Paytaxt Bakının bir-birindən cəlbedici və bənzərsiz memarlıq nümunələri onun xoş cazibəsini daha da artırır, ecazkar gözəlliyi ilə heyranlıq yaradır. Şəhərin küçə və meydanlarını bəzəyən tarixi-memarlıq və mədəniyyət abidələrinin yaratdığı möhtəşəm mənzərə paytaxtımızı dünyanın ən maraqlı məkanlarının sırasında qərarlaşdırır. Bakının görünüşünü daha da ehtişamlı edən vasitələrdən biri, şəhərin ən görməli yerlərində ucaldılan milli heykəltaraşlıq nümunələridir. Bu gün paytaxtımızın park və xiyabanlarını dolaşarkən, tez-tez görkəmli şəxslərin heykəlləşmiş obrazları ilə üz-üzə gəlirik. Onlardan bir çoxunun üzərində bərpa-təmizlik işlərinin aparılmasına ehtiyac duyulduğu aydın görünür. Bürünc, mərmər və qranitdən ucaldılan bu monumental heykəllərin səthində uzun illərdir ki, restavrasiya işləri görülməyib və hazırda onlarda bərpa-təmir işlərinin aparılması zərurəti yaranıb.
Bəs Mədəniyyət Nazirliyi tərəfindən bu heykəllərin unikallıqlarının saxlanılması – yad təsirlərdən qorunması və çirklərdən təmizlənməsi istiqamətində hansı addımlar atılır?
Bu barədə Mədəniyyət Naziriliyinin Media və komunikasiya şöbəsinin müdiri Aynur Kərimli sorğumuza cavab olaraq bildirdi ki, artıq qeyd edilən yöndə intensiv işlərə başlanılıb. Nazirlik heykəllərin yad təsirlərdən qorunması və təmizlənməsi üçün artıq “Abidələrə qayğı – Bakı şəhərində heykəltaraşlıq əsərlərinin təmizlənməsi və bərpası” layihəsinə start verib.
– İyul ayının 10-da mövcud vəziyyətlə əlaqədar Bakı şəhərində 100-dən çox abidəyə baxış keçirilərək, üzərlərində ekspertiza aparılıb. Abidələrdən 20-nin təmizlənmə və bərpaya ehtiyac oduğu müəyyən edilib. Bəzi abidələrdə toz və yağ qatı, habelə yanlış rənglənmə aşkarlanıb. Bu baxımdan təmizlənmə işinin icrası qərara alınıb. Bu günə kimi 10-dək heykəl və abidə kompleks yuyularaq təmizlənib və əvvəlki halına qaytarılıb. Buraya Məhəmməd Füzuli, Mirzə Ələkbər Sabir, Qara Qarayev, Səməd Vurğun, Boris Vannikov, Albert Aqarunov və Qafur Məmmədovun heykəlləri, habelə 20 Yanvar abidə kompleksi, "Kitabi-Dədə Qorqud" abidəsi daxildir.
Nazirlik rəsmisi onu da əlavə etdi ki, təbiətin, aqressiv mühitin yaratdığı müxtəlif rəng dəyişmələri, korroziyaların aradan qaldırılması və heykəlin ilkin vəziyyətinə qaytarılması üçün təmizlənmə prosesi intensiv aparılır.
– Heykəl yad təsirlərdən, çirklərdən təmizlənərək ilkin vəziyyətinə qaytarılır və sonrakı mərhələdə qaydalara uyğun olaraq, tonlama prosesi aparılır. Bundan sonra, heykəlin yad təsirlərdən uzun müddət qorunması məqsədilə ona qoruyucu qat çəkiləcək. Heykəllərin unikallığının qorunması və təhlükəsizliyinin təmin olunması məqsədilə peşəkar heykəltaraşların nəzarəti ilə texniki heyət tərəfindən görülən işlər bütün standartlara uyğun və keyfiyyətlə həyata keçirilir.
Layihənin regionlardakı abidə və heykəllərə də şamil olunmasına gəlincə, nazirlik rəsmisi söylədi ki, bu proses yaxın perespektivdə regionlar üçün nəzərdə tutulmur.
Qeyd edək ki, layihə Mədəniyyət Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti və "Bakı Abadlıq Xidməti" MMC-nin birgə təşkilatçılığı ilə həyata keçirilir.
Ceyhun ALIŞLI