Qədim türk yurdu-Canəhməd kəndi

post-img

Canəhməd kəndi rayon mərkəzi Basarkeçər şəhərindən 15 kilometr şimal-şərqdə yerləşir. Kəndin dəniz səviyyəsindən hündürlüyü 2100 metrdir.

Canəhməd kəndi üçün soyuq iqlim tipi səciyyəvidir. İlin 7 ayı soyuq keçir. Kənd münbit torpaq resurslarına, bol içməli su ehtiyatlarına, zəngin və gözəl təbiətə malikdir. Təbiətinə görə Göyçə mahalının ən gözəl kəndlərindən biridir. Sovet hakimiyyəti dövründə kəşfiyyat işləri aparılsa da, yeraltı təbii ehtiyatlar aşkar edilməmişdir.

Canəhməd kəndi qədim tarixə malikdir. Göyçə mahalının, o cümlədən Canəhməd kəndinin tarixi 1988-ci ilə qədər çox zəif tədqiq olunmuşdu.Bu istiqamətdə sistemli tədqiqatlar 1988-ci ildən sonra başlamışdır. Son dövrlərə qədər kəndin ərazisində heç bir arxeoloji qazıntı aparılmamışdı. Ona görə də hələlik qədim Göyçənin Canəhməd kəndinin ən qədim tarixi haqqında dəqiq məlumat vermək mümkün deyil. Lakin apardığımız araşdırmalardan bu nəticəyə gəlmək olar ki, kəndin ərazisində ən azı e.ə.I minilliyin ortalarından  bu yana fasilələrlə müxtəlif türk tayfaları yaşamışlar. 

Kənddə yaşamış sonuncu nəsil türk-azərbaycanlı əhali kəndi ilk olaraq Sultanəli qışlağı ( Sultanəliqışlaq) adlandırmışlar. XVII əsrin ikinci yarısı- XVIII əsrin ikinci yarısında kəndin ətrafındakı dağlar yaylaq, kəndin öz ərazisi isə qışlaq olmuşdur. Şimali və Cənubi Azərbaycanın, Şərqi Anadolunun müxtəlif yerlərindən buradakı dağlara yaylağa gələrlərmiş. Kəndin yerləşdiyi ərazidən qışlaq kimi istifadə edənlərdən biri də Sultanəli adlı varlı bir kişi olmuşdur. Kəndin ilk adı da həmin şəxsin adı ilə bağlıdır. 

Kəndin ikinci adı isə Qarapapaqlar etnoqrafik qrupunun qollarından biri olan Canəhmədli oymağının adı ilə bağlıdır. Qarapapaqlar ( tərəkəmələr) Azərbaycan türklərinin daha çox tanınmış etnoqrafik qruplarından biridir. Onlar 4 dövlətin: Gürcüstan, Azərbaycan, Türkiyə və İranın ərazisində yaşamışlar. Qarapapaqlar eyni zamanda qıpçaq və oğuz  türklərinin maddi-mənəvi dəyərlərini daşıyan və inkişaf etdirən bir türk boyudur.

Tarixi qaynaqlardan məlumdur ki, Qarapapaqlar tayfa ittifaqının tərkibindəki ən böyük oymaqlardan(tayfalardan) biri də “ Canəhmədli “( Canəhmədi) oymağı olmuşdur. Qarapapaqların tarixən daha çox yayıldığı yerlər Borçalı, Qazax, Şərqi Anadolu və Cənubi Azərbaycanın Urmiya gölü ətrafı- xüsusilə də Sulduz mahalı olmuşdur.Kəndimizə gələn tayfa, nəsil və ailələrinin çoxu bu bölgələrdən gələn “ Canəhmədli” oymağından olduğundan onlar bir müddət sonra kəndi onun erkən Sultanəli qışlağı adı ilə yanaşı, həm də “Canəhməd” adlandırmağa başlamışlar.Bu toponimlər bir müddət yanaşı işlənmiş, tədricən Canəhməd adı Sultanəli qışlağı toponimini sıxışdıraraq kəndin əsas adı kimi möhkəmlənmişdir.

Kəndin adı XVIII əsrin 50-ci illərindən XIX əsrin ortalarına qədər Sultanəli qışlağı şəklində, həmin vaxtdan başlayaraq 1921-ci ilədək həm Sultanəli qışlağı, həm Canəhməd şəklində, 1921-ci ildən Canəhməd şəklində işlənmişdir. 1969-cu ildə erməni millətçiləri kəndin qədim tarixi adını itirmək üçün kəndin adını süni şəkildə dəyişdirib Günəşli qoysalar da, kənd əhalisinin əksəriyyəti kəndin adını Canəhməd şəklində işlədir.

Canəhməd kəndinin ərazisi şimalda Azərbaycan respublikasının Daşkəsən rayonu, şimal-şərqdə və cənub-qərbdə Böyük Məzrə kəndinə məxsus ərazilərlə, qərbdə Qaraiman kəndi ilə, cənubda isə Ağyoxuş kəndi ilə həmsərhəddir. Qarasu ( Canəhməd) çayının hər iki sahilində yerləşir. Üç tərəfdən dağ və təpələrlə əhatə olunub.

Qədim tarixə malik Canəhməd kəndi həm Göyçə gölünə nisbətən yaxın mövqedə yerləşdiyinə, həm Daşkəsən və Gədəbəy rayonları ilə birbaşa sərhədləşdiyinə, Kəlbəcər rayonuna yaxın məsafədə yerləşdiyinə, habelə dağ yolu ilə Göyyurd, Qaşqaçay və Xoşbulaq vasitəsilə tarixən Azərbaycanın ən böyük iqtisadi, siyasi və mədəniyyət mərkəzlərindən biri olmuş Gəncə şəhərinə gedən əlverişli kəsə yolun ( burada Şahdağ silsiləsi alçalır və  keçid üçün əlverişli çökəklik yaradır) üstündə yerləşdiyinə görə mühüm mövqeyə malik bir məntəqə idi. Bundan başqa, şirin su mənbələrinin, o cümlədən keyfiyyətli suyu olan bulaqların, əkin üçün yararlı torpaqların, gözəl otlaqların, təmiz havasının olması onun ərazisini insan yaşayışı üçün əlverişli bir məkana çevirmişdi. Bu göstərilən amillər Canəhməd kəndinin ərazisinin erkən dövrlərdən məskunlaşmasını şərtləndirmişdi.

Qərbi Azərbaycanın başqa bölgələri kimi, Canəhməd kəndi də ən qədim dövrlərdən müxtəlif türk tayfalarının ata-baba yurdu olmuş, onların izləri çoxlu yeraltı və yerüstü maddi mədəniyyət nümunələrində günümüzə qədər gəlib çıxmışdır. Təəssüf ki, maddi mədəniyyət nümunələrinin bir hissəsi tarix boyu bir-birini əvəz edən müharibələr nəticəsində, bir hissəsi bu yerlərə  köçürülüb gətirilmiş ermənilər tərəfindən məhv edilmiş, izi itirilmiş, bir hissəsi isə erməniləşdirilərək mənimsənilmişdir. Bu maddi mədəniyyət nümunələrinin sırasında qədim yaşayış yerlərinin qalıqları, qədim qəbirlər, at və qoç heykəlləri, yazılı daşlar, o cümlədən baş daşları, ocaqlar, küplər var.

Bu yurdun əsasının oğuz türkləri tərəfindən qoyulmasını elə kəndin özündə tapılan maddi dəlillər  təsdiqləyir. Belə ki, Canəhməd kəndinin ərazisinin müxtəlif yerlərində, daha çox isə kənddən axıb keçən Qarasu çayının dərəsi boyu Yumru təpədən Sarı xrama qədər və Yumru təpədən Qaraqoyunlu əkin yeri istiqamətində, həmçinin kəndin Yuxarı dərəyə yaxın şimal-şərq hissəsində çoxlu saxsı küplər tapılmışdır.

Azərbaycanın, o cümlədən Qərbi Azərbaycanın ərazisində yayılmış küp qəbirlər mədəniyyəti e.ə. I minilliyin ortalarından bizim eranın VIII əsrinədək olan böyük bir zamanı əhatə edir.Canəhməd kəndinin ərazisində tapılmış küplərin çoxu qırmızı və boz rəngdə idi. Bu da küp qəbirlər mədəniyyəti üçün səciyyəvi olan xüsusiyyətlərdəndir. Kəndin ərazisindəki saxsı küplərin içərisində çox hallarda insan sümükləri, bəzi hallarda isə taxıl qalıqları tapılrdı. Sədr İbrahimin vaxtında kəndin köhnə məktəbindən 30-40 m qərbdə su borusunun keçməsi üçün kanal qazılarkən toplu halında çoxlu insan sümükləri tapılmışdı. Kənd ağsaqqalları danışardılar ki, Abbasov Bahadurun həyətyanı əkin sahəsi, İbrahimov Qədirin kənd məktəbi tərəfdəki əkin sahəsi, Yusibov Bayraməlinin əkin yerinin  kənd məktəbinə doğru olan hissəsi və məktəbin voleybol meydançasını əhatə edən ərazi böyük bir oğuz-alban qəbristanlığı olmuşdur. Bu qəbirlərin bir hissəsi üstündə sinə daşları (sənduqələr) olan oğuz qəbirləri idi. Digərləri isə üstündə aypara şəklində xaçlar olan insan boyu hündürlüyündə alban türklərinin qəbirləri olmuşdur. Qəbirlərin bəziləri pilləli olub. Bu qəbirlərin baş daşları Basarkeçər rayonunun Böyük Məzrə və Zod kəndlərində tapılmış yazılı alban baş daşları ilə eyniyyət təşkil edirlərmiş.

Araşdırmalar göstərir ki, alban xaçlarının yaranmasında hələ xristianlıqdan çox-çox qabaq qədim türk tayfalarının böyük rolu olmuşdur. Belə ki, alban xaçları xristianlığa qədərki elementlər və dini ayinlərlə birbaşa bağlıdır.Alban xaçları üzərindəki xristian-bütpərəst kompozisiyalar bir xalq içərisində müxtəlif dinlərin olması nəticəsində yaranmışdır. Qərbi Azərbaycanın müxtəlif yerlərində aşkar edilmiş xaçdaşlar, alban xaçdaşlarının Yenivəng (Qərbi Azərbaycan ərazisindəki eyniadlı monastrın adı ilə bağlıdır, ermənilər adını dəyişib Noravank adlandırıblar) qrupuna aiddirlər. Bu qrup xaçdaşların səciyyəvi cəhətlərindən biri xaçın təpəsində və əsasında kişi təsvirinin olması, onun başı üzərində isə ay, çox güman ki, mitraist haçaların ( ayparaların) yerləşməsidir.

Əksəriyyətlərinin üzərində alban yazıları olan bu xaçdaşları əraziyə ermənilərin köçürülməsindən sonra ya tamamilə məhv edilmiş, ya da alban yazıları sındırılaraq daşların tarixi əhəmiyyəti öldürülmüşdür.

Alban xaçdaşlarının erməni xaçkarlarından əsas fərqi onların təsvirlərində dekorativ sənət nümunələrindən, müxtəlif ornamentlərdən və digər bəzək nümunələrindən geniş istifadə olunmasıdır.Erməni xaçkarlarının dövrümüzə qədər olan bütün nümunələri sadə formada olub, öz xüsusiyyətlərinə görə bədii sənət nümunələri sayılmırlar.İkinci fərq isə alban stelalarında hündürlüyün enə nisbətinin ikidən beşə  və daha çox olması idi. Erməni xaçkarları daha yığcam nisbətlərdə yaradılırdı (əksər hallarda bu nisbət 1,25-dən 1,75 aralığında olurdu). 

Kəndin yaxınlığındakı Dik təpəsinin döşündəki qəbristanlığın alt qatından çıxan sümüklər buranın da qədim qəbristanlıq yeri olduğunu sübut edir.

Kəndin Yuxarıdərəyə yaxın yuxarı ( şimal-şərq) hissəsində kənd sakini Aydın müəllim özünə təzə ev tikmək üçün him( bünövrə) qazanda bir neçə iç-içə geyindirilmiş küp tapmışdı. Bu küplərin böyüklərinin içərisində insan sümüklərinin qalıqları, kiçiklərində isə az miqdarda taxıl qalıqları aşkar edilmişdi. 

Kənd ağsaqqalları və ziyalıları məlumat verirlər ki, kəndin ətrafındakı Yuxarıdərə, Abbasölən və Səngərli adlanan yerlərdə də oğuz qəbirlərinə rast gəlinirmiş. Bu qəbirlər adi qəbirlərdən xeyli uzun imiş.

Canəhməd kəndindən keçən Qarasu çayının kənarında, kənd dükanından təxminən 60 m məsafədə, Balayev Fəncinin həyətyanı əkin sahəsindən bir az aşağıda XX əsrin 60-cı illərinə qədər toxunulmamış qalan daş kitabə var idi. 1965-ci ildə həmin daş kitabə o zamankı Basarkeçər (Vardenis) RPK-nin I katibinin göstərişi ilə ermənilər tərəfindən Basarkeçərdəki erməni qəbristanlığına aparıldı. Bu kitabənin V-VI əsrlərə aid olduğunu Ermənistan Tarixi Abidələrinin Qorunması və Bərpası üzrə Dövlət Komitəsinin əməkdaşları tərəfindən rəsmən təsdiq olunmuşdur. Kəndin silos quyusunun yanında üstündə yazılar olan daş kitabə, eləcə də kənd sakini  Alıyev İdrisin evinin yanında üstü yazılı iki daş kitabə var idi. Üstündə alban xaçı və yonulmuş naxışlar olan uzunluğunun eninə nisbəti  1,5 x 1,2 m olan bir daş da kənd sakini Quliyev Nəsibin evinin yanında idi. 

 Məmmədalı kişinin birinci dəyirmanının püştəsində üstü ornamentlərlə bəzədilmiş bir göy daş var idi. 

 Qara təpədə, Ağdaşın bulağının yanında üstündə alban xaçı olan ağ daş var idi. Üstündə alban xaçı olan daha bir göy daş da Quliyev Yusifin evinin yanında idi. 

 Azərbaycan xalqının totemik inamları arasında ata inam xüsusi yer tutmuşdur. Tarixi mənbələr göstərir ki, xalqımız arasında at həmişə insanın şərəfi, qəhrəmanlığı və qələbəsinin rəmzi olmuşdur. Keçmişdə Azərbaycanda dəfn edilən hər hansı qəhrəmanın məzarı üstünə daşdan yonulmuş at fiqurunun qoyulması bunun  canlı timsalıdır. Göyçə mahalının müxtəlif yerlərində, o cümlədən Canəhməd kəndində rast gəlinən at fiqurları atın el arasında nə qədər müqəddəs bir heyvan sayıldığını göstərir. Ağsaqqalların danışdığına görə, Canəhməd kəndinin ətrafındakı yerlərdə keçmişdə çoxlu daş at fiqurları olmuşdur.Son dövrlərə onlardan biri qalmışdı. Sarıyolun üstündə idi. Qara daşdan düzəldilmişdi. Uzunluğu təxminən 1,5 m, hündürlüyü 85 sm, eni isə 35 sm idi. Bu at heykəlini ermənilər Sarıyolun altında tunel qazanda gecələrin birində xəlvəti apardılar.

Daş-qoç fiqurlarına Azərbaycanın ən ucqar rayonlarından tutmuş, şimal-qərbinədək bir çox yerlərdə rast gəlirik. Bu fiqurlara Qərbi Azərbaycan ərazisində daha çox təsadüf olunur. Dadlı ətinə, məişətdə müxtəlif ləvazimat və geyim məqsədilə istifadə edilən əvəzsiz dərisinə, gözəl yununa görə qoç çox qədimdən ulu babalarımız üçün bolluq, bərəkət, qüdrət və qələbə simvoluna çevrilmişdir.

Daş qoç fiqurlarının keçmişdə el arasında totem xarakteri daşıması haqqında məlumatlar çoxdur. Bu gün daş qoç fiqurları  həm də bədii xüsusiyyətlərinə görə bizi maraqlandırır. Daş qoç fiqurları yarandığı mühitin təbiətindən, daşından və ənənəsindən asılı olaraq, o yerin bədii sənət üslubu haqqında maraqlı məlumatlar verir.

Orta əsrlərdə qoç təsviri Ağqoyunlu ( ağ qoç) və Qaraqoyunlu ( qara qoç) dövlətlərinin bayraqlarında təsvir olunmuşdu. 

Canəhməd kəndində də daş qoç fiqurları olmuş və onların bəziləri son dövrlərə qədər qorunub saxlanmışdı. Məsələn, Ocaq təpəsinin ətəyində, kalafaların yanında qoç heykəli ( qoçdaş) var idi. Başı sınmışdı, qalan hissəsi isə dururdu. Qoçdaş da sonralar yoxa çıxdı. Ermənilər onu da xəlvətə salıb aparmışdılar.

1826-1829-cu illərdə baş vermiş Rusiya- Qacarlar və Rusiya- Osmanlı müharibələrinin gedişində Göyçə mahalında dağıdılmış 108 yaşayış məntəqəsindən 67-nin, o cümlədən Sultanəli qışlağı kəndinin adı çəkilir. Deməli, tarixi mənbələrdə Canəhməd kəndinin adı Sultanəli qışlağı kimi ilk dəfə İ.Şopenin “Исторический памятник состояния армянской области в эпоху ее присоединения к Российской империи” əsərində 1829-1832-ci illər siyahıyaalması ilə bağlı çəkilir. Kəndin tayfa-nəsil şəcərələrinin bərpası isə kəndin indiki nəslinin əcdadlarının burada təxminən XVIII əsrin 50-ci illərində oturaqlaşdığını deməyə əsas verir. Lakin yuxarıda gətirdiyimiz dəlilləri nəzərə almaqla, kəndin yerləşdiyi ərazinin təqribən e.ə. I minilliyin ortalarından  başlayaraq müxtəlif türk ( daha çox oğuz) tayfalarının davamlı oturaq məkanı olduğunu təsdiqləmək olar. Qeyd etmək lazımdır ki, kəndimizə gələn tayfa və nəsillərin əksəriyyəti hələ buraya gəlməzdən əvvəl simsar olmuşlar. Araşdırmalar həm də onu göstərir ki, kənd əhalisinin bugünkü nəslinin kənddə məskunlaşan ulu babalarının kəndimizdə ən qədim dövrlərdə yaşamış əzəli əhali ilə birbaşa qırılmaz bağlılığı olmuşdur. Bunu tarixi mənbələr və xalq yaddaşı sübut edir. Müəyyən tarixi proseslər: müharibələr, dini təqiblər və s. nəticəsində kəndin əzəli əhalisinin nəsilləri oradan müxtəlif yerlərə dağılsa da, kənd ilə bağlılıq tarixən itirilməmiş, əhali buranın öz ata-baba yurdu olduğunu yadda saxlamış, buraya gedib-gəlmiş (məsələn yaylağa) və nəsillərin arasıkəsilməzliyi saxlanmışdır. Əlverişli tarixi şərait yaranan kimi yenə buraya köçüb qayıtmışlar.

Kəndin tayfa-nəsil şəcərəsinə və kənd ağsaqqallarının məlumatlarına əsaslanaraq demək olar ki, Canəhməd kəndinə  təxminən eyni vaxtda gələn və kəndin əsasını qoyan ilk tayfalar bunlardır: Dıqqı Süleymanlar, Əkbərlilər, Qadmalılar, Ağalıqlar, Əlililər, Yekə Hüseynlilər, Bədəllilər. Digər tayfa, nəsil və ailələr kəndə nisbətən sonrakı dövrdə gəlmişlər. Kənddə ümumiyyətlə, irili-xırdalı 23 tayfa mövcud olmuşdur: Bədəllilər,Kürdlər, Məhərrəmlilər, Yekəhüseynlilər, Qadmalılar, Məşədicabbarlılar, Əlililər, Qaraoruclular, Çəkməlilər, Seyidhəmzəlilər, Seyidəlililər, Dəliqurbanlılar, Əkbərlilər, Novruzlular, Abdullalılar, Mollalar, Tatlar, Hovallılar, Dıqqısüleymanlılar, Nəzərlilər, Ağalıqlar, Kalvayımuxtarlılar, Kalvayıqululular. 

Sultanəli qışlağı XVIII əsrin əllinci illərindən 1828-ci ilədək İrəvan xanlığının Göyçə mahalının tərkibində olmuşdur.

1828-ci il martın 21-də İrəvan xanlığı ləğv edilmişdir. Elə həmin vaxt yaradılan keçmiş Naxçıvan və İrəvan xanlıqlarından ibarət olan Erməni vilayətinin idarəçiliyinə Sultanəli qışlağı verilməyib, çünki o, dağıdılmış vəziyyətdə olub. Lakin tezliklə -1833-cü ildə əhalisi öz doğma kəndlərini bərpa edib. XIX əsrin ortalarından  kənd həm də “ Canəhməd” adlandırılmağa başlanıb.

2017-ci ildə Nazir Əhmədli tərəfindən tərcümə və çap edilən “Göyçə mahalının kameral təsviri”nə görə 1842-ci ildə Sultanəli qışlağı kəndində artıq qarapapaqlar tayfasına məxsus olan 15 ailə-təxminən 90 nəfər azərbaycan türkü yaşayırdı.

1849-cu ildə Çar Rusiyası tərəfindən İrəvan quberniyası yaradılanda onun tərkibindəki inzibati vahidlərdən biri də Yeni Bayazid (Novobayazet) qəzası oldu. O vaxtdan Sultanəli qışlağı (Canəhməd) kəndi də Yeni Bayazid qəzasının kəndləri sırasına daxil oldu.

Canəhməd kəndinin əsası qoyulduqdan bir müddət sonra kənddə ağalıq idarə-üsulu  mövcud olmuşdur. Kəndin rəiyyət və rəncbərləri ağaların təsərrüfatlarında müxtəlif mükəlləfiyyətlər yerinə yetirər, biyara gedər, onlara vergi verərlərmiş. Göyçənin Zod və Böyük Məzrə kimi iri kəndləri də daxil olmaqla XIX əsrin 40-cı illərinin sonu-50-ci illərinin birinci yarısında ağalara və bəylərə qarşı güclü çıxışlar başladı. Canəhməd kəndinin əhalisi də kənd ağalarına qarşı fəal çıxış edirdi. Bu çıxışlardan biri kimi XIX əsrin 50-ci illərinnin  ortalarında Canəhməd kəndinin əhalisinin şikayətə getməsini qeyd etmək olar. Kənd əhalisi yığıncaq keçirərək eyni zamanda həm dövlətə, həm də ağalara vergi verilməsinin yolverilməz olması qərarına gəlmiş və Yeni Bəyazid qəzasının mərkəzi Kəvərə şikayətə getmişlər. Kənd əhalisi qəzanın pristavı (polis idarəsi rəisi) ilə görüşmüş və kənd ağalarına verilən vergilərin ləğv olunmasını tələb etmişlər.Bundan sonra ağaların kənd əhalisi üzərində hakimiyyəti məhdudlaşdırılmış, əhali yalnız dövlətə vergi ödəmişdir.

Kolxoz quruluşuna qədər kənddə xüsusi( fərdi) təsərrüfat mövcud idi. Canəhməddə kolxoz 1930-cu iln yazında yaradılmışdır.1950-ci illərin əvvəllərində Sovet hökuməti xırda kolxozları iri kolxozlarda birləşdirdi. Bu zaman -1950-ci ildə Canəhməd kolxozu Ağyoxuş, İnəkdağı və Subatan kolxozları ilə birləşdirildi.Lakin bu eksperiment uğursuz oldu.Belə olduqda iri kolxozlar ləğv olundu, kiçik kolxozlar yenidən bərpa olundu. İnəkdağı və Subatan kolxozları ayrıldı, Canəhməd və Ağyoxuş isə 1988-ci il deportasiyasına qədər bir kolxozun tərkibində qaldılar.

Canəhməd  kəndi həm də sovetlik mərkəzi idi. Canəhməd, Qaraiman, Ağyoxuş və İnəkdağı kəndləri Canəhməd sovetliyinə daxil idilər.

Erməni tarixçisi Zaven Korkodyanın “ Sovet Ermənistanının əhalisi yüz ildə: 1831-1931” , “ İrəvan-1932” (ermənicə) kitabında müəllif rəsmi mənbələrə istinadən təqdim etdiyi məlumatda kəndi “ Canəhməd” adlandırır və burada 1873-cü ildə 245 azərbaycan türkünün yaşadığını göstərir.Elə həmin kitabda verilən məlumatlara görə, 1886-cı ildə kənddə 348 nəfər, 1897-ci ildə 442 nəfər, 1908-ci ildə 422 nəfər, 1914-cü il- Birinci Dünya müharibəsi ərəfəsində isə 523 nəfər azərbaycan türkü yaşamışdır.

1905-1907-ci illər qaçqınlığı dövründə əhali kəndi tərk etməmiş, yerində qalmışdır.

1919-cu ilin aprelində erməni quldur dəstəsi kəndə hücum edib onu dağıtmış, əhalinin bütün var-dövlətini aparmışlar. Salamat qalanlar Gəncəbasar zonasına və Gədəbəyə pənah gətirmişlər.

Ermənistanda 1920-ci il noyabrın 29-da sovet hökuməti qurulduqdan sonra sabitlik yarandı.Sovet hökuməti geri qayıdacaq azərbaycanlı əhalinin təhlükəsizliyinə təminat verdikdən sonra 1921-ci ilin yazından başlayaraq qaçqın düşmüş əhalinin bir qismi tədricən öz doğma yurdlarına qayıtdı. Zaven Korkodyana görə, 1922-ci ildə Canəhməd kəndində 194 nəfər, 1926-cı ildə 335 nəfər, 1931-ci ildə isə 383 nəfər azərbaycan türkü yaşayırmış. Ermənistan SSR hökumətinin rəsmi siyahıyaalmasına görə, 1939-cu ildə kənddə 339 nəfər, 1959-cu ildə 337 nəfər, 1979-cu ildə 599 nəfər azərbaycan türkü yaşamışdır.

1949-cu ilin payızında canəhmədlilərin bir hissəsi- təxminən on ailə Azərbaycan SSR-in Daşkəsən rayonuna deportasiya olunurlar. Lakin, oraya uyğunlaşa bilməyib gələn ilin yazında geriyə- doğma kəndlərinə qayıdırlar.

Kənddə tam orta onillik məktəb, mədəniyyət evi, kitabxana, tibb və iaşə məntəqələri, magaza var idi. 

Kənd sakini Fənci Balayevin həyətyanı əkin sahəsindən aşağıda məscid tikmək məqsədilə tökülmüş daşlara əhali məscid daşı deyirdi. Kənd camaatı bu daşları İnəkdağı yaxınlığındakı Sarıtəpədən gətirmişdi. Sovetləşmə məscid tikilməsinə imkan verməmişdi. Sonralar- 1965-ci ildə həmin daşlardan kənd mağazasının tikilməsində istifadə olundu.

1988-ci ilin əvvəllərində kənddə 666 nəfər əhali yaşayırdı. 1988-ci ilin noyabr-dekabr aylarında erməni millətçiləri kənd əhalisininin evlərini və var-dövlətlərini əllərindən almış, özlərini isə qovmuşlar. 

Canəhməd toponimi 1969-cu il iyulun 3-də Günəşli toponimi ilə əvəz olunmuşdur. Ermənistan parlamentinin 1991-ci il 9 aprel tarixli qərarı ilə Günəşli adı da ləğv olunmuş, kənd Kutakan adlandırılmışdır. Tarixən bir nəfər də erməninin yaşamadığı , əhalisi yalnız azərbaycan türklərindən ibarət olan qədim Canəhməd kəndində hazırda yalnız ermənilər yaşayır.

Kəndin məhəllələri əvvəllər həmin məhəllədə yaşayan tayfanın adı ilə bağlı idi. Son dövrdə kənddəki məhəllələr bunlar idi: Yuxarı məhəllə, Orta məhəllə, Aşağı məhəllə, Təzə məhəllə.

Kəndin toponimləri.

Dağlar: Buğda dağı, Marallı, Qırmızı Güney, Quzey, Çataq.

Təpələr: Ocaq təpəsi, Köhnə Ocaq təpəsi, Yumru təpə, Uzun təpə, Sarı xram, Göyçək daşlıq, Böyük Səngərli, Bala Səngərli, Tığ təpəsi, Quş təpəsi, Dik təpəsi.

Yollar: Qaraiman yolu, Ağyoxuşa gedən yol, Böyük Məzrəyə gedən yol, Yal yolu, Sarı yol, Təzə yol, Güllü bulağa çıxan yol, Çoban yolu, Qafilə yolu, Qaşqabulağa çıxan yol.

Dərələr: İncəsunun dərəsi, Naziksunun dərəsi, Camışbatanın dərəsi, Sarıyolun dərəsi, Nənoy bulağının dərəsi, Təzəyolun dərəsi, Şorağanlının dərəsi, Qaraqırcılın dərəsi, Qarabulağın dərəsi, Böyük Səngərlinin dərəsi, Qərmızının dərəsi. 

Qaya adları: Namazvurulan qaya, Cinli qaya, Dik qaya, Dam qaya, Astanın arxacının qayası, Haça qaya, Qara qaya, Qartal qayası.

Gözə adları: Qədirin gözəsi, Dəyirmi gözə, Çimli gözə, Kalvayı Qulu bulağının gözəsi, Camışbatanın gözəsi.

Arxac adları: Qara arxac, Astanın arxacı, Tatın yalının arxacı, Əbdüləzimin arxacı.

Bulaq adları: İncəsunun bulağı, Naziksunun bulaqları, Abbasölənin bulağı, Kalvayıqulu bulağı, Sarıyolun bulağı, Xoruz bulağı, Təzəyolun bulağı, Güllü bulaq, Çayanlının bulağı, Çənlinin bulağı, Lilparlı bulaq, Nənoy bulağı, Kor bulaq, Zağanın bulağı, Durnalının bulağı, Daş bulaq, Möysümün bulağı, Ağsu bulağı.

Anatoli Orucov

Qərbi Azərbaycan İcması Basarkeçər rayonu Canəhməd kənd icmasının sədri



Mədəniyyət