Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən qeyri-hökumət təşkilatları üçün mədəni və yaradıcı sənayelərin təşviqi üzrə elan olunmuş qrant müsabiqəsi ilə bağlı açıq infosessiya keçirildi.
İnfossesiya çərçivəsində nazirlik nümayəndələri və Müsabiqə komissiyasının üzvləri tərəfindən iştirak şərtləri, prioritet istiqamətlər, müxtəlif mövzular və layihə təklifi ilə bağlı tələblər barədə ətraflı məlumat verildi. Bildirildi ki, qrant müsabiqəsinin əsas istiqamətlərini mədəniyyət və yaradıcı sənayelərin inkişafına dair layihələr, mədəniyyət sahəsində rəqəmsal həllərə dair layihələr, yerli animasiyanın dəstəklənməsinə dair layihələr və kino sənayesində instutisional islahatlara dair layihələr təşkil edəcək. Layihə təklifinin müddəti 3 ay nəzərdə tutulub. Maksimum məbləğ isə 30 min manatdır.
Qeyd edək ki, Mədəniyyət Nazirliyi tərəfindən 4 iyul 2024-cü il tarixində qeyri- hökumət təşkilatları üçün mədəni və yaradıcı sənayelərin təşviqi üzrə qrant müsabiqəsi elan olunub. Müsabiqənin əsas məqsədi Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın Tədbirlər Planının icrası istiqamətində görülən işlər, mədəni və yaradıcı sənayelərin, həmçinin mədəni və innovativ cəmiyyətin inkişafı üçün müasir dövrün çağırışlarına cavab verən layihələrin həyata keçirilməsi və bu prosesdə vətəndaş cəmiyyəti təşkilatlarının rolunun artırılmasıdır.
Müsabiqəyə müraciət üçün son tarix 2 avqust 2024-cü ildir. Sənədlərin qəbulu “grants.culture.az” internet resursu üzərindən elektron formada həyata keçirilir.
Fidan SALMANOVA
Elşən AĞALAROV (foto)
XQ