Yaxın Şərq daha böyük müharibə ərəfəsində?

post-img

Yaxın Şərq regionunda gərgin vəziyyət daha təhlükəli "qaynar" mər­hələyə qədəm qoyub. Qolan təpələrində yerləşən Druz kəndinə raket zərbəsi nəticəsində on iki yeniyetmənin həlak olması İsrail-Livan ara­sında münasibətləri genişmiqyaslı hərbi münaqişə səviyyəsinə yüksəl­dib. İsrail "Hizbullah"a qarşı əməliyyat planlarını nəzərdən keçirib və qisasın ağır olacağına söz verib. Mütəxəssislər isə düşünürlər ki, Təl-Ə­viv "Hizbullah"ın hərbi obyektlərinə raket zərbələri endirməklə kifayət­lənəcək. Amma başqa mövqeni müdafiə edənlər də az deyil.

İsrail Müdafiə Qüvvələrinin (IDF) Baş Qərargah rəisi Herzi Halevi iyulun 28-də siyasi rəhbərliyə şimal cəbhəsində bir sıra hərbi əməliyyat ssenarilərini təqdim edib. Həmin gün yəhudi dövlətinin Baş nazi­ri Benyamin Netanyahu Qolan təpələri ətrafındakı vəziyyət fonunda ABŞ-dakı proqramını ixtisar etmək məcburiyyətində qalaraq Amerika turundan qayıdıb. Ölkəyə gələndən sonra cənab Netanyahu dərhal Təl-Əvivdə Müdafiə Nazirliyinin ərazi­sindəki Kiriya kompleksinə yollanıb və burada 12 uşağın həlak olmasına cavab va­riantlarını qiymətləndirmək üçün iclas ke­çirib. Cənab Netanyahu Vaşinqtonda İsra­illi Druzların ruhani lideri Muafik Tarif ilə telefon danışığında "İsrailin “Hizbullah”ın hücumunu cavabsız qoymayacağına" söz verib. Onun sözlərinə görə, qrup “bunun üçün əvvəllər heç vaxt ödəmədiyi ən yük­sək qiyməti ödəyəcək”.

“Məcdəl Şəmsin atəşə tutulması, mülki şəxslərə və uşaqlara zərər verilməsi bü­tün qırmızı xətləri keçir. Biz “Hizbullah” və Livanla genişmiqyaslı müharibə anına yaxınlaşırıq”, - İsrailin xarici işlər naziri İsrael Katz xəbərdarlıq edib. “Cəbhədə və arxa cəbhədə yüksək qiymət ödəyəcəyik, lakin müharibə nəticəsində “Hizbullah” lideri Nəsrullah və “Hizbullah” məğlub olacaq və Livana ciddi ziyan dəyəcək. Biz şimalda məskunlaşma ərazilərində sülh və təhlükəsizliyi bərpa edəcəyik”, - İsrail XİN rəhbəri vəziyyətin inkişafı ilə bağlı proq­nozunu verib. O, artıq israilli diplomatlara “Livandakı əməliyyatın legitimliyini tə­min etmək üçün bütün dünyada hərtərəfli əməliyyata hazırlaşmaq” barədə göstəriş verdiyini və İsrailin Qərb müttəfiqlərinin tam dəstəyini alacağına əmin olduğunu bildirib. 

Bununla belə, İsrail tərəfi hərbi əmə­liyyata hazırlaşarkən son ana qədər siyasi manevr imkanlarını saxlayıb. İsrail Xarici İşlər Nazirliyinin bazar günü yaydığı bə­yanatda Livan hökumətindən BMT Təh­lükəsizlik Şurasının 1701 saylı qətnamə­sini yerinə yetirməyə və Litani çayının cənubunda “Hizbullah” qüvvələrinin geri çəkilməsini təmin etməyə çağırıb. Amma bundan əvvəl də, bazar günü gecə İsrail Hərbi Hava Qüvvələri əməliyyata hazırla­şaraq, həm Livan ərazisinin dərinliklərin­də, həm də ölkənin cənubundakı “Hizbul­lah” mövqelərinə hücum edib. 

Xatırladaq ki, 1967-ci ildə İsrail tərə­findən nəzarət altına alınan Druz kəndin­dəki faciə iyulun 27-də “Hizbullah”ın Li­van tərəfdən yəhudi dövlətinin ərazisini kütləvi şəkildə atəşə tutması nəticəsində baş verib. Atılan raketlərdən biri həmin an uşaqların olduğu futbol meydançasında partlayıb. İsrail rəsmiləri hücumu 2023-cü ilin oktyabrından bəri şimalda mülki itkilər baxımından ən böyük hücum adlandırıb. Rəsmi Təl-Əviv “Hizbullah”ı günahlan­dırıb. İsrail Müdafiə Nazirliyinin sözçüsü Daniel Həqarinin sözlərinə görə, futbol meydançası “Fələq-1” raketi ilə vurulub. 

Ancaq “Hizbullah” həmin əraziyə ra­ket zərbəsi endirmədiyini iddia edib. Bu barədə hərbi-siyasi hərəkatın sözçüsü Mo­hammed Afif Associated Press-ə bildirib. Bundan əlavə, “Hizbullah” nümayəndələri BMT-yə rəsmi bəyanat göndərərək, İsrailin raketdən müdafiə qurğusunun dağıntıları­nın futbol meydançasına düşdüyünü göstə­riblər. Ancaq iyulun 28-də “Hizbullah”ın üzvləri İsrailin cavab əməliyyatının nəti­cələrini minimuma endirmək üçün Liva­nın cənubunda kütləvi şəkildə mövqelərini dəyişməyə başlayıblar. Öz növbəsində, bir sıra Qərb ölkələri öz vətəndaşlarını Livan ərazisini təcili tərk etməyə çağırıblar. Rəs­mi Beyrut ABŞ Prezidenti Co Bayden ad­ministrasiyasına mesaj göndərərək ondan genişmiqyaslı qarşıdurmanı dayandırmağı xahiş edib. 

“Axios” portalının Amerika rəsmilə­rinə istinadən verdiyi məlumata görə, Bayden administrasiyası davam edən es­kalasiyadan son dərəcə narahatdır. Portalın həmsöhbətlərinin sözlərinə görə, Ağ ev Qəzza zolağında atəşkəs olmadan İsraillə “Hizbullah” arasında müharibə ehtimalı­nın getdikcə artmasından ehtiyat edir. Bu, ABŞ-nin cəlb olunacağı böyük regional münaqişə ilə nəticələnə bilər.

S.ELAY
XQ

Dünya