Avrasiya Teatrlar Birliyi, Portuqaliya Mədəniyyət Nazirliyi, CTB (Braqa Teatr Şirkəti) və Braqa Şəhər Bələdiyyəsinin birgə keçirdiyi III Beynəlxalq Teatr festivalında 8 ölkədən teatr kollektivləri iştirak edib.
Festivalda ölkəmizi Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə Gəncə Dövlət Milli Dram Teatrı təmsil edib. Bu festivalın təşkilatçısı olan rejissor qrupunun teatr düşüncəsi Brext teatrına yaxındır və onlar daha çox bu tip tamaşaları festivala dəvət edirlər. Gəncə teatrının ədəbi hissə müdiri, teatrşünas-tənqidçi Anar Ərtoğrul Burcəliyevin bu barədə “XQ-yə verdiyi məlumatda bildirilir ki, yaradıcı kollektiv rejissor Tural Vaqifoğlunun quruluşunda Ejen İoneskonun “Kral ölür” tamaşasını Maia və Braqa şəhərlərində uğurla nümayiş etdirib.
Münsiflər heyətinin qərarına əsasən Gəncə teatrı “Ən yaxşı tamaşa geyimi” nominasiyasında qalib elan edilib və festivalın Qran-pri mükafatına layiq görülüb. Tamaşada obrazları Əməkdar artistlər Elxan Yunis, İlham Hüseynov, Sevda Orucova, Kəmalə Məmmədova, aktyorlar Güntəkin Mehdiyeva və Ruslan Hüseynov canlandırıblar.
Müsahibimiz onu da dedi ki, dünya teatrının vəziyyətini, inkişaf proseslərini öyrənmək baxımından da bu kimi festivalların rolu böyükdür.
XQ