“Bəxt üzüyü” ilə “Dantenin yubileyi”nə

post-img

Müsahibimiz Xalq artisti Sabir Məmmədovdur

Şaxtalı-sazaqlı, soyuq bir qış axşamında dünyaya göz açsa da, üz-gözündən isti, ilıq bahar təbəssümü əskik olmur Sabir Məmmədovun. Təbii ki, bu istiqanlılığın sənətə, teatra vurğunluqdan, eləcə də mənsub olduğu ailədən gələn tərəfləri də var. Onunla söhbətimizə elə bu ovqatla başladıq. 

– Sabir müəllim, ürəkdə sevgi olanda çöhrədən hiss edilir, elədirmi? 

– Bəli. Mən teatrı, ədəbiyyatı çox se­virdim. Müəllimim məni belə yönləndir­mişdi. Özüm fəhlə ailəsində böyümüşəm.Valideynlərim təhsilsiz olsa da, inanırdılar ki, mən həvəsliyəm. İstəklərimə qarşı gəl­məyiblər. Bu baxımdan azad böyümüşəm. Eləcə də ata yurdum Qazaxda hər zaman sənət mühiti olub, teatra, ədəbiyyata çox güclü meyil olub. Hər kənddə dram dər­nəkləri mövcud idi, mənim dünyaya gəldi­yim Poylu kəndində də.

– Sonra da İncəsənət İnstitutunda unudulmaz sənətkarımız Həsənağa Tu­rabovun kursunda təhsil almısınız...

– Bəli, bu, xoş bir təsadüf oldu. Sent­yabrda dərsə gələndə dedilər ki, sizin müəlliminiz Həsənağa Turabovdur. Çox sevindim, gözəl insan, gözəl aktyor idi.

– Rüstəm İbrahimbəyovun “Park”ın­da xoşbəxt adamı oynayıbsınız. Vaqif Səmədoğlunun “Bəxt üzüyü”ndə isə bədbəxt, içki düşkünü Hüseyni. Bir-bi­rinin tam əksi olan obrazlardır. Fərqli amplualarda təqdim olunan obrazlarda səhnəyə çıxmaq çətin olmur ki?

– Fərqli amplualarda çıxış etmək çətin­dir. Bir də, bu, rejissorla baglıdır. Aktyo­ru rejissor yönləndirir. O, aktyoru obrazın ruhuna uygunlaşdıra bilirsə, proses ugurlu olur. İlk illərdə mənim üçün bu, çətin idi, çünki təcrübəm yox idi. Ancaq zamanla janrları, ampluaları fərqləndirdim və rahat oldu mənim üçün.

– Dünyaya göz açdığınız Qazax ma­halı həm də şairlər məskənidir. Bəlkə də, bu səbəbdən bəxtinizə xeyli şair ob­razı yaratmaq düşüb. Nazim Hikmətin “Kəllə”pyesində Şair, Cəfər Cabbarlı­nın “Almas”ında Hafizhəngi, Sədihəngi şeirlər quraşdıran Şərifsiniz. Məmməd Səid Ordubadinin “Qılınc və qələm” romanı əsasında hazırlanmış “Qətibə İnanc” tamaşasında Nizami rolunu ifa edirsiniz. Özünüzün necə, duyğu və dü­şüncələrinizi şeirlə ifadə etmək cəhdləri­niz heç olubmu?

– Mən poetik bir insan deyiləm, sadəcə, obrazları ifa eləmişəm, düşüncələrimi ifa­də etmək üçünsə şeirə müraciət etmirəm.

– Sumqayıt teatrında “Bəxt üzüyü” tamaşasında Hüseyn rolunda səhnəyə ilk dəfə siz çıxmısınız...

– Elədir, o obrazı Sumqayıt teatrın­da ilk dəfə mən ifa etmişəm. Çox ugurlu bir tamaşa oldu. Film də tamaşanın ekran inikası idi. Qrimlər, geyimlər də eyni idi. Çox adam elə bilirdi ki, kinoda da mən oy­namışam. Amma filmdə həmin rolu Ayşad Məmmədov canlandırıb.

– Azərbaycan Dövlət Akademik Mil­li Dram Teatrında Xalq yazıçısı Anarın “Dantenin yubileyi” əsəri əsasında ha­zırlanan tamaşada Feyzulla Kəbirlinski rolunu ifa etmisiniz. Səhnədə bir aktyo­ru canlandırmaq necə bir hiss idi?

– Anar öz əsəri barədə deyir ki, mən isdedadsız bir adam haqqında yazmışam. Kəbirlinski də bir aktyor kimi isdedadsız­dır. Bunu səhnədə ifa etmək çətindir. An­caq çox kədərli, insanın qəlbinə toxunan bir obrazdır.

– İfa etdiyiniz obrazlardan hansı sizə daha çox yaxındır?

– Mən ən çox tragikomik obrazları se­virəm. İnsan da, obraz da birtərəfli olmur, xarakterikdir. Xarakterik obrazları oyna­maq da çox çətindir, ancaq belə obrazlar yaradan aktyorlar daha çox yadda qalır. Gənclərə demək istəyirəm ki, çalışın xa­rakterik rollarda səhnəyə çıxın.

– Hamleti, Otellonu oynamaq arzu­suyla yaşadığınız vaxtlarda bir rus rejis­sor sizi bazar satıcısı rolunu ifa etməyə dəvət edib. Necə qarşılamısınız o təklifi?

– Rus rejissor məni filmdə kiçik bir rola çəkilməyə dəvət etdi. Mən də dedim ki, bu rolu istəmirəm, arzumdur ki, Hamle­ti, Otellonu oynayım. Rejisor mənə dedi ki, mənə aktyor lazımdır, sən lazımsan. Mən də razılaşdım.

– Sabir müəllim, ötən əsrin lap son illərində ölkə həyatımızın çətin, xaos və durğunluqla izlənən yaşamı oldu. Bu olaylar teatr sahəsinə də təsirsiz ötüş­mədi. Elə bil hər şeyin sonu çatmışdı. Amma Ulu öndər Heydər Əliyev xalqın tələbi ilə 2-ci dəfə hakimiyyətə gəldi. Bu gəliş bütün sahələrdə olduğu kimi, teatr həyatını da əsaslı şəkildə canlandırdı. Ulu öndərin mədəniyyət siyasəti bu gün ölkəmizin başçısı tərəfindən uğurla, qə­dirbilənliklə davam etdirilir. Bu barədə fikirlərinizi dinləmək xoş olardı... 

– Sovetlər birliyinin dagılması mər­hələsini, xaos dövrünü bizim kumir hesab etdiyimiz aktyorlar çətin keçirirdi. Uygun­laşmaq olmurdu. Səhnə, teatr, maaş yox idi. Ulu öndər gəldikdən sonra teatr sənəti inkişaf mərhələsinə qədəm qoydu.1995-ci ildə “Hökmdar və qızı” səhnəyə qoyuldu və Heydər Əliyev tamaşanı izlədi. Sonra səhnə arxasına keçib xoş təəssüratını bil­dirdi və truppanı Türkiyəyə qastrola gön­dərdi. Eləcə də Heydər Əliyev "Hamlet", "Burla xatun" tamaşalarına da baxmışdır. Bu gün də ölkə başçısı İlham Əliyev, Bi­rinci vitse-prezident Mehriban Əliyeva mədəniyyətimizi çox yüksək dəyərləndi­rirlər. Bir çox tədbirlər, layihələr həyata keçirilir. Zəhmət qiymətini tapır. 2018-ci ildə mənə Xalq artisti adı verilib. 

– Sabir müəllim, necə düşünürsü­nüz, aktyor hansı şəraitdə formalaşır?

– Aktyor ilahi vergi ilə uzun müddət səhnədə qala bilməz. Universitet aktyora sistemi öyrədir, teatra dair biliklərlə tanış edir. Bunsuz ilahi vergi ilə, sadəcə, bir rol oynaya bilərsən. Aktyorun formalaşmasın­da universitetin rolu mühümdür.

– Keçən il teatr forumu keçirildi. Bu yaxınlarda Teatr Xadimləri İttifaqı­nın konfransı oldu. Bunlar milli teatrın daha da inkişafına nə dərəcədə təsir edə­cək?

– Mədəniyyət nazirimiz mədəniyyətə öz sevgisi, qaygısı ilə seçilir. Festivallar, forumlar, ölkələrarası qastrol səfərləri təşkil edilir. Forumda teatrın bir nöpv yol xəritəsi müəyyənləşdi. Konfransda sevimli aktyorumuz Hacı İsmayılov İttifaqa sədr kimi təsdiqləndi. Ümidvarıq ki, peşəkar teatr sənətimiz daha da irəli gedəcək. Yeri gəlmişkən, sentyabrda Akademik Mil­li Dram Teatrı Sankt-Peterburqa qastrola gedəcək, Aleksandrinski teatrı isə Bakıya gələcək.

– Yeni mövsümdə Akademik Milli Dram Teatrı daha hansı yeniliklərlə pər­dələrini tamaşaçıların üzünə açacaq? 

– Teatrımızda 4 tamaşanın hazırlan­ması barədə əmr verilib: Mehriban Ələk­bərzadənin quruluşunda “8 qadın”, “Mü­haribə”, Ərşad Ələkbərovun quruluşunda “Aydın” və Nicat Kazımovun quruluşunda “Ledi Maqbet”. Yəqin ki, mən də bir, iki rolda səhnəyə çıxacam.

– Sizə daha böyük yaradıcılıq uğur­ları arzu eduruk!

Müsahibəni aldı:
Aynur HİLALİ

Müsahibə