Bir qrup jurnalist mükafatlandırıldı

post-img

Azərbaycan Jurnalistlər Birliyi (AJB) ölkə mətbuatında, teleradioda, elektron mediada çalışan bir qrup jurnalisti 2024-cü il üçün Həsən bəy Zərdabi mükafatı ilə təltif edib. “Atatürk Mərkəzi”ndə keçirilən tədbirdə çıxış edən AJB-nin sədri Elçin Şıxlı peşəkar jurnalistlərin ölkənin ictimai-siyasi, mədəni həyatındakı rolundan bəhs edərək “Həsən bəy Zərdabi” laureatlarını təbrik edib. 

Bakı Dövlət Universitetinin professoru, filologiya elmləri doktoru Qulu Məhərrəmli milli mətbuat günü ərəfəsində verilən mükafatın önəmindən, Həsən bəy Zərdabi irsinə sədaqətin vacibliyindən söhbət açıb.

Daha sonra “Şərq qəzeti”nin baş redaktoru Akif Aşırlı, “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev çıxış edərək jurnalistikanın prinsiplərindən söhbət açıblar.

Daha sonra mükafatlar təqdim edilib. 

Beləliklə, Müsəllim Həsənov (İctimai Televiziya) “XX yüzillik, faktlar, hadisələr, insanlar” televiziya layihəsinə, Zöhrə Əliyeva (“Mədəniyyət\Culture” jurnalı”) çağdaş mədəniyyətimizə həsr edilən müəllif yazılarına, Nadir Məmmədli (AMEA Nəsimi adına Dilçilik İnstitutu) mətbuatda ana dlinin problemləri ilə bağlı aktual yazı və çıxışlarına görə Həsən bəy Zərdabi mükafatı ilə təltif ediliblər.

Həmçinin regionda aparılan böyük quruculuq işlərindən bəhs edilən məqalələrinə görə AJB Şərqi Zəngəzur təşkilatının sədri Qafqaz Əvəzoğlu, “On yeddi illik mücadilə. Azərbaycanda sovet işğalına qarşı milli müqavimət hərəkatı (1920-1937)” və “Erməni terroru və Qriqoriyan kilsəsi” kitablarının müəllifi, “Xalq qəzeti” nin əməkdaşı, “1875.az” xəbər portalının baş redaktoru Anar Turan, mətbuatda ölkənin ictimai-siyasi həyatının mühüm aspektlərini işıqlandıran yazılarına görə “Yeni Müsavat” Media Qrupun əməkdaşı Elşad Paşasoy da mükafatlandırılıb.

Rizvan Fikrətoğlu
XQ



Mədəniyyət