Leysan yağışlar bölgələrdə sel və dağıntılar törədib

post-img

Yerlərdə yaranan fəsadları aradan qaldırmağa çalışırlar

Son 2 gündə leysan xarakterli yağışların yağması nəticəsində ölkəmizin bir sıra rayonlarında, o cümlədən Gəncə şəhərində daşqınlar baş vermiş, təsərrüfatlara, evlərə, həyətyanı sahələrə ciddi ziyan dəymişdir.

Ötən gün axşam saatlarından başla­yaraq Gəncə şəhərinə yağan və hazırda da fasilələrlə davam edən güclü yağış bir sıra fəsadlar törədib. Belə ki, şəhərin Yeni Gəncə yaşayış massivində yeni salınan məhəllədə 30-a yaxın fərdi yaşayış sahəsi su altında qalıb. 

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov hadisə yerinə gələrək sakinlərlə görüşüb, güclü yağışın yol açdığı fəsadların aradan qaldırılırması istiqamətində aparılan işlərlə yerində tanış olub. 

Gəncə Şəhər İcra Hakimiyyəti başçı­sının birinci müavini, Gəncə Şəhər İcra Hakimiyyəti yanında Fövqəladə Hallar Komissiyasının sədri Səməd Tomuyev bildirib ki, baş vermiş hadisə ilə əlaqədar olaraq aidiyyəti qurumlar gücləndirilmiş iş rejimində çalışırlar. 

Belə ki, Gəncə şəhər Mənzil Kom­munal Təsərrüfatı İstehsalat Birliyinin və Fövqəladə Hallar Nazirliyinin yerli regi­onal qurumlarının əməkdaşları tərəfindən evlərə dolmuş yağış sularının ərazidən xa­ric edilməsi istiqamətində zəruri tədbirlər davam etdirilir. Qısa vaxt ərzində yağış sularının evlərdən tamamilə çıxarılması təmin ediləcəkdir. 

Qeyd edək ki, anoloji halların gələ­cəkdə də yaşanmaması üçün hazırda sö­zügedən ərazidə Azərbaycan Dövlət Su Ehtiyyatları Agentliyinin sifarişi ilə yeni su ötürücü beton boruların inşası həyata keçirilir. İşlərin yaxın aylarda yekunlaşdı­rılması nəzərdə tutulub.

28 iyul 2024-cü il tarixdə, günün birin­ci yarısından yağan leysan xarakterli yağış nəticəsində Goranboy rayonu ərazisində çaylarda suyun səviyyəsi artmış, bir sıra yaşayış məntəqələrində, o cümlədən Qa­zanbulaq qəsəbəsi, Borsunlu, Nadirkənd, Azad, Dəyirmanlar və Nizami kəndlərində fərdi təsərrüfatlara və əkin sahələrinə ziyan dəymiş, elektrik enerjisinin verilişində fa­silələr yaranmışdır.

Mövcud vəziyyətlə bağlı, rayon İcra Hakimiyyəti yanında Fövqəladə Hallar Komissiyası və RİH-nin məsul əməkdaş­ları axşam saatlarından operativ şəkildə ərazilərdə olmuş, aidiyyəti xidmət sahələ­rinin əməkdaşlarını və lazımi texnikaları cəlb etməklə fəsadların aradan qaldırılması istiqamətlərində əməli tədbirlər görülmüş­dür. Hazırda həmin yaşayış məntəqələrində elektrik enerjisinin təhcizatı bərpa edilmiş, fəsadların aradan qaldırılması istiqamətin­də müvafiq işlər davam etdirilir.

Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev aidiyyəti məsul şəxslərlə birgə, selin ziyan vurduğu yaşa­yış məntəqələrinə getmiş, mövcud prob­lemlərlə yerində tanış olmuşdur. 

Ötən gün yağan güclü yağışlar Qabırrı çayının daşmasına səbəb olub və Samuxun sərhəd kəndlərinin, o cümlədən Salahlı və Kəsəmən kəndlərinin təsərrüfatlarına, həyətyanı sahələrinə ziyan dəyib. Rayon icra hakimiyyəti başçısının birinci müavini Tahir Qarayevlə telefon əlaqəsi saxladıq. T.Qarayev dedi ki, xoşbəxtlikdən evlərə su dolmayıb. Hazırda rayon icra hakimiy­yətinin başçısı Firdovsi Əliyev, əlaqədar srtukturların rəhbərləri həmin kəndlər­dəyik. Sərhəd kəndlərinə çəkilmiş yolun müəyyən hissəsini sel yuyub aparmışdır. Rayon rəhbərinin göstərişi ilə buraya təcili qum-çınqıl gətirilmiş və təmirçilər tezlik­lə yola asfalt salacaq, əvvəlki vəziyyətinə gətirəcəklər. 

Qeyd edim ki, təsərrüfatların və həyət­yanı sahələrin sudan təmizlənməsi üçün kifayət qədər texnika cəlb olunub. Kənd adamlarının da qoşulduğu işlər tezliklə ye­kunlaşdırılacaqdır.

Son günlər ölkəmizin şimalında yer­ləşən Quba rayonun əhalisi də sel və su­ların fəsadlarından əziyyət çəkir. Dünən aldığımız məlumata görə, rayon ərazizi­sindəki Qusarçay üzərində yerləşən təmirə bağlanmış körpüyə alternativ çəkilən yolu sel suları yuyub, avtomobillərin hərəkəti müvəqqəti məhdudlaşdırılıb.

Mənbə qeyd edir ki, Bakı-Quba-Rusi­ya Federasiyası dövlət sərhədi avtomobil yolunun 181-ci kilometrliyində Qusarçay üzərindəki körpüdə on gün əvvəl əsaslı təmir işlərinə başlanılıb. Bununla əlaqə­dar körpünün yaxınlığında, çayın içindən alternativ yol çəkilib. Amma son günlər bölgədə yağan güclü yağışlar nəticəsində Qusarçaya gələn güclü sel alternativ yo­lun bir hissəsini yuyub. Hazırda Qubadan dövlət sərhədi, həmçinin Xudat şəhəri is­tiqamətində yol bağlıdır.

Qubada yerləşən “5 saylı Yol İstisma­rı MMC”nin mühəndisi Rövşən Babayev mətbuata bildirib ki, körpü yaxınlığındakı alternativ yol çayda suyun səviyyəsi aza­landan sonra bərpa olunacaq. “Hazırda çayda güclü sel müşahidə olunur. Həmin ərazidə texnikanın işləməsi mümkün deyil. Vəziyyətə nəzarət edirik. Suyun səviyyəsi azalan kimi, alternativ yol qısa zamanda bərpa ediləcək”, - deyə mühəndis bildirib.

Xatırladaq ki, Qusarçay üzərində uzun­luğu 146, eni 10 metr olan körpünün əsaslı təmirinin isə sentyabr ayında başa çatdırıl­ması gözlənilir. 

Qudyalçaydan keçən güclü sel Quba rayonunun Küpçalqışlaq kəndində də fə­sadlar törədib. Belə ki, sel nəticəsində Küpçalqışlaq kəndinin ərazisində Qudyal­çayın sahilindəki yamac yuyularaq torpaq uçqunu baş verib. 460 nəfər əhalinin ya­şadığı kəndin yolunda uçqun nəticəsində ciddi təhlükə yaranıb. Dirəklərin aşması yaşayış məntəqəsinin elektrik enerjisi ilə təminatında çətinliklər yaradıb.

Quba Rayon İcra Hakimiyyətinin, ra­yon fövqəladə hallar komissiyasının və digər aidiyyəti qurumların nümayəndələ­ri selin fəsadları ilə yerində tanış olublar. Kənd sakinlərinin istifadəsi üçün alternativ yolun salınması məqsədilə müəyyən olu­nan əraziyə xüsusi texnikalar cəlb edilərək inşa işlərinə başlanılıb. Bununla yanaşı, sel nəticəsində aşan elektrik dirəklərinin ye­niləri ilə əvəzlənməsi işləri də görülür.

Küpçalqışlaq kəndinin ərazisində bundan sonra sel sularının yarada biləcə­yi fəsadların miqyasının azaldılması üçün əraziyə müvafiq qurumların xüsusi texni­kaları cəlb olunub.

Son günlər havaların qeyri-sabit keç­məsi xüsusən leysan yağışları Qəbələnin bir sıra yaşayış məntəqələrində fəsadlar törədib. Belə ki, Qala çayın daşması nəti­cəsində sel-sular əvvəlki günlər rayonun Tikanlı və Abrıx kəndlərində təsərrüfatla­ra xeyli ziyan vurmuşdu. Güclü leysandan sonra bu dəfə Durca çayında suyun səviy­yəsi artıb və nəticədə Uludaş kəndində sakinlərin təsərrüfatını, həyətyanı sahəsini lilli su basıb.

Kənd sakini Xanımqız Qaçayeva jur­nalistlərə bildirib ki, artıq ikinci gündür ki, onların təsərrüfatından sel-sular axır. Su azaldıqca həyətdə, təsərrüfatda lil qatı çoxalır.

Eyni aqibətlə digər kənd sakini Ümər Məmmədov da qarşılaşıb. Sakinlərin söz­lərinə görə, son bir neçə gündə yağan in­tensiv yağışlar Durca çayının daşması ilə nəticələnib: “Əslində çay daşmayıb, kəndə ayrılan qolunda suvarma suyu bəndinin qarşısının kəsilməməsi nəticəsində sel-su­lar sakinlərin həyət bacasına, təsərrüfatlara dolub”.

Kənd bələdiyyəsindən verilən məlu­mata əsasən, 80 fərdi təsərrüfatın olduğu kənddə 2 min nəfərə yaxın insan yaşayır. Kənd relyef baxımından düzənlikdə yer­ləşdiyindən sel-sular demək olar ki, əksər təsərrüfatlara zərər vurub.

Ölkəmizin cənub bölgəsinin də sakin­ləri təbiətin şıltaqlığı ilə üzləşiblər. Belə ki, Lənkəranda intensiv yağan yağışdan sonra Lənkərançay daşıb, həyətləri su basıb.

Səhər saatlarında Lənkəranda yağan intensiv yağışdan sonra kanallar daşaraq həyətyanı sahələrə dolub.

Rayonun Sütəmurdov kəndi ərazisin­dən keçən Lənkərançay daşıb. Hazırda Lənkəranda yağış dayanıb. Rayonda bu­ludlu hava şəraiti müşahidə olunur.

Hamlet QASIMOV,
Məsaim ABDULLAYEV,
Qəzənfər QASIMOV
XQ







Sosial həyat