Azərbaycanlı alimin monoqrafiyası Almaniyada nəşr olundu

post-img

AMEA Naxçıvan Bölməsi Əlyazmalar Fondunun Əlyazmaların kataloqlaşdırılması, tədqiqi və nəşri şöbəsinin müdiri filologiya elmləri doktoru, dosent Səbuhi İbrahimovun Almaniyanın “LAP LAMBERT” akademik beynəlxalq şirkətinin “GlobeEdit” nəşriyyatında “Azərbaycan mətnşünaslığı və Naxçıvan əlyazmaları” adlı monoqrafiyası işıq üzü görüb.  

Monoqrafiyada Naxçıvan mühitində özünə layiqli yer tutan, milli-mənəvi dəyərlərimizi təmsil edən Naxçıvan əlyazma mətnlərinin araşdırılmasının tədqiqi öz əksini tapır. “Azərbaycan mətnşünaslığı və Naxçıvan əlyazmaları” adlı monoqrafiya öz baxışları ilə  gənclərimizə tarixi ənənələrimizin və təlim-tərbiyənin nə qədər zəruri olduğunu səciyyələndirir. Bu baxımdan da Naxçıvana dair əlyazma mətnlər filoloji istiqamətdə araşdırılaraq onların yaratdığı amillər geniş  işıqlandırılır. Həmçinin əlyazma nümunələrinin yaranma zərurəti, zəngin xüsusiyyətləri, kitab müəlliflərinin yaradıcılıq fəaliyyətləri, mənəvi dəyərləri, tarixi həqiqətləri, əlyazmaların xəttatları, miniatürçü rəssamları, nəqqaş-müzəhhibləri və bədii cild ustalarının yaratdığı sənət əsərləri barədə araşdırmalar aparıllb. Bu da Azərbaycan mətnşünaslıq elminin inkişafı üçün mühüm əhəmiyyət kəsb edir.

Monoqrafiya AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunun Elmi Şurasının 16 may 2024-cü il tarixli protokoluna əsasən nəşrə tövsiyə olunmuşdur. Əsərin baş məsləhətçisi AMEA-nın həqiqi üzvü, professor Teymur Kərimli, elmi məsləhətçisi AMEA-nın müxbir üzvü, professor Əbülfəz Quliyev, elmi redaktoru filologiya üzrə fəlsəfə doktoru Samirə Əliyeva və rəyçiləri filologiya elmləri doktoru, professor Sənan İbrahimov, fəlsəfə elmləri doktoru, dosent Zəkiyyə Əbilova və  filologiya elmləri doktoru, dosent Əzizağa Nəcəfzadədir. 

Qeyd edək ki, mətnşünaslıq yalnız ədəbiyyat tarixi üçün deyil, eyni zamanda mədəniyyət tarixi üçün də çox böyük əhəmiyyət kəsb edən zəngin bir elmi sahədir. Naxçıvana dair əlyazmaların filoloji-tekstoloji tədqiqi, obyektiv şəkildə öyrənilməsi, klassik mətnlər üzərində aparılan elmi-paleoqrafik xüsusiyyətlərin dəqiqliyindən də az asılı deyildir. Buna görə də, klassiklərin Naxçıvana dair əlyazma abidələrinin, ayrı-ayrı yüzilliklərdə yaratmış olduqları əsərlərin düzgün elmi mətnlərini tərtib etmək və onları öz müəlliflərinə mənsub etmək, hər şeydən əvvəl ədəbiyyat və mədəniyyət tarixinin düzgün öyrənilməsi deməkdir. Bu da Azərbaycan mətnşünaslığı və Naxçıvan əlyazmalarının mətnşünaslıq elminə verdiyi əhəmiyyəti səciyyələndirən başlıca amillərdəndir. 

Kübra VƏLİYEVA, 

AMEA Naxçıvan Bölməsi Əlyazmalar Fondunun  elmi işçisi

 

 

Mədəniyyət