Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru, professor Sevinc Əliyeva Türkiyəyə səfəri çərçivəsində Türk Dil Qurumunun sədri professor Osman Mert və sədr müavini Harun Şahinlə görüşüb. Eyni zamanda Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Samir Abbasovla da mərkəzdə görüş olub.
Mərkəzdən bildirilib ki, görüşdə qloballaşma dövründə türk dillərində gedən inteqrasiya prosesləri və bu proseslərin türk dillərinin inkişafına təsiri məsələləri ətraflı təhlil edilib. Türk Dil Qurumu ilə Monitorinq Mərkəzi arasında elmi-mədəni əməkdaşlıq münasibətlərinin perspektivləri müzakirə olunub.
Professor Sevinc Əliyeva “XQ”-yə eksklüziv müsahibəsində deyib:
– Türk Dil Qurumunun əməkdaşları ilə əvvəllər də ünsiyyətimiz olub, bizim mərkəzimizdə işgüzar görüş keçirmişik. Türkiyə səfərimiz çərçivəsində professor Osman Mertlə görüşümüz də eyni xarakter daşıyırdı. Həm Türk Dil Qurumunun zəngin təcrübəsini, həm də böyük nüfuzunu nəzərə alsaq, bu görüşləri əhəmiyyətli hesab etmək olar. Razılığa gəlindi ki, Əməkdaşlıq memorandumu hazırlansın və yaxın aylarda imzalanacaq.
Görüş zamanı müzakirə olunan məsələlərə dair onu deyə bilərəm ki, müxtəlif lüğətlərin hazırlanması, yalnız Azərbaycan və Türk dillərinin deyil, müxtəlif türk xalqlarına mənsub dillərin lüğətlərinin, xüsusilə izahlı lüğətlərin hazırlanması barədə ətraflı danışıldı. Bildiyimiz kimi, tərcümə prosesində eyni dil ailəsinə mənsub olan dillərdə ciddi problemlər olur. Elmi, bədii əsərlərin tərcüməsində əsas məsələ tərcüməçi bacarığıdır. Dublyaj sahəsində də qüsurlar mövcuddur. Tərcüməçilərin Azərbaycan dilinin və çevirdikləri dilin lüğət tərkibinə dərindən bələd olmamaları, xüsusilə frazeoloji ifadə və sözlərin düzgün işlədilməməsi problemi var. Qarşıdakı aylarda dublyajların monitorinqinə dair tədbirimiz olacaq və yığışıb nəticələrdən bəhs edəcəyik.
Osman Mertlə görüşümüzdə o da qeyd olundu ki, bu gün dilin praktik səviyyədə tədris olunması problemi var və bu, dilin yox, tərcüməçinin, danışanın, yazanın problemidir. Dilimiz zəngindir, sadəcə, nitqlər, təqdimatlar fərqli olur. Aparıcı düzgün danışa bilmirsə, bunu dilin üzərinə atmaq olmaz. Hər hansı aparıcının tamaşaçı zövqünü korlaması yolverilməzdir. Görüşdə lüğətlərin işlənməsi, tədris vəsaitlərinin kifayət qədər olmaması da əsas problem kimi qabardıldı.
Ankarada ölkəmizin Türkiyədəki səfirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasovla da görüşümüzdə bədii ədəbiyyatın tərcüməsi məsələlərini müzakirə etdik. Böyük Azərbaycan, türk şairi Nizaminin olduğu kimi təqdim edilməsi zərurəti önə çəkildi. Beləliklə, “Nizami fars şairidir” tipli yanlış fikirlərə tutarlı cavab veriləcək.
Bütün bu istiqamətlərdə bizim Monitorinq Mərkəzi ilə Türk Dil Qurumu əməkdaşlığı davam etdirəcəklər. Ədəbiyyat, dil və sair bu kimi sahələrdə birgə çalışacağıq.
Hazırladı:
Əli NƏCƏFXANLI
XQ