Azərbaycan COP29-la bağlı iddialı nəticəyə nail olmaq üçün fəaliyyətini gücləndirməli və iqlim dəyişmələri üzrə Çərçivə Konvensiyasının bütün tərəflərini səfərbər etməlidir.
COP20-nin prezidenti olmuş Manuel Pulqar Vidal mediaya müsahibəsində bu fikrini davam etdirərək bildirib ki, Azərbaycanın COP29-a evsahibliyi etməsi ona təkcə danışıqları təşviq etmək deyil, həm də gələcək nəsillər üçün miras yaratmaq imkanı verir.
M.Vidalın sözlərinə görə, səmərəli maliyyə danışıqlarının aparılması proaktiv addımlar atılmasını və maliyyələşmənin miqyasının qəbul edilməsini şərtləndirir. 2030-cu ilə qədər iqlim və ətraf mühit üçün ən azı 1 trilyon ABŞ dolları investisiya lazımdır.
COP20 prezidenti əlavə edib ki, 190-dan çox ölkənin ehtiyacları və tələbləri arasında balans yaratmaq çətin məsələ olsa da, bu, biznes, hökumət və vətəndaş cəmiyyəti liderləri ilə qarşılıqlı fəaliyyət sayəsində mümkündür.
Göründüyü kimi, Azərbaycan iqlim dəyişikliyi ilə mübarizədə maliyyə öhdəliklərinin yerinə yetirilməsinə xüsusi önəm verir. Prezident İlham Əliyev BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına – COP29-a hazırlıq məqsədilə iyunun 19-da Bakıda keçirilən Yüksək Səviyyəli 29-cu Toplantının iştirakçılarına müraciətində COP29-da 2025-ci ildən sonrakı dövr üçün iqlim maliyyəsi üzrə yeni kollektiv kəmiyyət hədəfinin razılaşdırılması üzrə danışıqlar aparılacağını bildirib. Ölkə rəhbəri daha sonra iqlim dəyişmələri ilə bağlı inkişaf etməkdə olan ölkələrin artan maliyyə ehtiyaclarının ödənilməsinin dünya ölkələri qarşısında duran ümdə vəzifə, ortaq gələcəyə sərmayə, müasir və gələcək nəsillər qarşısında kollektiv məsuliyyət olduğunu vurğulayıb.
Azərbaycan hazırda iqlim dəyişmələri ilə əlaqədar maliyyələşmə danışıqlarının şəffaflıq və inklüzivlik şəraitində irəli aparılması, bundan əvvəl götürülən öhdəliklərin və vədlərin yerinə yetirilməsinin sürətləndirilməsi istiqamətində bütün zəruri tədbirləri görür.
Yeri gəlmişkən, ötən il BƏƏ-də keçirilən COP28 konfransında da inkişaf etməkdə olan ölkələrin ehtiyaclarını və prioritetlərini nəzərə alaraq, iqlimin maliyyələşdirilməsi üçün müzakirələr aparılıb. Bu il keçiriləcək COP29 çərçivəsində isə 2030-cu ilə qədər bərpaolunan qlobal enerji potensialının 3 dəfə və enerji səmərəliliyinin ikiqat artırılması, habelə mədən yanacaqlarından “yaşıl iqtisadiyyat”a keçidin sürətləndirilməsi üzrə öhdəliklərin müzakirə ediləcəyi nəzərdə tutulub.
Azərbaycanda hazırda iqlim dəyişikliyinin mənfi fəsadları ilə mübarizə diqqət mərkəzində saxlanılır, COP29 ərəfəsində bu istiqamətdə mühüm tədbirlər həyata keçirilir və dünya ölkələri bu həyati vacib amala – iqlim maliyyələşməsi kimi iddialı qlobal məqsədlərə çatmağa səfərbər edilir.
Ekspertlərin sözlərinə görə, iqlim maliyyələşməsində hər bir ölkə yeni milli səviyyədə müəyyənləşdirilən töhfə verməlidir və bununla bağlı planlar hazırlanmalı, həmin planlarda əsas prioritet 2035-ci ilə qədər ölkələrin iqlim dəyişikləri ilə mübarizə prinsipləri öz ifadəsini tapmalı, qlobal istiləşmənin 1,5 dərəcə Selsi səviyyəsində saxlamaq məqsədi önə çəkilməlidir.
Bildirilir ki, bu il dünyada “yaşıl enerji”nin maliyyələşdirilməsi üçün təxminən 2 trilyon dollar investisiya qoyuluşu nəzərdə tutulur. Bu göstərici ilə qarşıda duran vəzifənin öhdəsindən gəlinməsinin mümkünsüzlüyü vurğulanır. sərmayə qoyulacağının nəzərdə tutulması da bunun bariz ifadəsidir. Çünki həmin 2 trilyon dolların təxminən 85 faizinin inkişaf etmiş iqtisadiyyatlara və Çinə yatırılacağı gözlənildiyindən və vəsaitin cəmi 15 faizinin dünya əhalisinin üçdə ikisindən çoxunun yaşadığı inkişaf etməkdə olan ölkələrə sərmayə kimi qoyulması planlaşdırıldığından problemin həllinin bundan sonra da yubanılacağı heç bir şübhə doğurmur.
İqlim maliyyələşməsini şərh edən ekspertlərin fikrincə, təkcə inkişaf etmiş iqtisadiyyatlarda və Çində iqlim maliyyəsini artırmaqla problemi həll etmək mümkün deyil. Asiya, Afrika və Latın Amerikasında böyük miqdarda emissiya var. Ona görə də kritik bir vəziyyətin aradan qaldırılması COP29-da ciddi müzakirə edilməli, maliyyələşdirmənin həll yolları tapılmalıdır.