İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) “Green Talk” layihəsi çərçivəsində növbəti təlim keçirilib. “İslahat könüllüləri”nin təşəbbüsü ilə İİTKM-in Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi Yusif Məmmədov ”Davamlı inkişaf və “yaşıl bank”çılıq” mövzusunda təqdimatla çıxıb edib.
Y.Məmmədov gənclərə “yaşıl bank”çılıq anlayışı, onun əsas prinsipləri və komponentləri, “yaşıl bank”çılığın ekoloji, iqtisadi-sosial faydaları, yeni texnologiyaların tətbiqi haqqında ətraflı məlumat verib. Həmçinin “yaşıl bank”çılıqla ənənəvi bankçılığın fərqləri və üstünlükləri haqqında danışıb.
Təqdimat zamanı Y.Məmmədov tələbələrə “yaşıl bank”çılıq sahəsində ABŞ, Almaniya, Çin, Yaponiya və digər ölkələrin təcrübələrini bölüşüb və müxtəlif ölkələrin, maliyyə institutlarının enerji səmərəliliyi və “yaşıl bank”çılıq layihələrinə olan investisiyalarını təqdim edib.
Təlimdə Azərbaycanda “yaşıl bank”çılığın inkişafı, mövcud vəziyyəti və perspektivləri ilə bağlı əsas məqamlar da izah olunub. İnteraktiv keçən görüşdə gənclərin mövzu ilə bağlı fikirləri dinlənilib, sualları cavablandırılıb.
Qeyd edək ki, “Green Talk” layihəsinin əsas məqsədi “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ölkədə “yaşıl düşüncə”nin formalaşmasına dəstək olmaqdır.