə də bilərsən, qala da. Mənim fikrimi bilmək istəyirsənsə, bir yerdə işləməyimizi istəyirəm, amma getməyinə mane olmayacağıma söz vermişəm... 

Beləcə, mən köçürmə qaydası ilə “Kommunist” qəzetində işə başladım. Qeyd etdiyim kimi, bir neçə il sonra Şamil müəllim də AZƏRTAC-a gəldi. Eyni binada işlədiyimizə görə tez-tez görüşür, ara-bir  köhnə xatirələri yada salırdıq. Bir dəfə aramızda belə mükalimə oldu: 

– Qaragüruh (axşam qəzetlərində ona qarşı çıxanları nəzərdə tuturdu) mənə qarşı mübarizəyə başlayanda orada işləsəydin, güman edirəm ki, sən də onların arasında olardın, elə deyilmi? – deyə Şamil müəllim zəndlə mənə baxdı.

– Niyə belə fikirləşirsiniz?

– Çünki sənin müdirin təşkilatçılardan biri idi.

– Görünür, siz məni hələ də yaxşı tanımamısınız. Mən həmişə haqqın tərəfində olmuşam, orada da kim haqlı idisə, onun tərəfində olardım... – dedim.

– Mən “güman edirəm”– dedim... Sən bizdən gedəndən sonra eşitdim ki, çox vaxt müdirinlə sözünüz düz gəlməyib, yola getməmisiniz, bundan xəbərim olmayıb.

– Sizə söz çatdıranlar heç də düz-əməlli adamlar deyildi. Mən orada olanda deməzdilər.  Onlar çox dostlarınızla sizin aranızı vurdular... 

Bu sözün onun xoşuna gəlmədiyini  çöhrəsinin rənginin dəyişməsindən hiss etdim. Bir az ara verib, yarıəsəbi şəkildə dedi: 

– Mənə qarşı çıxanlar elə bildilər ki, mənə pislik elədilər, amma əksinə alındı. Cənab Prezident saydı-seçdi, irəli çəkdi, bu boyda Dövlət Agentliyinin idarəçiliyini mənə etibar elədi. Zəhmətimi qiymətləndirdi, mənə orden verdi. Orada qalsaydım, bunların heç biri olmayacaqdı. Nəyə nail oldular. Heç düz-əməlli bir qəzet də çıxara bilmirlər. Bir-biri ilə didişib, pərən-pərən olublar. Hərdən dua edirəm ki, Allah onlardan razı olsun. 

Bir qədər ara verib soruşdu: 

– Müdirinlə heç görüşürsənmi?

– Arabir. Bu yaxınlarda yanıma gəlmişdi. Sizi soruşdu...

– Nə dedi?

– Sizin haqqınızda xoş sözlər dedi, xatirələr danışdı. Onu da dedi ki, bu gün Azərbaycan mətbuatında üç güclü jurnalist varsa, biri də Şamil Şahməmmədovdur...

– Biri məlumdur, bəs görəsən ikisi kimdir?

– Onu da dedi. Necə deyibsə təkrar edirəm: Birincisi Rəfail Nağıyev, ikincisi Şamil Şahməmmədov, üçüncüsü Füzuli Əfqanoğlu...

Üçüncüsünü deyəndə Şamil müəllimi elə bil arı sancdı. Oturduğu yerdən qalxıb qəti şəkildə dedi: 

– Ona de ki, mənim adımı o siyahıdan çıxarsın! O sayaq lütfkarlıq mənə lazım deyil.

Şamil  müəllim bağışlamağı xoşlamazdı. Bir  adam ki, gözündən  düşdü, külli-aləm yığışıb gələ, onu əfv etməzdi. O,  bunu prinsipiallıq sayırdı və prinsipial olmayanları qəbul eləmirdi. Belə “prinsipiallıq”, əslində, kinə  çevrilir və öz səhhətinə sağalmaz yaralar vururdu. Onu  da əlavə  edim ki, inanıb özünə yaxın buraxdığı şəxslər çox  asanlıqla onda istənilən insan haqqında fikir formalaşdıra bilirdilər. Yəni, onlara o qədər inanırdı ki, bunun üçün dəlil-subut tələb etməzdi...

 Şamil müəllimin dövründə, daha doğrusu o, xəstələnənədək AZƏRTAC saat mexanizmi kimi dəqiq işləyirdi. Təsadüfi hallarda materiallarda səhvlərə rast gələrdin...

Uzun illər boyu, bir qayda olaraq, əsəblərin tarıma çəkilməsi ilə müşayiət olunan gərgin iş öz təsirini göstərməyə bilməzdi. Məlum olduğu kimi, ağır xəstəliyə tutuldu. Respublika rəhbərinin bilavasitə göstərişi ilə ölkədən kənarda müalicə alsa da tam sağalmadı. Buna baxmayaraq, bir müddət işini davam etdirdi, çətinliklə də olsa, işə gəlib-getdi. Nəhayət, ölkə rəhbərliyi səhhətini və müalicəsinin davam etdirilməsini nəzərə alaraq, onu çox böyük hörmət-izzətlə yola saldı. Bu, əslində, ən düzgün seçim idi. Çünki, Şamil müəllim ağır xəstəliklə mübarizə apararaq uzun illər yaşaya bildi. Amma, bu illər, Şamil müəllim üçün, həm də, yaşadığı ömrə baxış fürsəti oldu: harada düzgün qərar qəbul edib, harada səhvə yol verib – bütün bunları götür-qoy etmək imkanı oldu.

... Arabir zəngləşirdik, daha doğrusu, ad günündə, bayramlarda, digər əlamətdar günlərdə mən ona zəng vurur, təbrik edir, hal-əhval tuturdum. Bir gün o mənə zəng etdi:

– Mətbuat Şurası mənimlə görüş keçirdi. Güman edirdim sən də orada olarsan...

– Dəvət etməmişdilər... Necə keçdi?

– İndiyədək keçirilən tədbirlər kimi... Sayıb keçirdiklərinə görə sağ olsunlar... Sonda mənə söz verdilər ki, arzu-diləyimi deyim. Bilirdim ki, qarşıda cənab Prezident tərəfindən jurnalistlər üçün inşa edilmiş evin bölgüsü olacaq. Mətbuat Şurasının sədri də, fondun icraçı direktoru da orada idi. Xahiş etdim ki, bölgüdə ədalətli olsunlar, jurnalistikada can qoyan və evi olmayan həmkarlarını nəzərə alsınlar... Təkcə sənin adını çəkdim və ailə vəziyyətini dilə gətirdim... Nə əcəb, sənə deyən olmayıb? Axı sizin kollektivdən də orada iştirak edirdilər... Əgər sənin əleyhinə bir söz desəydim, dərhal çatdırardılar...

Son zənglərin birində Şamil müəllim aramızda bir neçə il əvvəl olmuş söhbəti xatırlatdı:

– Yadındadır, bir dəfə mənə irad tutdun ki, dincəlmirəm, istirahət etmirəm, canıma qəsd edirəm... və nəticədə qazancım ağır xəstəlik oldu. Haradasa, haqlısan, amma, mən başqa cür ola bilməzdim. Bu yol mənim seçimimdir. Məsuliyyətsizlik mənə ölümdən betərdir. Digər iradınla isə tam razıyam: özümə sədaqətli dost, tərəfdaş seçə bilməmişəm. Daha doğrusu, seçdiklərim dar ayaqda qaçıb aradan çıxıblar, yaxud mənə qarşı olanlarla birləşiblər, xəyanət ediblər. Amma mən onlar üçün çox şey etmişəm, mənzil¬-məişət problemlərini yoluna qoymuşam, övladlarının nüfuzlu ali məktəblərə qəbul olunmasına kömək etmişəm, bir çoxunu layiq olmadığı məqama yüksəltmişəm... Şübhəsiz, onların bu xəyanəti mənə daha ağır zərbə olub. Bu barədə düşünərkən, istər-istəməz el deyimini xatırlayıram: Görünür, çörəyimin duzu yoxmuş...

Şamil müəllim barədə bu xatirələrimi yazmazdan öncə bir qədər tərəddüd etdim. Rəhmətliyi oxucunun gözündə qaldıran o qədər özəl keyfiyyətləri vardı ki, onları da misal gətirmək, sadalamaq olardı, yaxud əksinə... 

Tarixən belədir ki, böyük insanların həyatda buraxdıqları səhvlər də böyük olur. Onları deməmək düzgün olmazdı. Odur ki, bəzilərinə toxunmağı, Şamil müəllimi olduğu kimi, necə tanımışamsa, eləcə – bəzəksiz-düzəksiz təqdim etməyi qərara aldım...

Sonda isə bunu deməyə bilmərəm. Çağdaş Azərbaycan jurnalistikası Şamil müəllimin simasında özünün ən dəyərli nümayəndələrindən birini itirdi. Ana dilimizin formalaşıb cilalanmasında, ən çətin mətləblərin oxuculara anlamlı və rəvan şəkildə çatdırılmasında onun danılmaz xidmətləri olub. O, redaktənin mahir ustası, qəzetçilikdə məktəb idi. Şamil müəllim həmişə fəxrlə deyərdi ki, o, “Nəsir İmanquliyev məktəbi”nin yetirməsidir. Onunla işləyən gənc jurnalistlərin bir çoxu isə bu gün “Şamil Şahməmmədov məktəbi”nin yetirməsi olması ilə fəxr edir. Allah ruhunu şad eləsin!

Qüdrət PİRİYEV
XQ

 



Sosial həyat